23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planına əsasən, dekabrın 17-də AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının inkişafı” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Bu gün keçirilən elmi konfrans da həmin tədbirlər planının tərkib hissədir.

İsmayıl Hacıyev qeyd edib ki, bu il aprelin 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olundu. Həm dövlət başçısı cənab İlham Əliyevin, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışlarında qədim diyarın muxtariyyət qazanması onun respublikamızın tərkibində saxlanılmasına, inkişafına, təhlükəsizliyinin təminatına şərait yaratdığı fikri bir daha vurğulandı.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxışında deyib ki, Naxçıvanda böyük dövlətçilik ənənələrinin əsası çox qədim dövrlərdən qoyulub. Belə ki, bu ərazidə onuncu əsrdə Naxçıvan şahlığı, on ikinci əsrdə isə Atabəylər dövləti yaranıb. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr verib. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında xüsusi xidmətlər göstərib. Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikası 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranıb.
Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov “Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu il 90 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikası uğurlu inkişaf yolu keçib. Bu inkişaf yolunun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərimizin hakimiyyətinin birinci dövründə Azərbaycan Respublikası, o cümlədən muxtar respublika tənəzzüldən inkişafa doğru istiqamət götürüb. 1969-cu ildə dahi şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra ölkəmizin yüksəliş dövrü başlayıb.
“İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün 1970-1985-ci illərdə tədavüldəki manat hesabı ilə 900 milyon manat investisiya qoyulub və orta illik göstərici 60 milyon manat olmaqla, əvvəlki 10 ilin orta göstəricisini 3 dəfə üstələyib. Həmin illərdə Araz çayı üzərində su elektrik stansiyası, Alt Trikotaj Məmulatları Fabriki, yeni mineral su zavodu, Şüşə Qablar Zavodu, bütövlükdə, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb”, – deyən komitə sədri əlavə edib ki, 1980-ci ildə 2 gündə istehsal edi­lən məhsulun həcmi 1924-cü il ərzində istehsal olunan ümumi məhsulun həcminə bərabər olub. Bu da inkişafın səviyyəsini göstərir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında yeni inkişaf mərhələsinə Ali Məclisin 16 dekabr 1995-ci ildə keçirilmiş sessiyasından başlanıldı. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf xəttinin muxtar respublikamızda fəal yaradıcı gücə malik olduğunu öz əməyi və gərgin işi ilə sübut etdi. Uzun illər blokada şəraitində olması ilə əlaqədar fəaliyyətini dayandırmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildə muxtar respublikada 18 milyon manatlıq sənaye məhsulu istehsal edilib və bu, 1993-cü ildəki müvafiq göstəricini 3,4 dəfə üstələyib.
Kamal Cəfərov bildirib ki, 2004-cü ildən bu günədək muxtar respublikada 241 inzibati bina, mənzil təsərrüfatı üzrə 49 obyekt, 125 elm və təhsil müəssisəsi, o cümlədən 26 min 936 şagird yerlik 87 ümumtəhsil məktəbi, 181 mədəniyyət obyekti, 154 səhiyyə müəssisəsi, 18 idman obyekti, sosial qayğıya ehtiyacı olan şəxslər üçün 423 fərdi ev, 31 nasos stansiyası, 150 subartezian quyusu, 63 körpü, 636 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilib. İdarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin inkişafı bu müddət ərzində diqqətdə saxlanılıb və son illər ərzində 4 şəhər və qəsəbə mərkəzi, 109 kənd mərkəzi istifadəyə verilib. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 352 növdə məhsul istehsal olunur ki, bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Sonra Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayevin “Naxçıvan Muxtar Respublikasında ali təhsilin inkişafı”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Akif İmanlının “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı”, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasım­ovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında aqrar sektorun rolu”, həmin institutun elmi işçisi Sevinc Cabbar­ovanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və əmək ehtiyatları” mövzularında məruzələri dinlənilib.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR