23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan geosiyasi mövqeyi baxımından mühüm əhəmiyyət kəsb edən bir diyardır, Türk dünyasını bir-birinə bağlayan körpüdür. Naxçıvan “Türkün qapısı”dır. Bu qapının açıq olması Türk dünyasının beynəlxalq siyasətdə güc qazanması, türkdilli dövlətlərin güclü olması deməkdir. Bu məqalədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın geosiyasi mövqeyini, Türk dünyasında daşıdığı önəmi təhlil etməyə çalışmışıq. Naxçıvanın ərazi bütövlüyünün qorunması və muxtariyyət statusu Qars müqaviləsi ilə əldə edilmiş tarixi reallıqdır. Bəs bu anlaşmaya gedən yol haradan başlayır?

 Naxçıvanın ərazi taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusunun Qars müqaviləsinə əsasən əldə etməsi tarixi həqiqətdir. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrinə əsasən, Naxçıvanın sovet Ermənistanına verilməsi məsələsi qarşısında mahir diplomat Behbud ağa Şahtaxtinskinin göstərdiyi qətiyyətli fəaliyyət nəticəsində baş tutmuş və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilmiş, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Bu referendum özünün siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan, mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gediş idi. Şübhəsiz ki, 1 dekabr və 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrin arxasında mərkəz dayanmışdı. Buradakı əsas məqamlara diqqət çəkmək lazımdır. 

Əvvəla, Ermənistan Sovet Sosialist Respublikasının ilkin addımı kimi 29 noyabr 1920-ci ildə İnqilab Komitəsi qurulmuşdu və sovet Rusiyası Ermənistanın sovetləşməsini tezləşdirirdi. Hakimiyyət isə daşnak hökumətinin əlində idi və uzun illər idi ki, müharibə yolu ilə Naxçıvan diyarını əldə edə bilmirdi. Lakin Ermənistanın sovetləşər-sovetləşməz bəyannamələr qəbul etməsi ilə Rusiya ermənilərə onu göstərmək istəyirdi ki, daşnakların illərdən bəri güc yolu ilə ala bilmədiyi Naxçıvan, sadəcə, bir sözlə sovet Ermənistanına veriləcəkdir. Beləliklə, müharibə yolu ilə alına bilməyən ərazilər qələmlə hədiyyə edilməklə daşnak hökuməti gözdən düşürüləcək, əhalinin sovet idarəsinə alışması, ermənilərin torpaq iddiaları təmin olunacaq və digər “hədəflərin” reallaşması üçün sovet Rusiyasına ümid gözü ilə baxılacaqdı. Göründüyü kimi, Rusiya bu yolla öz gələcək fəaliyyətini müəyyənləşdirirdi. Lakin mövcud mürəkkəb şəraitdə mərkəzin bu planını pozan məhz Behbud ağa Şahtaxtinski oldu. Düşünülmüş diplomatiya ilə bütün Türk dünyasını bir-birinə bağlayan, əlaqələri təmin edən bir körpü kimi Naxçıvanın “Türk qapısı” olaraq milli dövlətçilik mövcudiyyətinin qorunub saxlanılması məhz onun sayəsində mümkün olmuşdur.
Behbud ağa Şahtaxtinski Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı bildirmiş, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermiş, nəticədə, bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-in təşkil edilməsi haqqında qərar qəbul edilmişdir.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə mövzusu olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğunu müdafiə edərkən rus nümayəndələr bu anlaşmanı, dolayısı ilə, Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılmış, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi imzalanmışdır (16 mart 1921).
Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edilmişdir. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etmişdir; Rusiya və Türkiyə sıx ittifaqda birləşərək müttəfiqə çevrilmişdilər.
Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı həll olunmamış məsələləri, xüsusilə ərazi problemlərini nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi.
Moskva müqaviləsi ilə şərq sərhədlərini müəyyənləşdirən Türkiyə Qarsda da Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalamaq istəsə də, Behbud ağa Şahtaxtinskinin vahid müqavilə bağlanmasının Cənubi Qafqaz respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olacağı, inqilabi zərurətin bunu tələb etməsi təklifindən sonra 13 oktyabr 1921-ci il tarixdə ümumi müqavilə imzalanmışdır. 20 maddə və 3 əlavədən ibarət olan bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqi, zorla qəbul etdirilən müqavilələr, əsas olaraq da Sevr müqaviləsi rədd edilirdi.
Çox gərgin, prinsipial şəraitdə keçən və 18 gün davam edən Qars konfransında imzalanan müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit edilmiş və bu status məsələsində razılığa gələn tərəflər – Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri müəyyən olunmuşdur.
Qeyd olunan maddədə yazılır: “Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.
Naxçıvanlıların əzmkar mübarizəsi ilə görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin siyasi gedişləri nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrlə Naxçıvanın taleyi həll olunmuş, gələcək siyasi-hüquqi statusu müəyyənləşdirilmişdir.
Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin 11 sentyabrında qüvvəyə minmişdir.
Qars müqaviləsilə muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Naxçıvanın muxtariyyət statusu daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, ulu diyarın hərtərəfli inkişafını təmin edən sosial-iqtisadi siyasət yürüdülmüşdür. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Məhz həmin siyasətin nəticəsidir ki, bir vaxtlar Qars müqaviləsinə əsasən ərazi taleyi həll edilən Naxçıvan Muxtar Respublikasının ölkəmizin xarici siyasəti kontekstində xarici əlaqələri və diplomatiyası xeyli inkişaf etməkdədir.
Son illər xarici ölkələrin Bakıdakı diplomatik nümayəndələrinin və bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, xarici şirkət nümayəndələrinin Naxçıvana mütəmadi səfərləri muxtar respublikanın strateji əhəmiyyətinin göstəricisinə çevrilmişdir. İranın, Türkiyənin dövlət və hökumət başçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlərinin, eyni zamanda 2009-cu ilin oktyabr ayında Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının məhz Naxçıvanda keçirilməsi muxtar respublikanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə böyük töhfə olmuşdur.
Son illər muxtar respublikamıza və onun Konstitusiyasına Avropa Komissiyasının, Venesiya Komissiyasının verdiyi müsbət rəy xüsusilə qeyd edilməlidir. Rəydə deyilir: “Naxçıvan Muxtar Respublikası digər Avropa muxtariyyətləri arasında geniş muxtariyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası bütövlükdə muxtariyyətin idarə edilməsi qaydalarını şərtləndirən normal əsaslar yaradır və qitənin digər muxtariyyətlərinin səlahiyyətlərinin və əsaslarının müəyyənləşdirilməsində model kimi çıxış edə bilər”.
Bütün bu diplomatik fəaliyyət qədim diyarımıza qarşı əsassız iddiaların hələ də davam etdiyi müasir şəraitdə Naxçıvanın muxtariyyət statusunun və onun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasına xidmət etməklə bərabər, Naxçıvan Muxtar Respublikasının beynəlxalq mövqeyinin və siyasi-iqtisadi potensialının gücləndirilməsinə səbəb olan uğurlu, çoxşaxəli siyasətlə nəticələnməkdədir.

Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR