23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti   

Ulu öndər Heydər Əliyеv: Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqil­liyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir.


(Əvvəli qəzetin ötən sayında)

Son illərdə büdcədən maliyyələşdirilən təşkilatlarda işçilərin əməkhaqları bir neçə dəfə artırılmış, böyük qrup ədəbiyyat, incəsənət və elm xadimlərinə, habelə gənc istedadlara fərdi təqaüdlər müəyyən edilmişdir. Məsələn, 1999-cu il avqustun 1-dən dövlət büdcəsindən maliyyələşdirilən bir sıra müəssisə və təşkilatlarda işləyən fəhlə və qulluqçuların əməkhaqları 1,8 dəfə, 2000-ci il yanvarın 1-dən təhsil işçilərinin, aprelin 1-dən elm, mədəniyyət və sosial təminat sahələrində çalışan işçilərin əməkhaqları 25 faiz artırılmışdır.
2000-ci il yanvarın 1-dən əməkhaqqının vergi tutulmayan minimum həddi 60 min manatdan 100 min manata qaldırılmışdır ki, bu da ölkə vətəndaşlarının real gəlirinin artmasına xeyli imkan yaradır.
Ölkədə vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində orta aylıq pensiyanın məbləği 2 dəfədən çox artmışdır.
2000-ci il ərzində işləməyən əhaliyə ödəniləcək pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilmişdir. Hazırda bu sahədə praktik olaraq borc qalmamışdır və yaxın günlərdə dekabr ayı üzrə pensiya və müavinətlər tamamilə ödəniləcəkdir. 1999-cu ildə əhaliyə ödənilən pensiyaların məbləği 635 milyard manat olduğu halda, cari ildə 810 milyard manata çatmış və ya 16,5 faiz artmışdır. Müavinətlər isə keçən illə müqayisədə 12,7 faiz çoxalmışdır.

