23 Dekabr 2024, Bazar ertəsi

Bu illər Ordubad rayonunda da pozulmaz izlər salıb

Tarixdən gələn səslər və ya muxtariyyətəqədərki dövrə ümumi baxış

Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad – Naxçıvan adlı sevgimin, doğulub boya-başa çatdığım yurdun bir parçası.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.
İlkin yaşayış məskənlərimizdən biri Ordubaddadır. Bu, Nuhun ayağı dəydiyi torpaqdır – Gəmiqaya.
XVII əsr tarixçisi İ.Münşi bu qədim yurd yerimiz haqqında yazırdı: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”.
Ulduzu Günəş olan, tərifi behiştin tərifi ilə yanaşı tutulan bu qədim torpağın tarixini öyrənmək üçün ən etibarlı qaynaq bu şəhərin, bu rayonun tarixi-memarlıq abidələridir. Bu gün iki böyük şəhərin izləri yaşayır Ordubadda – Gilan və Azad şəhərlərinin.

Onlar özlərində saxladığı izlərlə tariximizi bizə danışır, bugünkü nəsillərə söyləyir, bu salnaməni qorumağa, yaşatmağa çağırır. Elə bu tarixi özündə hifz edən abidələrə əsasən, Ordubad şəhərinin ilkin qurulmasının V-VI əsrlərə aid olması güman edilir. Tarixi mənbələrdə isə adı ilk dəfə VII əsrdə çəkilir.
Ordubad şəhərinin qədim məhəllələrini gəzərkən özünü sanki İçərişəhərdə hiss edirsən. Sırf bu yurd yerinə məxsus arxitektura üslubunda tikilmiş evlər səni nağıllar dünyasına aparır: insan təfəkkürünün gücünə heyran qalmaya bilmirsən.
...Babək qalası Ordubadın qəhrəmanlıq qalasıdır.
Soyuq, Əcnövür, Bəlgə, Fələkbaba, Nəzərə dağlarının hərəsi yağı düşmənə baş əyməyən bir sipərdir. Zorxanası, Buzxanası bu günümüzlə dünənimiz arasında körpüdür.

Muxtariyyət illərinin Ordubadı

Bu dövrün özünü də iki mərhələyə ayıra bilərik. 1924-cü ildən 1995-ci ilə qədərki dövr və həmin vaxtdan bu günədək olan zaman kəsiyi. Muxtariyyət əldə etdikdən sonra digər bölgələrimiz kimi, bu qədim yurd da yeni bir yola qədəm qoyub. 1969-cu ildən sonra isə tikinti-quruculuq işləri genişləndirilib, rayon mərkəzində və böyük kənd yaşayış məntəqələrində müxtəliftəyinatlı obyektlər həyata vəsiqə alıb. Bu gün Ordubad şəhərindəki bütün ictimai yaşayış binaları, bir neçə inzibati obyekt muxtariyyət illərinin yadigarlarıdır. Bu illərdə sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində də tədbirlər həyata keçirilib. 1926-cı ildə Ordubadda barama toxumu istehsal edən zavod və corab-kəlağayı fabriki fəaliyyətə başlayıb. Hələ 19-cu əsrin sonlarından rayonda ipəkçilik inkişaf etdirilməyə başlamışdı. XX əsrin əvvəllərində artıq Ordubadda güclü ipəkçilər yetişmişdi. Onların istifadə etdikləri texnoloji avadanlıqlar burada yüksəkkeyfiyyətli ipək istehsalına imkan vermişdi. 1924-1940-cı illərdə bölgədə xam ipək istehsalı 2 min tondan 17 min tona çatdırılmışdı. Bu qiymətli məhsullar 13 dəfə qızıl medala layiq görülmüşdü. Rayon mərkəzindəki baramaaçan fabriki iki növbədə işləməklə burada yüzlərlə ordubadlı özünə iş yeri tapmışdı.
Naxçıvanda yeyinti sənayesinin bünövrəsi də Ordubadda qoyulub. Belə ki, 1928-ci ildə Ordubadda meyvə-konserv zavodunun fəaliyyətə başlaması burada yeni iş yerlərinin yaradılmasına və bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən istifadə edərək müxtəlif konservlər hazırlanmasına imkan vermişdi. Zavodda cəviz, tut, alma, heyva, armud, şaftalı, gilənar, gilas, qızılgül mürəbbələri, kompotlar hazırlanaraq SSRİ-nin müxtəlif respublikaları ilə yanaşı, xarici ölkələrə də göndərilirdi. Burada yetişdirilən meyvələr dəfələrlə beynəlxalq sərgilərə çıxarılmış, 9 qızıl medal almışdı.
Rayonda yaradılmış ictimai təsərrüfatlarda torpaqlardan səmərəli istifadə olunur, üzümçülük və heyvandarlıq inkişaf etdirilir, istehsal edilən məhsullar rayon iqtisadiyyatının gücləndirilməsinə, ordubadlıların maddi rifah halının yaxşılaşdırılmasına öz təsirini göstərirdi.
400-ə yaxın alim yetişdirən Ordubadda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində də gözəçarpan nailiyyətlər əldə edilib. Ötən əsrin 70-80-ci illərində Ordubad şəhərində, Dəstə, Vənənd, Sabirkənd və başqa yaşayış məntəqələrində təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunub. Bir neçə muzey yaradılıb. Azərbaycan Elmlər Akademiyasının Ordubad şəhərində 2 xüsusi elmi-texniki konstruktor bürosu fəaliyyət göstərib.
Ordubad şəhərinin qoruq şəhəri statusu alması da muxtariyyətin bu bölgəyə verdiyi töhfədir.
Sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq Ordubadın da qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Çünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Moskvadan Naxçıvana qayıdan sonra Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların ulu öndərimizi necə qarşılaması bu sətirlərin müəllifinin gözləri önündədir.

Muxtariyyətin 1995-ci ildən başlanan yeni dövrü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ulu öndər bu bölgənin əvvəlki həyat ritminə qayıtması üçün bir sıra işlər görülməsinə nail oldu. Bu isə bu gün də davam etdirilən tədbirlərin təməlidir. Böyük inkişaf və yeni tərəqqi müstəvisində olan Ordubadda son 19 il ərzində həyatın bütün sahələrində güclü yeniləşmə diqqəti çəkir. Bu dövrdə rayonda 24 yeni məktəb binası inşa olunub, 13 kənd mərkəzi istifadəyə verilib. Kənd mərkəzlərinin yerləşdikləri yaşayış məntəqələrində fəaliyyət göstərən klub, mədəniyyət evi, kitabxana, ATS, rabitə evi, polis və baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb. Parağa kəndində 18, Bistdə 5, Ələhidə 1, Nəsirvazda 4, Ordubad şəhərində 2 olmaqla, 30 qaçqın ailəsi üçün bütün məişət şəraiti olan mənzillər inşa edilib. Doqquz Qarabağ əlili, 3 şəhid, 1 əlil ailəsi də belə qayğıdan yararlanıb. Tarixi-memarlıq abidələri olan Qeysəriyyəyə, Ordubad hamamına, 1 məbədə, 2 yeraltı abidəyə ilkinliyi saxlanılmaqla yeni həyat verilib.­
Rayonda həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu da xidmət mərkəzləri təşkil edir. Bu cəhətdən də Ordubad rayonu öndə gedən bölgələr sırasındadır. Hazırda 14 xidmət mərkəzi əhalinin istifadəsindədir. Ordubadlıların sağlamlığı keşiyində dayanmaq məqsədilə 21 səhiyyə ocağı yeni binada fəaliyyətini davam etdirir. Ötən dövrdə rayondaxili yollarda cari və əsaslı təmir işləri aparılıb, hazırda da bu tədbirlər davam etdirilir.
Bu dövrdə aqrar sahənin inkişafına xüsusi önəm verilib. Torpaq kənd adamlarının daimi iş yerinə çevrilib. Torpaq mülkiyyətçilərinin torpaqlardan səmərəli istifadəsi üçün meliorasiya və irriqasiya tədbirlərinin aparılması, onların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı, kredit və yardımlarla təmin olunmaları diqqət mərkəzində saxlanılıb. Rayonda güclü sahibkarlıq mühiti yaradılıb. Rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində yeni emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Bütün bunlar əhalinin həyat səviyyəsini yüksəldib.

“Muxtariyyət ili”nin bəhrələri və ya bu ilin töhfələri

Bir az əvvəl bəhs etdiyimiz qısa zaman kəsiyi, bu zaman kəsiyində həyata keçirilən tədbirlər rayonun simasını əsaslı surətdə dəyişməklə 90 illik muxtariyyət tariximizin ən şərəfli səhifələridir. Bu səhifələrdə “Muxtariyyət ili”nin 11 ayının nəticələri də böyük uğurlarla diqqəti çəkir. Bu dövrdə tikinti-quruculuq işləri davam etdirilib. Aşağı Əylis kəndində məktəb və kənd mərkəzi istifadəyə verilib. Yuxarı Əylis kəndində məscid binası tikilib. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsi cari ilin aprel ayından fəaliyyətini yeni binada davam etdirməyə başlayıb. Dübəndi çayı üzərində salınmış şəhər parkında bənd və şəlalə istifadəyə verilib. Akademik Yusif Məmmədəliyevin və yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyləri, Buzxana tarixi-memarlıq abidəsi, Ordubad şəhər internat məktəbinin binası təmir olunub. Hazırda tikintisi və təmir-bərpa işləri aparılan obyektlər də az deyil. Ucqar dağ kəndi Nürgütdə kənd mərkəzi, şəhərdəki 3 nömrəli tam orta məktəb, aviakassa üçün yeni binalar və Məhəmməd Tağı Sidqinin ev-muzeyi inşa olunur.
Bu bölgə haqqında qeydlərimizi oxuyanlar yazımızın əvvəlində Ordubad haqqında deyilən qürurverici fikirlərə nə isə əlavə etmək istəyində ola bilərlər. Çünki saatbasaat dəyişən, gözəlləşən Ordubad bu gün ayrı büsatdadır. Bu büsatın təməlində muxtariyyətimiz, muxtar respublikanın bütün bölgələrinə göstərilən dövlət qayğısı durur. Qədim yurd yeri belə qayğı işığında daha gözəl sabahlara addımlayır.
Addımların möhkəm olsun.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR