Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır.
(Əvvəli qəzetin ötən sayında)
Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir.
Müstəqilliyi qorumaq üçün, müxtəlif xarici təzyiqlərdən, təxribatlardan xilas olmaq üçün gərək Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qoruyaq, möhkəmləndirək. Bunun üçün gərək Azərbaycanda vətəndaşların birliyi, həmrəyliyi yaransın. Siyasi baxışından və cəmiyyətdə mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları – hamısını, bax bu yola dəvət edirəm.
Şəxsi ambisiyaları kənara qoymaq lazımdır. 1991-ci ilin sonunda Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyi tarixi nailiyyətdir və biz bunu qorumalıyıq, saxlamalıyıq. Bunu gələcək nəsillərə daha da möhkəm Azərbaycan dövləti kimi verməliyik. Ona görə də əsas prinsiplərdə, əsas məsələlərdə xalqın birliyi, həmrəyliyi başlıca şərtdir, başqa məsələlərdə müxtəlif baxışlar da ola bilər və mən vətəndaşlarımızı buna dəvət edirəm.
Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır.
Bizim yaşadığımız bu dünyada çoxlu əlamətdar günlər və bu günlərlə bağlı saysız-hesabsız təbriklər olubdur, insanlar insanları, xalqlar xalqları, dövlətlər dövlətləri təbrik ediblər. Bu xoş təbrikləri, səmimi diləkləri meydana gətirən səbəblər, şübhəsiz ki, müxtəlifdir. Amma bu gün Yer üzündə yaşayan insanların, xalqların və dövlətlərin böyük bir qisminin sevinməsinin, bir-birlərini təbrik etməsinin səbəbi, demək olar ki, eynidir! Qısa bir müddətdən sonra dünya yeni ilə qədəm qoyur! Biz yeni ilin – 2001-ci ilin, yeni bir yüzilliyin, yeni bir minilliyin günlərini yaşamağa başlayırıq. Yeni yüzilliyin, yeni minilliyin gəlişi bizim üçün bir də ona görə əlamət-dardır ki, məhz dekabrın 31-də Yer üzündə yaşayan bütün azərbaycanlılar birlik, qardaşlıq, həmrəylik ucalığını bayram edirlər.
Ömrümüzdən ötüb keçmişə çevrilən hər bir gün tarixə məxsusdur. Əlbəttə, iki yüz əsrin qovuşuğunda min illərin tarixi faktlarını, inkişaf salnaməsini araşdırmaq, bu barədə söhbət açmaq həftələrlə, aylarla vaxt apara bilərdi. Qısaca olaraq yalnız bunu deyə bilərəm ki, Azərbaycan xalqının bizim eranın iki min ili ərzində keçib gəldiyi yol yenilməz, zəngin, mərdanə bir qəhrəmanlıq tarixidir!
Ötən əsrin tarixi gerçəkliyi, bəşəri dəyərləri barədə danışmaq həm asandır, həm də çətin! Asandır ona görə ki, ötən yüz il bizə vaxt etibarilə digər əsrlərdən yaxındır. Bu əsrin, demək olar, hər ili, hər ayı, hər həftəsi, hər günü nəinki tarixçilər, alimlər tərəfindən qələmə alınmış, eyni zamanda onun bir çox əhəmiyyətli hadisələri bizim nəsillərin gözü qarşısında baş vermişdir. Bu əsrin xidmətləri daha geniş, daha böyükdür.
XX əsr Azərbaycan xalqının da həyatında silinməz izlər qoymuşdur. Əslində, minilliklərin yekununda, əlbəttə ki, yeni bir Azərbaycan təşəkkül tapmışdır. Qazanılmış nailiyyətlər göz qabağındadır, onu hamı təsdiq edə bilər.
Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, son yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil, nəhayət, ictimai-siyasi intibah yolunu tutmuşdur.
Bu gün hər bir azərbaycanlının fəxr etməyə haqqı var ki, bizim ata-babalarımız olduqca qısa bir zaman içində kütləvi savadsızlığa son qoymuş, vətənimiz bütün insanları oxuyub-yazmağı bacaran məmləkətə çevrilmişdir. Xalqımız ellikcə maarifləşmə prosesini uğurla başa vurmuşdur. Ziyalılar ordusunun yüksək vətəndaş fəallığı ilə Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Şəhər və kəndlərin memarlıq siması sürətlə dəyişərək qədim ənənələri hifz edib saxlamaqla yeniləşmişdir. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur.
Budur, yüzillik başa çatır və biz özümüzə hesabat verərkən nə qədər dəyişib, inkişaf etdiyimizi tam səmimiyyətlə etiraf etməli oluruq. Ötüb keçən yüzillikdə Azərbaycan xalqı, sözün həm hərfi, həm də məcazi mənasında, işığa, nurlu bir aləmə çıxmışdır. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilizasiyasına tam cavab verən bir səviyyədədir.
Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi qələbəsidir. Xalqımızın yüksək mənəviyyatdan irəli gələn böyük dözümü, iradəsi və müdrikliyi bütün Qafqazın sülh, əmin-amanlıq bölgəsinə çevrilməsi üçün ən etibarlı təminatdır.
Hörmətli həmvətənlərim!
Əziz bacılarım, qardaşlarım!
İstəkli övladlarım!
Azərbaycanın çox zəngin intellektual potensialı və misilsiz xammal ehtiyatları, Avropadan Asiyaya gedən yolda əvəzedilməz coğrafi mövqeyi onun dünya birliyində sanballı yer tutmasına imkan verir. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasındakı körpü, Böyük İpək Yolunun bərpası ölkəmiz qarşısında intensiv inkişaf üfüqləri açır. Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik.
Beynəlxalq hüquq baxımından biz gənc dövlətik. Bu gün artıq bütün bəşəriyyət, bütün xalqlar və millətlər bilirlər ki, mədəniyyət, elm və təhsil insanların ən böyük mənəvi dəyərləri olaraq sabit inkişafı təmin edən mühüm amillərdən biridir. Qlobal dəyişikliklər baş verən bir dövrdə biz bütün səylərimizi bu böyük sərvətin qorunub saxlanmasına sərf etməliyik. Məhz belə yüksək intellektual potensialı olan bir ölkədə qüdrətli vətəndaş cəmiyyəti yarana bilər.
Azərbaycan xalqının həyatının son yüz ili neftlə bağlıdır. Həqiqətən də, neft, eləcə də ölkəmizin digər qiymətli sərvətləri xalqımızın həyatında əhəmiyyətli rol oynamışdır. Bunu inkar etmək olmaz. Lakin Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır. Bizim xalqımızın XXI əsrdə tam rahat, firavan yaşamağa, öz dövlətinə, öz torpağına, öz sərvətlərinə tam sahib durmağa haqqı vardır!
Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslə nəsib olmuşdur. Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var-qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalqım bu ali məqsəd uğrunda bütün imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu günü və sabahının tam təminatçısı olacaqdır. İftixarla demək olar ki, Azərbaycanın XX əsrdə yaratdığı qüdrətli iqtisadi potensial, böyük mütəxəssislər ordusu xalqımızın ən ümdə amallarının həyata keçirilməsi üçün möhkəm baza, əlverişli zəmin rolunu oynayır.
Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirəlayiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.
XX əsr Azərbaycanda elmin, ədəbiyyatın və incəsənətin inkişafı sürətli templəri ilə səciyyələnir. Bu əsrdə xalqımızın həmin sahələrdəki ənənələri davam etdirilərək xeyli zənginləşmiş, yeni sahələr, formalar və janrlar yaranıb inkişaf etmişdir. Bu gün hər bir azərbaycanlı ikinci minilliyin bəxş etdiyi böyük korifeylər ilə – Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Əliağa Vahid, Səməd Vurğun, Məmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov kimi şair və yazıçıları, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi bəstəkarları, Cabbar Qaryağdıoğlu, Bülbül, Şövkət Məmmədova, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi müğənniləri, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Ülvi Rəcəb, Mərziyyə Davudova, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Möhsün Sənani, Mustafa Mərdanov, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi səhnə ustaları, Əzim Əzimzadə, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Qəzənfər Xalıqov, Fuad Əbdürrəhmanov, Elmira Şahtaxtinskaya kimi fırça və tişə ustaları ilə haqlı olaraq fəxr edir. Görkəmli alimlərimiz Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, Həsən Əliyev, Mustafa Topçubaşov, Əziz Şərif, Murtuza Nağıyev, Zahid Xəlilov, Musa Əliyev, Həsən Abdullayev, Abdulla Qarayev, Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Məmmədcəfər Cəfərov, Ziya Bünyadov, Fəraməz Maqsudov və başqaları Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərərək ona dünya şöhrəti gətirmişlər. Azərbaycanda sənətin opera, balet, heykəltəraşlıq, kinematoqrafiya kimi yeni növləri yaranaraq sürətlə inkişaf etmişdir. Bu, hamımızda dərin iftixar və qürur hissi doğurur.
