1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və imzası ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə Azərbaycançılıq ideyalarının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından önəmlidir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının dekabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda keçirdiyi elmi konfransda çıxış edən partiyanın Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bu barədə ətraflı söhbət açdı.
“Ümummilli lider Heydər Əliyev və milli ideologiya məsələləri” mövzusunda çıxış edən Elman Cəfərli bildirdi ki, ulu öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görüb, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edib.
1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına, 1993-cü ildən isə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərkən O, Azərbaycançılıq məfkurəsini xalqımızın vahid milli ideyası kimi irəli sürüb, bu ideyaları daha da inkişaf etdirərək milli ideologiyamızın nəzəri və təcrübi konsepsiyasını yaradıb, dövlətçilik ideologiyası kimi inkişaf etdirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il və 16 dekabr 1991-ci il tarixli qərarları və onların tarixi əhəmiyyəti” mövzusundakı məruzəsində bildirdi ki, ümummilli lider Heydər Əliyev Naxçıvanda yaşadığı və muxtar respublikaya rəhbərlik etdiyi illərdə müstəqil Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan bir sıra mühüm qərarlara imza atıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasına rəhbərlik edən ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu Dövlət Bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi kimi qəbul edilib.
Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il noyabrın 17-də bundan sonra hər il bu günün Naxçıvan Muxtar Respublikasında “Dövlət Bayrağı Günü” kimi qeyd olunması haqqında sərəncam imzalayıb. Bu sərəncam ümummilli liderimizin xatirəsinə böyük ehtiramın ifadəsi olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycan tarixində oynadığı mühüm rolun əbədiləşdirilməsinə də böyük töhfədir. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi imza atdığı mühüm qərarlardan biri isə 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması haqqında qərar olub.
Naxçıvan Özəl Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusundakı çıxışında qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə ilk dəfə 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib, bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Məhz bundan sonra dünyaya səpələnmiş milyonlarla azərbaycanlı təşkilatlanmağa başlayıb, vahid Azərbaycançılıq ideyası və müstəqil dövlətimizin bayrağı altında birləşərək ümummilli həmrəylik ideyası uğrunda səfərbər olub.
Vurğulandı ki, dövlət başçısı cənab İlham Əliyev bu sahədə də ulu öndərimizin siyasətini uğurla davam etdirir. 2006-cı və 2011-ci illərdə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları göstərdi ki, artıq həmin siyasət özünün əsaslı nəticələrini verib.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurdu.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən yeni üzvlərə partiyanın vəsiqələri təqdim edildi.
Xəbərlər şöbəsi