Dekabrın 16-da Belqrad şəhər meriyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın Serbiyadakı Səfirliyinin və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Serbiya hökuməti və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, burada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Serbiyada yaşayan həmvətənlərimiz və çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini və təbiət mənzərələrini əks etdirən fotolardan ibarət sərgiyə baxış olmuşdur.
Tədbirdə Azərbaycanın Serbiyadakı Səfirliyinin müşaviri Anar Əcəmov çıxış edərək demişdir ki, Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Ölkəmiz hələ 1918-1920-ci illərdə müstəqillik dövrü yaşadığı zaman böyük uğurlar əldə etmişdir. Belə ki, İslam aləmində ilk demokratik respublika məhz Azərbaycanda qurulmuş, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçib-seçilmək və kişilərlə bərabər hüquqlar verilmişdir. 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycanın müvəqqəti olaraq öz müstəqilliyini itirdiyini qeyd edən diplomat diqqətə çatdırmışdır ki, o zamankı sovet rəhbərliyinin həyata keçirdiyi qərəzli siyasət nəticəsində Azərbaycan əraziləri Ermənistana verilmişdir. Bunun nəticəsində də dilbər guşələrimizdən biri olan Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşmüşdür.
90 il əvvəl, 1924-cü ildə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradıldığını bildirən Anar Əcəmov bu tarixi hadisənin böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında”kı Sərəncamına uyğun olaraq, dünyanın müxtəlif ölkələrində bir sıra tədbirlər təşkil olunur. Naxçıvan bəşər tarixində insanların ilk məskunlaşdığı ərazilərdən və dünyada ən qədim mədəni mərkəzlərdəndir. Bu diyar tarixi irsinə, elmi, mədəni, siyasi və hərbi sahələrdəki nailiyyətlərinə görə Azərbaycanın əhəmiyyətli bölgəsi hesab edilir. Naxçıvanın önəmi həm də görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin burada anadan olması ilə bağlıdır. Naxçıvan həmçinin XII əsrin böyük memarı Əcəminin, görkəmli rəssam Bəhruz Kəngərlinin, məşhur kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin, Azərbaycan dramaturgiyasının tanınmış simaları Hüseyn Cavidin və Cəlil Məmmədquluzadənin vətənidir.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Naxçıvan da sürətlə inkişaf edir, beynəlxalq əlaqələrini genişləndirir. Naxçıvan şəhərində müasir Beynəlxalq Hava Limanının istifadəyə verildiyini deyən diplomat bildirmişdir ki, Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması ilə Naxçıvandan birbaşa paytaxt Bakıya getmək mümkün olacaqdır.
Sonra Naxçıvan torpağının görkəmli oğlu, dünya şöhrətli dramaturq Cəlil Məmmədquluzadənin serb dilində nəşr edilmiş “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilmişdir. Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görən nəşrdə ön sözün müəllifi Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriçdir.
Radomir Andriç tədbirdə çıxış edərək son illər Azərbaycan ilə Serbiya arasında münasibətlərin müxtəlif istiqamətlərdə, xüsusilə humanitar sahədə sürətli inkişafından məmnunluğunu ifadə etmişdir. Qeyd olunmuşdur ki, iki ölkənin ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, o cümlədən hazırkı tədbir dost serb və Azərbaycan xalqları arasında yüksəksəviyyəli əməkdaşlığın bariz nümunəsidir. O, ölkəmiz tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə görə Azərbaycan xalqına və hökumətinə, xüsusilə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbir Azərbaycan və Serbiya bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert proqramı ilə davam etdirilmişdir.