Dekabrın 17-də Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü münasibətilə Şahbuz rayonundakı “N” hərbi hissənin ön xətdəki bölmələrindən birində tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Ötən bir il ərzində bu ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib, qoşun birləşmələrinin döyüş qabiliyyəti artırılıb.
Qeyd olunub ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə olduğundan verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlinir. Ötən müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər bunu bir daha təsdiq edir.
“N” hərbi hissənin zabiti, mayor Namiq İsgəndərov çıxış edərək orduya göstərilən dövlət qayğısından danışıb, şəxsi heyətin qarşıya qoyulan tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyini nəzərə çatdırıb.
Əsgərlərdən Ülvi Hadıyev və Azər Bayramov Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını bildirib, Azərbaycan Ordusunda xidmət etdikləri üçün böyük qürur hissi duyduqlarını qeyd ediblər.
Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılanıb.
Xəbərlər şöbəsi