Dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hələ bir neçə ay bundan əvvəl bələdiyyə seçkilərinə hazırlıq işlərinə başlanılıb və artıq bu işlər başa çatdırılıb. Naxçıvan Muxtar Respublikasında bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti və səsvermə günü seçki hərəkətləri ilə əlaqədar suallarımızı Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov cavablandırır.
– Məhərrəm müəllim, artıq bələdiyyə seçkilərinə sayılı günlər qalır. Seçkilərə hazırlığın vəziyyəti necədir?
– Seçki komissiyaları seçkilərin hazırlanması prosesinə seçkilərin elan olunmasından çox əvvəl başlayırlar. Belə ki, ilk işimiz seçici siyahılarının dəqiq tərtib edilməsidir. Bu proses hər il yanvar ayından etibarən başlayır və seçicilərin daimi siyahısı hər bir məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmışadək dəqiqləşdirilir. Seçkilərdən əvvəl hər kəs yaşadığı ərazidə fəaliyyət göstərən məntəqə seçki komissiyasına yaxınlaşaraq öz adının müvafiq seçici siyahısında olub-olmadığını müəyyənləşdirə bilər.
Əgər seçici öz adının müvafiq seçki məntəqəsi üzrə tərtib edilmiş seçici siyahısında olmadığını aşkar edərsə, şəxsiyyət vəsiqəsini müvafiq seçki komissiyasına təqdim etməklə adını seçici siyahısına əlavə edə bilər. Seçici siyahılarına əsasən, muxtar respublika üzrə seçicilərin sayı 266857 nəfərdir. Onlardan 132714 nəfəri qadın, 5885 nəfəri isə ilk dəfə səs verən seçicilərdir. 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə seçicilərin sayı 5885 nəfər artıb.
Dairə və məntəqə seçki komissiyalarının seçkilərə tam hazır olması üçün tələb olunan bütün işlər həyata keçirilib. Belə ki, seçki komissiyaları seçki günü üçün tələb olunan bütün avadanlıqlarla təmin olunaraq tam hazır vəziyyətə gətirilib. O cümlədən bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının hazırladığı təlimatlar, izah və qaydalar, Seçki Məcəlləsi, nümunə protokollar və digər tələb olunan seçki sənədləri Bakıdan gətirilərək müvafiq seçki komissiyalarına paylanılıb. Həmçinin əhalinin bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün plakatlar gətirilərək şəhər, qəsəbə və kəndlərdə hər kəsin görə biləcəyi mərkəzi yerlərdə yerləşdirilib.
– Seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilib?
– Seçkilərdə dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə cari ilin oktyabr ayının 18-də dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə keçirilib. Bu layihənin davamı olaraq, oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün həm Mərkəzi Seçki Komissiyasının iclas zalında geniş tərkibdə, həm də dairə seçki komissiyalarında rayon prokurorlarının, hakimlərin, polis rəislərinin iştirakı ilə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Həmçinin dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən ekspert qruplarının sədrləri olan dairə seçki komissiyalarının katibləri və işçi qruplarının sədrləri olan dairə seçki komissiyalarının baş məsləhətçiləri Bakı şəhərində keçirilən treninqlərə cəlb olunublar. Hal-hazırda dairə seçki komissiyaları məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq iş aparırlar.
– Keçirdiyiniz seminarlarda komissiya üzvlərinə, əsasən, nələr öyrədilirdi?
– Bu seminarların mövzuları, əsasən, seçkilərdə qarşıya çıxan praktik problemlərlə əlaqədar olub. Seçki komissiyalarının üzvlərinə seçki günü seçki hərəkətləri, seçki sənədlərinin tərtib olunması, səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolların tərtib olunması məsələləri ən kiçik detallara qədər ətraflı izah olunub.
– Səsvermə prosesi muxtar respublikada neçə seçki məntəqəsində aparılacaq və neçə bələdiyyə üzvü seçiləcəkdir?
– Əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilər də muxtar respublika üzrə 7 seçki dairəsini və 292 seçki məntəqəsini əhatə edəcəkdir. Həmçinin muxtar respublikada xidmət keçən hərbi qulluqçuların və cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların aktiv seçki hüquqlarının təmin olunması üçün seçkilərə 5 gün qalmış əlavə olaraq 24 seçki məntəqəsi yaradılıb.
– Bələdiyyə üzvlüyünə namizədlər, əsasən, hansı partiyaların nümayəndələridir?
Seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunduqdan sonra namizədliklərin irəli sürülməsi prosesi başlayır. Builki seçkilərdə namizədliklərin irəli sürülməsi prosesində vətəndaşlar aktivlik göstərdilər. Muxtar respublika üzrə seçiləcək 1453 bələdiyyə üzvlüyünə 2179 nəfər öz namizədliyini irəli sürüb. Onlardan 2149 nəfərin namizədliyi qeydə alınıb. Namizədliklərin irəli sürülməsi prosesində siyasi partiyalar aktivlik göstəriblər. Belə ki, irəli sürülmüş və qeydə alınmış namizədlərin sırasında səkkiz siyasi partiyanın nümayəndələri təmsil olunur ki, onlardan da say etibarı ilə Yeni Azərbaycan Partiyasının nümayəndələri üstünlük təşkil edir.
YAP 1583 nəfər, BQP 80 nəfər, VHP 2 nəfər, “Ümid” partiyası 3 nəfər, ASRP 36 nəfər, BAXCP 75 nəfər, AVP 6 nəfər, MDHP 1 nəfər namizəd irəli sürüb. 363 nəfər isə bitərəf namizədlərdir.
– Budəfəki seçkilərdə də gözəgörünməyən mürəkkəblərdən istifadə olunacaqmı?
– Bəli, növbəti seçkilərdə də gözəgörünməyən mürəkkəblərdən istifadə olunacaq. Məntəqə seçki komissiyasının üzvlərindən biri seçki məntəqəsinə gələn hər bir seçicinin şəxsiyyətini təsdiq edən müvafiq sənədi yoxladıqdan sonra ultrabənövşəyi lampa ilə seçicinin sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır və yəqin edir ki, seçici əvvəl səs verməyib. Həmçinin seçiciyə seçki bülleteni verilərkən onun sol əlinin baş barmağının gözəgörünməyən mürəkkəblə işarələnməsi təklif olunur və izah edilir ki, əgər bu cür işarələnmədən imtina edərsə, ona seçki bülleteni verilməyəcəkdir.
– Əgər seçici barmağının mürəkkəblənməsindən imtina edərsə bunun nəticəsi necə olacaq?
– Əgər seçici işarələnmədən imtina edərsə, ondan seçki məntəqəsini tərk etməsi xahiş olunur və seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.
– Məhərrəm müəllim, seçiciləri maraqlandıran məsələlərdən biri də səsvermə günü məntəqələrdə təqdim olunan sənədlərlə bağlıdır. Seçici səs vermək üçün hansı sənədləri təqdim etməlidir?
– Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini və ya müvəqqəti şəxsiyyət vəsiqəsini, qaçqın və məcburi köçkünlər əgər şəxsiyyət vəsiqəsi yoxdursa, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş müvafiq vəsiqəni, hərbi qulluqçular zabitin şəxsi vəsiqəsini və ya hərbi bileti, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər və cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin və ya məhkumun şəxsiyyətini təsdiq edən müvafiq sənədi təqdim etməlidirlər.
– Əgər seçici tələb olunan şəxsiyyəti təsdiq edən sənədi gətirməyibsə nə etməlidir?
– Seçici tələb olunan şəxsiyyəti təsdiq edən sənədi özü ilə gətirmədikdə məntəqə seçki komissiyasının seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan üzvü həmin seçiciyə şəxsiyyəti təsdiq edən sənədi yoxdursa, səs verməsinin qeyri-mümkünlüyünü və tələb olunan şəxsiyyəti təsdiq edən sənədlə gəlməsini izah edəcəkdir. Seçicilər səsverməyə gələrkən şəxsiyyəti təsdiq edən müvafiq sənədi özləri ilə mütləq gətirməlidirlər. Əks halda, səsvermədə iştirak edə bilməyəcəklər.
– Seçici səsvermə bülletenini korlayarsa, ona yeni bülleten verilə bilərmi?
– Seçici seçki bülletenini korlayarsa, ona yeni seçki bülleteni verilə bilər. Bunun üçün o, korlanmış seçki bülletenini bülleten verən məntəqə seçki komissiyasının üzvünə qaytarmalıdır. Məntəqə seçki komissiyasının üzvü korlanmış seçki bülletenini alaraq onu yarı kəsməklə ləğv edir və korlanmış seçki bülletenləri üçün nəzərdə tutulan ayrıca zərfə qoyur. Daha sonra seçiciyə yeni seçki bülleteni verərək, onun seçki bülletenini korlaması və yenisinin verilməsi barədə seçicilər siyahısında seçicinin soyadından sağda bu barədə müvafiq qeyd edir. Hər bir korlanmış seçki bülleteni barədə ayrıca akt tərtib olunur.
– Seçici səsvermə bülletenini doldurmaqda çətinlik çəkərsə, ona kimlər kömək edə bilər?
