Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin Qarabağ ərazisinə, Ermənistan Respublikası ilə həmsərhəd olan digər bölgələrimizə, muxtar respublikamıza, xüsusilə də Sədərək bölgəsinə düşmən tərəfindən aramsız hücumlar olurdu. Naxçıvan Muxtar Respublikasını yaranmış vəziyyətdən xilas etmək, ərazini erməni basqınlarından qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə 7 sentyabr 1991-ci ildə – o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Ali Məclisin növbədənkənar sessiyası çağırıldı və Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında tarixi qərar qəbul edildi. O dövrdə xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, bütövlükdə, müstəqil Azərbaycanda milli ordu quruculuğu prosesinin başlanğıcı oldu. 1992-ci il iyul ayının 21-dən avqust ayının 15-dək Naxçıvanın ərazisində yerləşən keçmiş SSRİ-nin silahlı qüvvələrinin 75-ci motoatıcı diviziyasının bütün döyüş texnikası, silah-sursatı, yaşayış binaları və digər maddi-texniki vəsaitləri saz vəziyyətdə Müdafiə Komitəsinin bazasına təhvil verildi.
15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı. Həmin briqada motoatıcı diviziyaya, daha sonra Ordu Korpusuna, 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Ordusuna çevrildi.
Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik tariximizi araşdırarkən bir həqiqət öz təsdiqini tapır: Azərbaycanda dövlət və ordu quruculuğu prosesinə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda başlanılıb.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında daha çox nəzərə çarpır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir”.
Muxtar respublikamızdakı Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin bu ilin aprel ayında Naxçıvana səfəri ərəfəsində muxtar respublikadakı hərbi hissələrə yeni, ən müasir standartlara uyğun hərbi-texniki vasitələrin və silah-sursatın verilməsi bunun parlaq ifadəsidir.
Oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin davamıdır. Şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində bu cür mərkəzlərin mühüm rolu vardır.
Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hərbi hissə və bölmələrində də nümunəvi xidmət şəraiti yaradılıb. Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Soyuq bölgəsinə gələrək təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb. Ali Məclis Sədrinin muxtar respublikamızın çətin dağlıq ərazilərində xidmət edən hərbi qulluqçularla görüşü şəxsi heyətin mübarizə əzmini, vətənpərvərlik hislərini daha da artırır. Bu gün dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən şəxsi heyət xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir. Ona görə də Soyuq bölgəsində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması yaradılan şəraitin və xidmətin düzgün təşkilinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikasının hakim yüksəkliklərində etibarlı müdafiə sistemi yaradılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik əsgər və zabitlərimiz xidmət edirlər. Təmas xətti boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Dayaq məntəqələri və postlar müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar isə ən çətin hava şəraitində belə, qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir.
Bu gün Azərbaycan Respublikası regionun ən güclü ordusuna sahibdir. Bütün bunlar isə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının və şəxsi heyətin mənəvi-psixoloji durumunun, döyüş qabiliyyətinin yüksək səviyyədə olmasının nəticəsidir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gücə qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır. Çünki xalq orduya, ordu xalqa güvənib inanarsa, o zaman heç bir düşmən bizi məğlub edə bilməz.
Döyüş hazırlığını günü-gündən artıran Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti doğma Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan diyarının müdafiəsində cəsarətlə dayanıb, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifəsini şərəflə yerinə yetirir.
Mirqiyas RÜSTƏMOV
Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji
təminat şöbəsinin rəisi, polkovnik-leytenant