Dekabrın 11-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat vermiş, ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider istər sovet imperiyası dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkəmizdə ardıcıl islahatlar həyata keçirmiş, sürətli sosial-iqtisadi inkişafa və sabitliyə nail olunmuşdur. Azərbaycanın bugünkü sürətli inkişafı, mövcud sabitlik ümummilli liderin müdrik siyasətinin bəhrəsidir.
Baş konsul Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmiş, bu gün hər iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, dost və qonşu ölkə olan İranda, o cümlədən Təbriz şəhərində də hər il ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir.
Sonra ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, İranın Şərqi Azərbaycan Valiliyinin nümayəndələri, Türkiyənin Təbrizdəki Baş konsulu və Baş Konsulluğun əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmış, İranın “Dəniz” qəzetində ulu öndərlə bağlı məqalə dərc olunmuşdur.
“Şərq qapısı”