23 Dekabr 2024, Bazar ertəsi

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1990-cı il dekabrın 18-də “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul etmişdir. Baş Assambleyanın qərarına əsasən, 2000-ci ildən etibarən 18 dekabr “Beynəlxalq Miqrant Günü” kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli Qanunu ilə ratifikasiya olunmuşdur.

Miqrasiya müxtəlif səbəblərdən insanların bir yerdən başqa yerə köçərək daimi və müvəqqəti olaraq öz yaşayış yerini dəyişməsidir. İctimai proses olan miqrasiya eyni zamanda iqtisadi, siyasi və mənəvi amillərin təsiri nəticəsində də baş verir. Buna görə də daha çox inkişaf etmiş və inkişaf etməkdə olan dünya dövlətləri miqrasiya məsələlərinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi və miqrantların hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlığa üstünlük verirlər. Bu gün ölkəmizdə Beynəlxalq Miqrant Gününün qeyd olunması Azərbaycan dövlətinin miqrasiya proseslərinə həssaslıqla yanaşaraq milli və irqi ayrı-seçkilik olmadan tənzimlənməsində maraqlı olduğunu göstərir.

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz miqrasiya proseslərinin həm müsbət, həm də mənfi halları ilə üzləşmişdir. Belə ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişlər. Bu səbəbdən də Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşmış ölkəyə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə çalışmışdır. Bu sahədə dövlət siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görməkdədir. Xüsusən də urbanizasiya prosesinin qarşısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirən ölkə başçısı sosial ədalət prinsipinin qorunması baxımından ölkəmizin hər bir bölgəsinin tarazlı inkişafını diqqət mərkəzində saxlayır.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti sahəsində ölkəmizdə əhəmiyyətli işlər görülmüşdür. Qısa müddətdə miqrantların ölkədə yaşaması və işləməsi barədə mükəmməl qanunvericilik bazası formalaşdırılmış, Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Miqrasiya Məcəlləsi ölkə ərazisində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.
Ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Pasportlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunları ilə də tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsində qeyd olunur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərbəst hərəkət etmək və yaşayış yeri seçmək, əmək fəaliyyəti ilə məşğul olmaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, investisiya və sahibkarlıq fəaliyyəti, istirahət etmək, sağlamlığın qorunması, təhsil almaq kimi mühüm hüquqları ölkə qanunvericiliyində təsbit olunmuşdur.
Ölkə həyatının bütün sahələrindəki inkişaf dünya mədəniyyətinə və iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın mənşə ölkəsindən daha çox təyinat ölkəsinə çevrilməsinə şərait yaratmışdır. Uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının ölkə­mizin milli maraqları çərçivəsində tənzimlənməsi və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunmuşdur.
“Qanuni əsaslarla ölkəyə gələn hər bir əcnəbi nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etməlidir. Bunun üçün hər cür şərait yaradılmış və hüquqi baza formalaşdırılmışdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı diqqət mərkəzində saxlanılır, miqrasiya sahəsində qarşıda duran məsələlər uğurla həll olunur. Bu gün muxtar respublikada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əlverişli qeydiyyat şəraiti yaradılmışdır. Ölkəmizdə miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyatın sadələşdirilmiş formada aparılması ilk dəfə Naxçıvan Muxtar Respublikasında tətbiq olunmuşdur. Hazırda məntəqələrdə bu sahədə uçot işi Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə aparılır.
Sabitlik və sürətli sosial-iqtisadi inkişaf muxtar respublikaya miqrasiya axınını son illər daha da sürətləndirmişdir. Statistik məlumatlar göstərir ki, 2014-cü ilin 11 ayı ərzində muxtar respublikada 15 min 367 əcnəbi olduğu yer üzrə qeydiyyata alınmış, 708 əcnəbiyə müvəqqəti yaşamaq icazəsi verilmiş, 195 əcnəbiyə isə haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmişdir.
Miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətin operativliyinin təmin olunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi yaradılmışdır. Saytın Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi dünyanın istənilən yerindən gələn hər bir əcnəbi vətəndaşın ondan rahatlıqla istifadə etməsinə imkan verir. Eyni zamanda sayt vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşama və olma məsələləri ilə bağlı elektron müraciətlərin qəbulu və vaxtında cavablandırılması işləri intensiv şəkildə həyata keçirilir.
Muxtar respublikada miqrasiyanın idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, bu məqsədlə xidmət əməkdaşları “Qanunsuz miqrantların aşkarlanması və qayıdışın icrası” mövzusunda Niderland Krallığında keçirilən təlimdə və “Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsi çərçivəsində Polşa, Belçika və Almaniya Federativ respublikalarında keçirilən tədbirlərdə iştirak etmiş, bu sahədə beynəlxalq təcrübələrə yiyələnmişlər. Bundan başqa, Naxçıvan Muxtar Respublikası bu sahədə keçirilən tədbir, konfrans və təlimlərə ev sahibliyi edir. 2013-cü il oktyabrın 24-25-də Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Miqrasiya məsələləri: Miqrasiya idarəçiliyinə dair təcrübələrin bölüşdürülməsi” adlı beynəlxalq konfrans, 2014-cü il 27 noyabr tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair birgə təlimlər keçirilmişdir. Təlimlərdə bir sıra xarici dövlətlərin və beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak etmişdir.

Həyata keçirilən uğurlu islahatlar nəticəsində muxtar respublikada əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da işini əldə olunan sürətli sosial-iqtisadi inkişaf tempinə uyğun quracaq, bu sahədə nümunəvi xidmət təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR