Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik və tərəqqi yolunda inamla addımlamış, demokratik, dünyəvi, hüquqi və nüfuzlu dövlət kimi beynəlxalq münasibətlərdə layiqli yer tutmuşdur. Müstəqil respublikamızın belə uğurlu inkişafı ümummilli lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasi kursa sadiqliyi, onun yaradıcılıqla və müasir tələblərə uyğun həyata keçirilməsi ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin dövlətçilik təlimi və siyasi irsi bütün uğurlarımızın əsasını təşkil edir. Ona görə də bu siyasi irs öyrənilməli, tədqiq edilməli və gələcək nəsillərə çatdırılmalıdır.
Ulu öndər Heydər Əliyevin həm Azərbaycan SSR-ə rəhbərliyi dövründə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi respublikamızın inkişafı və tərəqqisi naminə çoxşaxəli və məhsuldar fəaliyyəti, dövlətçilik təlimi və irsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin bu yaxınlarda işıq üzü görmüş “Heydər Əliyev irsi – əbədiyaşar təlim” adlı fundamental monoqrafiyasında geniş təhlil edilmişdir.
Məlum olduğu kimi, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, bir sıra xarici ölkələrdə (Polşa, Türkiyə, Rusiya, Bolqarıstan, Cənubi Afrika Respublikası və digər) yüksək səviyyədə qeyd olundu, elmi konfranslar keçirildi. Naxçıvanda keçirilən təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak və çıxış etdi. Çıxışında cənab Prezident 90 il bundan əvvəl Naxçıvanın muxtariyyət statusu əldə etməsini “tarixi hadisə, diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar” kimi xarakterizə etdi.
Muxtar respublikanın 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında 2014-cü il “Muxtariyyət ili” elan edildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulan tədbirlər ilin sonunadək davam etdirilir. Professor F.Səfərlinin qeyd etdiyimiz monoqrafiyası yubiley münasibətilə hazırlanan əsərlərdəndir. Dörd fəsil və 24 yarım fəsildən ibarət olan kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin bir sıra məqamlarına diqqət yetirilmiş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının zəruriliyi əsaslandırılmış, milli dəyərlərimiz milli kimliyimiz kimi təhlil edilmiş və ulu öndərə həsr olunmuş monoqrafiyalar haqqında fikir və mülahizələr söylənilmişdir.
Monoqrafiyanın birinci fəsli əhatəliliyi və elmi əhəmiyyəti ilə diqqəti cəlb edir. Burada xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü tədqiq edilmişdir. Məlumdur ki, ulu öndər Moskvada yüksək vəzifələrdən istefa verdikdən sonra Naxçıvana gəlmiş və 3 sentyabr 1991-ci ildə əhalinin xahiş və müraciətlərindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinə razılıq vermişdir. Ulu öndər blokadanın yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvanı xilas etmiş, Onun rəhbərliyi ilə mühüm qərarlar qəbul edilmiş, islahatlar həyata keçirilmişdir. Monoqrafiyanın bu fəslində dahi şəxsiyyətin Azərbaycanı müstəqilliyə hazırlaması və müstəqil Azərbaycan dövlətini yaratmasından, onu qoruyub əbədiləşdirməsindən, böyük qurtuluşdan, görkəmli dövlət xadiminin Azərbaycan xalqına miras qoyduğu irsdən, Naxçıvanın erməni işğalından xilas edilməsindən, milli-mənəvi dəyərlərimizə qayğıdan, Naxçıvanda elmin inkişafına yönələn tədbirlərdən, tarixçi kadrların hazırlanması və tarix elminin inkişafına ümummilli liderin fəaliyyətində xüsusi əhəmiyyət verməsindən, Azərbaycan tarixi məsələləri və “insan yaradıcılığının abidəsi” olan Gəmiqaya abidələrindən bəhs edilir.
Əsərdə tədqiq olunan problemlərdən biri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar olan məsələlərdir. İlk növbədə, muxtariyyət ərəfəsində Naxçıvanın ictimai-siyasi vəziyyəti, Naxçıvana erməni təcavüzü, bunun qarşısının alınmasında naxçıvanlıların rolu tədqiq edilir. B.Şahtaxtinskinin bu sahədəki fəaliyyəti təhlil edilir və Naxçıvana muxtariyyət statusunun verilməsində onun tarixi xidmətləri göstərilir. Naxçıvanın blokadasından bəhs edən müəllif haqlı olaraq göstərir ki, Naxçıvanın blokadası Zəngəzurun Ermənistana verilməsi ilə başlanmışdır. Məlumdur ki, Azərbaycanın o dövrkü rəhbərləri Zəngəzurla bağlı iki dəfə səhvə yol vermişdir. 23 noyabr 1919-cu ildə Azərbaycanla Ermənistan arasında bağlanmış müqaviləyə görə, Azərbaycan və Ermənistan hərbi qüvvələrini Zəngəzurdan çıxarmalı idi. Azərbaycan öz ordusunu Zəngəzurdan çıxarmış, Ermənistan isə əksinə, bura əlavə qüvvələr yeritmişdir. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar (29 noyabr 1920) Azərbaycan hökuməti Zəngəzuru Ermənistana vermişdir. Beləliklə, Naxçıvan blokadaya düşmüş, Azərbaycanla sərhəd əlaqələrini itirmişdir.
Monoqrafiyaya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublika tarixinin müxtəlif problemləri ilə bağlı ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlardan, bu sərəncamların icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planlarından irəli gələn və qarşıda duran vəzifələrdən bəhs edən məqalələr də daxil edilmişdir. Həmin məqalələrdə 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunmasından, “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”, “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında”, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” sərəncamlardan, bu sərəncamlarla əlaqədar qarşıda duran vəzifələrdən, görülmüş və görüləcək işlərdən, onların əhəmiyyətindən bəhs olunmuşdur.
Kitabda milli kimliyimizin əsas göstəricisi kimi milli dəyərlərimizə ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət yetirilməsi, qorunması və inkişaf etdirilməsi sahəsində əldə olunan uğurların müasir şəraitdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi göstərilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi və siyasi irsinin müvəffəqiyyətlə icra edildiyi elmi şəkildə əsaslandırılmışdır.
Əsərdə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” və “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” monoqrafiyaları təhlil edilmiş, bu əsərlərin Əliyevşünaslıqda tutduqları yer və onların əhəmiyyəti əsaslandırılmışdır.
AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi üzrə respublikamızda tanınan nüfuzlu və ciddi tədqiqatçılardan biridir. Son illərdə onun ulu öndər Heydər Əliyev haqqında, Naxçıvanın müxtəlif dövr tarixi ilə bağlı yazdığı elmi məqalələr alimin bu istiqamətlər üzrə də peşəkarlığından və yüksək elmi səriştəsindən xəbər verir. Haqqında bəhs olunan “Heydər Əliyev irsi – əbədiyaşar təlim” monoqrafiyası da çox zəngin materiallar əsasında yazılmış vacib və əhəmiyyətli əsərlərdən olub, Əliyevşünaslığa layiqli töhfədir. Heydər Əliyev irsi ilə, dövlətçilik təlimi ilə maraqlanan oxucular bu əsərdən faydalana biləcəklər.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik