23 Dekabr 2024, Bazar ertəsi

Bu il dekabr ayının 23-də ölkəmizdə dördüncü dəfə keçiriləcək bələdiyyə seçkiləri xalqımızın tarixində, onun həyatında önəmli hadisədir. Seçicilərin məntəqələrə gələrək bu mühüm kampaniyada fəal iştirak etməsi seçkilərə hərtərəfli hazırlıqdan çox asılıdır.
Bu baxımdan ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da dairə və məntəqə seçki komissiyaları mühüm mərhələ çərçivəsində zəruri texniki-təşkilati işləri həyata keçirir. Prezident, parlament və bələdiyyə seçkilərini demokratik şəkildə keçirmək üçün zəruri olan təcrübə, mükəmməl qanunvericilik bazası növbəti seçkilərin yüksək səviyyədə təşkilinə imkan verir. Seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində olduq. Dairə Babək qəsəbəsinin Heydər Əliyev prospektində tikilib istifadəyə verilmiş və hər cür zəruri avadanlıqla təchiz edilmiş binada fəaliyyət göstərir.

Dairə Seçki Komissiyasının sədri Zahid Ələkbərov söhbət zamanı bildirdi ki, dairəyə 46 seçki məntəqəsi daxildir. Bunlardan 21-i Babək, 18-i Kəngərli rayonlarının, 7-si Naxçıvan şəhərinin payına düşür. Babək rayonunda 15 min 393 nəfər, Kəngərli rayonunda 19 min 340, Naxçıvan şəhərində 6612 seçici qeydə alınıb. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 965 nəfərdir. Onların 353 nəfəri Babək, 470 nəfəri Kəngərli rayonlarından, 142 nəfəri isə Naxçıvan şəhərindəndir.
3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Babək rayonunda 15, Kəngərlidə 10, Naxçıvan şəhərində 3 bələdiyyə var.
“Builki bələdiyyə seçkilərində dairənin əhatə etdiyi məntəqələr üzrə 41 min 345 nəfər seçicinin səs verməsi müəyyənləşdirilib. Təbii ki, bu rəqəm dəyişə də bilər. Çünki seçki keçirilən günə qədər seçici siyahılarının dəqiqləşdirilməsi işi ciddi nəzarətdə saxlanılır. Həmçinin seçki günü də adı siyahıya düşməyən seçici məntəqə seçki komissiyasına müraciət etməklə bu məsələnin həllinə nail ola bilər”, – deyən Zahid Ələkbərov onu da vurğuladı ki, Babək rayonu üzrə 186, Kəngərli rayonu üzrə 134, Naxçıvan şəhəri üzrə 40 olmaqla, ümumilikdə, 360 namizəd qeydə alınıb. Onlardan 248-i daha çox səs toplamalıdır.
Zahid Ələkbərov bütün seçki məntəqələrində rabitə sisteminin qurulduğunu, məntəqələrin texniki vasitələrlə tam təmin olunduğunu da qeyd etdi. Bildirdi ki, Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən təlimat, qayda, izahlar və yaddaş kitabçaları məntəqə seçki komissiyalarına paylanılıb və komissiya üzvlərinə həmin qaydalarla yaxından tanış olmaq imkanları yaradılıb. Bununla yanaşı, məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər keçirilib, maarifləndirmə işləri aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Onu da qeyd edək ki, dairənin ərazisində aparılan ciddi hazırlıq işləri də diqqəti cəlb edir. Artıq əhalinin sıx olduğu yerlərdə xüsusi lövhələr quraşdırılıb. Həmin lövhələrdə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların təşviqat materialları yerləşdirilib.
Dairənin məntəqələri seçkilərə tam hazırdır. Biz Babək rayonunun 3-20 saylı Məmmədrza Dizə seçki məntəqəsində hazırlığın yaxşı səviyyədə getdiyinin şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Rəhim Əliyev bildirdi ki, kənd tam orta məktəbində yerləşən məntəqədə təchizat nümunəvi, komissiya üzvlərinin hazırlığı yüksək tələblər səviyyəsindədir.
Bələdiyyə seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olmaq üçün 3-19 saylı Kültəpə seçki məntəqəsində də müşahidələr apardıq. Məntəqə seçki komissiyasının sədri Həsən Hacıyev bildirdi ki, builki bələdiyyə seçkilərində 30 nəfəri ilk dəfə olmaqla, ümumilikdə, 1051 seçici səs verəcək. Bu məntəqə də zəruri seçki avadanlıqları ilə təchiz olunub. İlk dəfə səs verəcək seçicilərlə söhbətlər aparılıb.
3-35 saylı Şıxmahmud seçki məntəqəsi kənd musiqi məktəbinin binasında yerləşir. Dəqiqləşdirilmiş son siyahıya əsasən, səs verənlərin sayı 1156 nəfərdir. Komissiya üzvlərinin təlimatlandırılmasından, müntəzəm təşkil olunan seminar-treninqlərdən, söhbət və mühazirələrdən tutmuş texniki vasitə və avadanlıqlara qədər hər şey vaxtında və tələb olunan səviyyədə icra edilib.
Məntəqə seçki komissiyasının sədri Heydər Quliyev dedi:
– Bu günlərdə məntəqə üzrə ilk dəfə səs verənlərlə görüş keçirmişik. Onları maraqlandıran suallar cavablandırılıb, izahat-maarifləndirmə işləri aparılıb. Çalışırıq ki, işin təşkili ilə bağlı heç bir yaddan çıxan məsələ qalmasın, hamı öz hüquq və vəzifələrini dəqiq bilsin.
Bəli, bələdiyyələr sayca dördüncü olacaq bu seçkilərə artıq 15 illik təcrübə ilə gedir. İnanırıq ki, bu seçkilər də 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdə mütəşəkkilliklə keçiriləcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR