Naxçıvanda keçirilmiş Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları dünən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində olublar.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid ali məktəbin strukturu, təşəkkülü, inkişafı, professor-müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib.
Qeyd olunub ki, universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi kimi diqqəti cəlb edir. Burada digər ixtisaslar kimi, memarlıq ixtisası üzrə fənlər də dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və konfransların təşkilinə, təcrübə mübadiləsinə xidmət edəcək. Universitetdə 2001-ci ildən etibarən memarlıq üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Hazırda təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə burada 200-ə yaxın tələbə təhsil alır.
Qonaqlar auditoriyalarda, “Memarlıq və incəsənət tarixi” kabinəsində və sərgi salonunda tədris prosesi, tələbə memarların yeni layihələri ilə tanış olublar. Memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov buradakı maket və kompozisiyalar barədə məlumat verərək bildirib ki, tələbələrin əl işləri bir sıra beynəlxalq sərgilərdə uğurla nümayiş olunub.
“Memarlıq” ixtisasının tələbələri ilə görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva Azərbaycanın zəngin memarlıq ənənələrindən, Naxçıvan memarlıq məktəbinin dünyada məşhur nümunələrə malik olmasından, müasir memarlıq və şəhərsalma sahəsində qazanılan nailiyyətlərdən bəhs edib. Onun çıxışında universitetlərarası təcrübə mübadiləsi, müştərək layihələrin təşkili ilə bağlı maraqlı təkliflər səsləndirilib. Nərgiz Abdullayeva gənc memarları Azərbaycan Memarlar İttifaqının yeni yaradılan Naxçıvan Bölməsinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə memarlığın inkişafına qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin vətəni, qədim sivilizasiyanın beşiyi Naxçıvanda qədim və orta əsrlər dövrünə məxsus nadir tarixi abidələrin olmasından danışıb, qurumun Naxçıvanda keçirilən növbəti plenumunun memarlığın inkişafı və memarlar arasında qarşılıqlı əlaqələrin qurulması baxımından faydalı olacağını qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhmanov “memarlıq” ixtisasının tədrisi ilə bağlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib, müasir Azərbaycanın gələcəkdə daha füsunkar və gözəl görünməsinə xidmət etmələri üçün tələbələrə zəngin biliyə və təcrübəyə yiyələnməyi arzulayıb, sərgidəki işləri yüksək qiymətləndirib.
Sonda Azərbaycanın tanınmış memarları tələbələrə beşcildlik “Azərbaycan memarlıq tarixi” kitabını, monoqrafiya və dərsliklər hədiyyə ediblər.
Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova da müəllifləri olduqları yeni elmi nəşrləri həmkarlarına təqdim ediblər.
Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar türbəsində olan qonaqlara məlumat verilib ki, türbə orta əsrlərə aid tarixi-memarlıq abidəsidir. Memarlıq kompleksinə daxil olan türbədən başqa, burada qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatının adı yazıldığından onun Quti xatının şərəfinə tikildiyi güman edilir. 1928-ci ildə “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi M.Mirheydərzadə qoşaminarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyən edib: “Allahın bu nişanəsi türkman Quti xatındır”.
“Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində olan qonaqlara məlumat verilib ki, ziyarətgah təbii mağarada yerləşir, ərəb dilində “mağara sahibləri” deməkdir. “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. “Qurani-Kərim”də mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb, ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulubdur. Kitabədə deyilir: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Bərpa və abadlıq işləri zamanı burada zəvvarlar üçün yaxşı şərait yaradılıb, 13 kilometr məsafədə rahat yol salınıb, yolboyu yaşıllaşdırma işləri aparılıb, məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.
Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar.
Məlumat verilib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildə başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il iyunun 5-də imzaladığı Sərəncamla “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Həmin gün qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.
Xəbərlər şöbəsi