XX əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir dövr olmuşdur. Əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına güclü təkan verdi. Əsrin 20-ci illərindən başlayaraq həyata keçirilən tədbirlər nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üfüqlər açıldı. Qısa müddət ərzində qadınlar arasında savadsızlıq ləğv edildi, onların təhsil səviyyəsi kəskin surətdə artdı. Qadınlar pedaqoq, həkim, mühəndis və digər peşələrə yiyələndilər, təhsildə, elmdə və mədəniyyətdə kişilərlə bərabər layiqincə təmsil olundular. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.
Ölkəmizdə bədən tərbiyəsi və idman XX əsrdə xalqımızın həyatının ayrılmaz hissəsinə çevrilmiş sahələrdəndir. İnsana sağlam həyat tərzi, mübarizlik, vətənpərvərlik ruhu aşılamaq, onun intellektual və fiziki imkanlarını üzə çıxarıb inkişaf etdirmək baxımından idmanın və bədən tərbiyəsinin rolu danılmazdır. Biz fəxr edirik ki, idmanın müxtəlif növlərində öz böyük məharətini göstərərək Azərbaycanın adını yüksəklərə qaldıran gənclərimiz vardır.
Tarixin bu böyük anında unudulmaz bayramlar münasibətilə xalqımın hər bir oğul və qızını sonsuz bir iftixar hissi ilə təbrik edir, hamınıza cansağlığı, əbədi xoşbəxtlik arzulayıram!
Mən bu yeni əsrin, yeni minilliyin ərəfəsində dünyanın hansı guşəsində məskunlaşmasından asılı olmayaraq, Azərbaycanın xoş gələcəyi üçün fəaliyyət göstərən bütün soydaşlarımızı təbrik edirəm.
Bu gün biz azad, demokratik bir cəmiyyətdə yaşayır, müqəddəs torpağımızın keşiyini çəkir, sülh və dincliyə can atırıq. Müstəqillik və ərazi bütövlüyünün təmin olunmasında nizami ordumuzun, zabit və əsgərlərimizin dözümü, rəşadəti danılmazdır. Bu bayram günündə mən onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirir, hər birinə bayramınız mübarək olsun, deyirəm!
Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər. Tale elə gətirib ki, bu gün Azərbaycanın bir milyondan çox sakini öz yurdundan zor gücünə çıxarılıb, onların bir çoxu çadırlarda, heç bir şəraiti olmayan binalarda yerləşdirilibdir. Bu gün mən böyük həyəcan hissi ilə onların hər birini yada salır, tezliklə doğma yurdlarına dönmək arzularına şərik çıxır və inanıram ki, çətinliklərə mətanətlə sinə gərən qardaş və bacılarımın ata ocağına dönəcəkləri gün uzaqda deyildir.
Bu bayram günündə mən torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid balalarımızın hər birinin ruhu önündə baş əyir, şəhid ailələrinə səbir, dözüm diləyir və bəyan edirəm ki, torpaq naminə özünü fəda etmiş insanların xatirəsi bundan sonra da daim qəlbimizdə yaşayacaqdır.
Gələcəyimiz olan uşaqları, yeniyetmələri, şagirdləri, tələbələri bağrıma basır, onlara mübarizələrlə dolu həyat yollarında cansağlığı və uğurlar diləyirəm.
Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Ona görə də mən üzümüzə gələn 2001-ci ili ümid, inam ili adlandırardım. Çünki inanıram ki, xalqımız həmişə olduğu kimi, 2001-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır.
Bayramınız mübarək olsun!
Yeni iliniz mübarək olsun!
Yeni əsriniz, yeni minilliyiniz mübarək olsun!
Yaşasın azad, müstəqil, demokratik AZƏRBAYCAN!