Jurnalist və tədqiqatçı Peter Tasenin Naxçıvana həsr etdiyi və dekabrın 19-da “foreignpolicynews.org”, dekabrın 20-də isə “eurasiareview.com” informasiya portallarında yerləşdirdiyi məqaləni təqdim edirik.
Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan torpağı olan Naxçıvanın ərazisi dünyanın ən qədim sivilizasiya və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı Naxçıvanda qədim və zəngin mədəniyyət yaratmışdır. Bu gün də bu ənənə davam etdirilir. Azərbaycan xalqının milli tarixinin, elmi və zəngin mədəni irsinin formalaşmasında Naxçıvan mühüm rol oynamışdır.
“Naxçıvan” sözünün öz mənbəyi vardır. Tarixi mənbələrə görə, “Naxçıvan” adı “Nəqşi-cahan” sözündən yaranıb və mənası “Dünyanın bəzəyi” deməkdir. Həmçinin yerli əhali arasında geniş yayılmış əfsanə və rəvayətlərə görə, “Naxçıvan” sözünün Nuh Peyğəmbərlə dərin bağlılığı vardır. Bu söz “Dünya tufanı” ilə də əlaqələndirilir və “Nuhun torpağı” mənasını verən “Nuhçıxan” sözündən yarandığı ehtimal olunur. Bu mənada Nuh Peyğəmbərin qəbrinin Naxçıvanda olduğunu qeyd etmək yerinə düşər. “Naxçıvan” sözü tarixi mənbələrdə “Naksuana” kimi də göstərilmişdir ki, bu da “Möcüzəli gözəl sular”, yaxud “Müalicəvi mineral sular” mənasını verir.
1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvanın 440 mindən çox əhalisi, özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 45 deputatdan ibarətdir. Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın Ali vəzifəli şəxsidir. Ali Məclisin Sədri Vasif Yusif oğlu Talıbov Azərbaycan və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarında təsbit olunmuş normalara uyğun olaraq fərman və sərəncamlar imzalayır.
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Naxçıvan Muxtar Respublikasının da dövlət atributlarıdır. Naxçıvan Muxtar Respublikasının idarəetmə sistemi Azərbaycan Respublikasının idarəetmə sistemi ilə eynidir. Şəhər və rayonların ərazi vahidlərinə İcra hakimiyyətlərinin başçıları rəhbərlik edir. İcra hakimiyyətlərinin başçıları vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur.
Son illər Naxçıvan Muxtar Respublikasının kənd və şəhərlərində yüzlərlə müasir orta məktəb binaları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün yeni binalar tikilmiş, 6 elmi-tədqiqat institutu fəaliyyətə başlamışdır. Bundan əlavə, Naxçıvanın bütün yaşayış məntəqələrində mədəniyyət, təhsil və idman obyektləri, eləcə də inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, siyasi, ictimai və mədəni proseslərdə əhəmiyyətli irəliləyişlər əldə olunur. Qonşu İran İslam Respublikası və Türkiyə Respublikası ilə qarşılıqlı əlaqələr qurulmuş, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində münasibətlər genişlənmişdir.
Naxçıvanın tarixi mədəniyyət abidələri – Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu türbələri, “Xan evi”, “Buzxana”, “İmamzadə”, “Xanəgah” abidə kompleksi, İsmayılxan hamamı və digər tarixi abidələri əsaslı təmir edilmişdir. Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Məmməd Səid Ordubadi və Cəlil Məmmədquluzadənin ev-muzeyləri yenidən qurulmuşdur. Eyni zamanda Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və onun ev-muzeyi yaradılmışdır. Görkəmli maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 və 160 illik yubileyləri qeyd olunmuş, əsərləri nəşr edilmiş, onun irsinin öyrənilməsi ilə bağlı konfranslar keçirilmişdir.
2006-cı ilin iyununda Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən elmi simpozium təşkil olunmuşdur. Simpoziumda Türkiyə və İran alimləri də iştirak etmiş, 50-dən çox elmi məqalə təqdim olunmuşdur. Bundan əvvəl isə 2000-ci il 14-16 sentyabr tarixlərində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri və onlardan səmərəli istifadə edilməsi” adlı Beynəlxalq Simpozium keçirilmişdir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun iştirakı ilə 1996-cı ilin sentyabr ayında “Uluslararası qaynaqlarda Naxçıvan” adlı Beynəlxalq Simpozium da keçirilmişdir. Bu tədbirlərdən sonra xarici ölkələrdən olan alimlər Naxçıvan tarixinin öyrənilməsinə başlamışlar. Bu da Naxçıvanla bağlı erməni millətçilərinin əsassız ərazi iddialarına tutarlı cavab olmuşdur.
Cənab Vasif Talıbovun milli tarixi öyrənmək üçün başqa bir təşəbbüsü kimi isə 26 aprel 2001-ci ildə Tarixi Etnoqrafik Abidələr Kompleksi – Gəmiqayanın öyrənilməsi ilə bağlı imzaladığı xüsusi Sərəncamını göstərmək olar. Bu fəaliyyətlər bir daha sübut edir ki, Naxçıvan erkən qədim dövrdən Azərbaycanın ayrılmaz bir hissəsi olmuş və Azərbaycan xalqına aiddir. Bu fərmanlar sayəsində hər il Gəmiqayada arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil olunmaqdadır.