– Seçki bülletenini almaq və doldurmaq üçün köməyə ehtiyacı olan seçici məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, aktiv seçki hüququ olan başqa şəxsə müraciət edə bilər. Seçiciyə seçki bülleteni almaqda və ya doldurmaqda köməklik edən şəxs öz inisialını və soyadını göstərməklə seçici siyahısının “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir. Bülleteni doldurmaq üçün seçici dərhal boş səsvermə kabinəsinə daxil olur. Ehtiyac olarsa, kömək göstərən şəxs onunla birlikdə səsvermə kabinəsinə daxil ola bilər.
– Səsvermə günü müxtəlif səbəblərdən muxtar respublika ərazisində olmayan seçicilər necə səs verəcəklər?
– Bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. Belə ki, hər bir seçici yalnız yaşadığı ərazidə fəaliyyət göstərən bələdiyyə üzvlərinin seçilməsi üçün səsvermədə iştirak edir. Bu baxımdan səsvermə günü ölkənin başqa yerində olan seçicinin səsvermədə iştirakı mümkün deyil.
– Bəs bələdiyyə seçkiləri günü səhhətinə görə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə gələ bilməyən seçicilər necə səs verəcək?
– Bu kimi səbəblərə görə səsvermə günü seçki məntəqəsinə gələ bilməyən seçicilər daşınan seçki qutusu ilə səs verə biləcəklər. Həmin şəxslər səsvermə gününə azı 24 saat qalmış məntəqə seçki komissiyasına yazılı və ya şifahi formada müraciət etməlidirlər. Məntəqə seçki komissiyasının sədri bu müraciətlər əsasında siyahı hazırlayır və səsvermə günü məntəqə seçki komissiyasının iki üzvü səsvermə otağından kənarda bu şəxslərin səsverməsini təmin edir.
– Ötən seçkilərdə bir neçə seçki məntəqəsində vebkameralar quraşdırılmışdı. Bu seçkilərdə də vebkameralardan istifadə olunması nəzərdə tutulubmu?
– Seçki məntəqələrində vebkameraların quraşdırılması seçkilərdə aşkarlığın təmin olunmasının mühüm vasitəsidir. Naxçıvanda fəaliyyət göstərən hər bir seçki dairəsinin beş seçki məntəqəsində olmaqla, ümumilikdə, muxtar respublikada 35 seçki məntəqəsində vebkameralar quraşdırılıb və seçki günü səsvermə və səslərin hesablanması müddətində aktiv olacaqdır. Hər kəs internet vasitəsilə həmin seçki məntəqələrində səsverməni və səslərin hesablanmasını izləyə bilər.
– Səsvermə neçə saat davam edəcək?
– Səsvermə dekabr ayının 23-ü saat 0800-də başlayacaq və 1900-da başa çatacaqdır. Saat 1900-da məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatdığını elan edir və bu saatdan sonra heç bir seçici seçki məntəqəsinə səs vermək üçün buraxılmır. Həmin vaxt içəridə olan seçicilər isə səs verdikdən sonra seçki məntəqəsini tərk edirlər.
– Səsvermə başa çatdıqdan sonra səslərin sayılmasında kimlər iştirak edə bilər?
– Səslərin hesablanması zamanı seçki məntəqəsində yalnız məntəqə seçki komissiyasının üzvləri, yuxarı seçki komissiyalarının üzvləri, qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri, siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, beynəlxalq və yerli müşahidəçilər və qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin nümayəndələri ola bilər.
– Məhərrəm müəllim, xahiş edirik, seçki bülleteninin doldurulma qaydasını izah edəsiniz.
– Seçki bülletenini almış seçici səsvermə kabinəsinə daxil olur və bülletendə qeyd olunan namizədlər sırasından səs verəcəyi bələdiyyə üzvlərinin sayına müvafiq sayda namizədlərin adının sağ tərəfində olan boş kvadratın içərisinə işarə qoyur. Məsələn, bülletendə 10 nəfər namizədin adı qeyd olunubdur. Əgər müvafiq bələdiyyəyə beş nəfər üzv seçilməlidirsə, o zaman seçici həmin on nəfərdən istədiyi beş nəfərin adından sağda olan boş kvadratın içində hər hansı bir işarə qoyur. Əgər seçici heç bir işarə qoymazsa və ya seçiləcək bələdiyyə üzvlərinin sayından artıq namizədi işarə edərsə, o zaman onun verdiyi səs etibarsız hesab olunacaqdır.
– Belə demək mümkündür ki, Naxçıvan Muxtar Respublikası bələdiyyə seçkilərinə tam hazırdır.
– Bəli, ötən müddət ərzində seçki komissiyaları səsvermənin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Həm seçki komissiyalarının maddi-texniki bazası, həm də komissiya üzvlərinin peşəkarlığı imkan verir ki, seçkilər azad və demokratik şəraitdə keçirilsin.
– Müsahibə üçün sağ olun.
Tural SƏFƏROV