Bir neçə gündən sonra – dekabrın 23-də Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında özünüidarəni həyata keçirən bələdiyyə orqanlarına növbəti seçkilər günüdür. Bələdiyyələr vətəndaş təşəbbüskarlığının bərqərar edilməsinin mühüm idarəetmə forması olub, əhalinin yerli problemlərinin həllini təmin edən müstəqil idarəetmə qurumudur. Bu qurum mənsub olduğu dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olaraq, xalqın rifahının yaxşılaşdırılması istiqamətində zəruri fəaliyyət həyata keçirir.
Ölkəmizdə yerli özünüidarənin mövcud olduğu 15 il ərzində bələdiyyələr mühüm inkişaf yolu keçib, bu sahədə təcrübələrini ildən-ilə artırıblar. Bu gün muxtar respublikamızda bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb, bu özünüidarəetmə orqanlarının əksəriyyəti üçün müasir standartlara cavab verən yeni inzibati binalarda müvafiq otaqlar ayrılıb. Muxtar respublikamızda bələdiyyələrin işinin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilib.
Qeyd edək ki, bələdiyyələrin səlahiyyət müddəti bir neçə gündən sonra başa çatır. Dekabr ayının 23-də əhali yerli özünüidarəetməyə seçkilərdə iştirak edəcək.
Bəs bu gün seçki məntəqələrinin seçkiyə hazırlığı hansı səviyyədədir? Bu günlərdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində olduq. Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidov bizimlə söhbətində bildirdi ki, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi 37 seçki məntəqəsini özündə birləşdirir. Dairə üzrə ümumi seçici sayı 43 min 808 nəfərdir. Bu seçicilərdən 1006 nəfəri 18 yaşı tamam olan gənclərdir. Komissiya sədrinin məlumatına görə, Naxçıvan və Əliabad bələdiyyələri üçün təşkil olunmuş seçki məntəqələrinin böyük əksəriyyəti yeni tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş inzibati binalarda yerləşir. 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində seçkiləri izləmək üçün müşahidə kameraları quraşdırılıb. Bundan əlavə, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində aidiyyəti seçki məntəqələri üzrə təyin olunmuş seçki komissiyaları üçün maarifləndirici tədbirlər davam etdirilir, eyni zamanda Dairə Seçki Komissiyasının üzvləri mütəmadi olaraq yekun hazırlıqlarla əlaqədar seçki məntəqələrində olur, hazırlıqları diqqətdə saxlayırlar. Elə biz də bu hazırlıqların vəziyyətini müşahidə etmək üçün Naxçıvan şəhərində yerləşən seçki məntəqələrindən bir neçəsində olduq.
İlk ünvanımız şəhərimizdəki 7 saylı uşaq bağçasında təşkil olunmuş 4-30 saylı seçki məntəqəsi oldu. Məntəqə seçki komissiyasının sədri Namiq Novruzovun verdiyi məlumata görə, seçkilərin keçirilməsi üçün burada iki otaq ayrılıb. Təlimatlara uyğun olaraq, məntəqədə seçici siyahısı, təqvim planı yerləşdirilib, masaların üzərinə yaddaş kitabçaları və digər tematik materiallar qoyulub, sənədlərin saxlanılması üçün seyf qutu ayrılıb. Bu məntəqə üzrə 885 seçici səs verəcək ki, bunlardan 15 nəfəri 18 yaşı tamam olan və ilk dəfə səs verən seçicilərdir.
4-10 saylı seçki məntəqəsində isə seçkilər günü 1030 vətəndaşın səs verəcəyi gözlənilir. Məntəqə seçki komissiyasının sədri Pərvin Quliyev bildirir ki, bu seçicilərdən 17 nəfəri 18 yaşı bu il tamam olan seçicilərdir. Artıq bir neçə gündür ki, bütün bildirişlərin vətəndaşlara paylanılması başa çatdırılıb. Hazırlıq prosesi yüksək səviyyədə aparılıb. Məntəqəmizdə seçkiləri izləmək üçün müşahidə kamerası da mövcuddur.
4-20 saylı seçki məntəqəsinin sədri Emin Əliyev isə 5 nömrəli uşaq bağçasında yerləşən bu məntəqə üzrə 1485 seçicinin qeydə alındığını bildirir. Digər məntəqələrdə olduğu kimi, burada da təşkilati işlərin yüksək səviyyədə aparıldığını müşahidə etdik. Bu məntəqə üzrə də seçicilərə bildirişlərin paylanılması başa çatdırılıb. Komissiya sədrinin bildirdiyinə görə, əvvəlki dövrdən fərqli olaraq, indi vətəndaşların seçkilərdə iştirakı artıb. Belə ki, artıq bir neçə gündür, seçicilər məntəqəyə gəlir, adlarının seçici siyahısında olub-olmadığını dəqiqləşdirir, onları maraqlandıran suallara cavab alırlar.
Qeyd edək ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 4-9 saylı və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə yerləşən 4-23 saylı seçki məntəqələrində də seçkilərə hazırlığın yüksək səviyyədə həyata keçirildiyi bəlli oldu. Öyrənirik ki, 4-9 saylı məntəqədə 980 seçicinin, 4-23 saylı məntəqədə isə 989 seçicinin iştirak edəcəyi dəqiqləşdirilib və seçicilərin adları seçici siyahısında öz əksini tapıb. Adıçəkilən hər iki məntəqədə seçkilərin müasir tələblərə uyğun şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir sözlə, seçkilərin şəffaf keçirilməsi üçün bütün hazırlıqlar digər məntəqələrdə olduğu kimi, bu məntəqələrdə də lazımi səviyyədə aparılaraq başa çatdırılıb.
Səbuhi HƏSƏNOV