Son vaxtlarda Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin bir qrupu dövlət vəsaiti hesabına minik maşınları və mənzillərlə təmin olunmuşdur. Əlilləri fəal iqtisadi həyata qaytarmaq üçün əlillərin reabilitasiya mərkəzi fəaliyyətə başlamışdır.
Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə onlara yemək xərci üçün verilən aylıq müavinət 2000-ci il yanvarın 1-dən 3,5 dəfə artırılmışdır.
Ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərini sistemli şəkildə həll etmək və onların sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət proqramı qəbul edilmişdir (1998-ci il, 17 sentyabr). Həmin dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müvafiq sosial infra­struktur yaratmaq, iş yerləri açmaq məqsədilə 1999-cu ilin dekabr ayında məcburi köçkünlərin sosial inkişaf fondu yaradılmışdır.
Əhalinin müdafiəsinin yaxşılaşdırılması hər vaxt dövlətin diqqət mərkəzində olan məsələdir. Ölkənin sosial-iqtisadi imkanları yaxşılaşdıqca və büdcənin mədaxili artdıqca, müvafiq olaraq, belə tədbirlər də həyata keçiriləcəkdir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin möhkəm təməli qoyulmuş və yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Yeni minilliyin başlanğıcı iqtisadi islahatların dərinləşməsində dönüş mərhələsi olacaq və onun əsas istiqamətləri iqtisadiyyatın strukturunun yenidən qurulması və yeni şəraitə uyğun təsisat dəyişikliklərin həyata keçirilməsindən ibarət olacaqdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, postsovet məkanının digər ölkələri kimi, respublikamız da keçid dövrünü yaşayır. Ölkənin iqtisadiyyatında həmin dövrün tələblərindən doğan bir sıra obyektiv çətinliklər, problemlər vardır. Ərazimizin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması, bir milyondan çox vətəndaşımızın qaçqın və köçkünlərə çevrilərək ağır şəraitdə yaşamağa məcbur olması mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Əsasən obyektiv xarakter daşıyan bu problemlər vətəndaşlarımızın böyük bir qismini çətin sosial-iqtisadi vəziyyətdə yaşamağa vadar edir. Əhalinin bir hissəsinin maddi sıxıntılar içərisində, ağır vəziyyətdə yaşaması hamımızı narahat edir, incidir. Onu bilməliyik ki, bütün bu problemlər, sıxıntılar, çətinliklər yalnız müvəqqəti xarakter daşıyır. Xalq əmin olmalıdır ki, respublika rəhbərliyi bu sahədə yaranmış vəziyyətin ağırlığını dərk edir və onun aradan qaldırılması üçün bütün mövcud imkanlardan lazımınca istifadə edir və bundan sonra da edəcəkdir. Son illərdə ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərimiz onu qətiyyətlə deməyə əsas verir ki, bizi narahat edən problemlərin həlli yolunda qarşıdakı yaxın illərdə mühüm addımlar atılacaq, xalqımızın üzləşdiyi bir çox sosial-iqtisadi çətinliklər aradan qaldırılacaq, vətəndaşlarımızın rifah halı yaxşılaşacaq və onlar layiq olduqları firavan həyata qovuşacaqlar.
Biz Azərbaycanda bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər, vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu əməkdaşlıq edirlər. Biz Azərbaycanda demokratiyanın inkişafını, sözün həqiqi mənasında, təmin etmək üçün çox səylər göstəririk.
Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Ölkəmizdə demokratik inkişaf üçün zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Respublikada müxtəlifyönlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyət göstərməsi, yüzlərlə mətbuat orqanının senzurasız sərbəst nəşr edilməsi, özəl televiziya və radio kanallarının öz verilişlərini maneəsiz efirə çıxarması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, demokratiya ab-havasının hökm sürməsinin konkret əyani nəticələridir. Elə bəzi bədxahların “Azərbaycanda demokratiya yoxdur”, – deyə car çəkməsi və buna görə də heç bir təzyiqə və təqibə məruz qalmamasının özü ölkəmizdə demokratiyanın mövcud olmasına tutarlı dəlildir. Eyni zamanda unutmamalıyıq ki, bütün bunları biz cəmi 9 il ərzində əldə etmişik. Bu illərin də bir neçəsi Azərbaycanda hökm sürmüş siyasi çəkişmələr, hərc-mərclik, özbaşınalıq dövrünə təsadüf edir. Hələ də qonşu Ermənistanla müharibə şəraitində yaşamağa məcbur olan Azərbaycanda demokratik inkişaf yolunda belə az müddət ərzində əldə edilmiş nailiyyətlər, həqiqətən də, olduqca böyükdür. Onu təkcə biz yox, yüz illər ərzində demokratiya yolu keçmiş bir çox xarici ölkələrin nümayəndələri də təsdiq edirlər.
2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçki kampaniyası da bunu bir daha nümayiş etdirdi. Deputatlığa namizədlər üçün seçkilərdə tam bərabər şəraitin yaradılması, siyasi partiyaların seçkilərdə iştirak etməsi yolunda hər cür əngəllərin aradan qaldırılması, seçkilərin azad, demokratik, obyektiv keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi respublikamızın qısa bir müddət ərzində demokratiya yolunda artıq böyük təcrübə topladığını əyani şəkildə göstərir.
Bəzilərinin güman etdiyi kimi, demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə yaranıb inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ona görə nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın: Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik.
Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir.
Müstəqillik illərində biz, əslində, milli-mədəni irsimizi, tariximizi, milli sənətimizi bir daha təhlil edərək, onu ideoloji buxovlardan və qadağalardan xilas edirik. Bununla yanaşı, biz Azərbaycan mədəniyyətinin dünya sənət xəzinəsinə verdiyi töhfələrlə başqa xalqların nümayəndələrini tanış edirik. Məhz müstəqillik dövründə biz Füzulinin 500 illiyini keçirdik. Əsl poeziya bayramına, milli mədəniyyət bayramına çevrilən bu təntənələr, digər tərəfdən, Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin bayramı idi. Müxtəlif ölkələrdən, YUNESKO-dan bu yubileyə gələn insanlar Füzuli poeziyası vasitəsilə Azərbaycanı tanıyır, onun həqiqətlərini dünyaya çatdırırdılar.
Əsrlərin və minilliklərin qovuşduğu bu 2000-ci ildə Azərbaycan Respublikası türkdilli dövlətlər başçılarının, dünya qorqudşünaslarının iştirakı ilə möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyini qeyd etdi. Təqiblərə məruz qalmış bu epos, nəhayət ki, müstəqil Azərbaycan Respublikasında öz layiqli qiymətini aldı.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır.

(Ardı qəzetin növbəti sayında)

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR