Dekabrın 11-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları ümummilli liderin Qars şəhərinin “Ərzurum” küçəsindəki abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Sonra Baş Konsulluqda mərasim keçirilmişdir. Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə çıxış edən Baş konsul Ayxan Süleymanov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin siyasi xətti ölkəmizin hərtərəfli inkişafına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan Respublikası ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından bəhs edən Baş konsul ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulamış, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu layihələrin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş, şeirlər bədii qiraət olunmuş, ehsan süfrəsi açılmışdır. Tədbir iştirakçıları ümummilli liderin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu” adlı sənədli filmə baxmış, kitab, jurnal və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Mərasimdə Qars valisi Günay Özdemir, Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, şəhərin digər rəsmi qurumlarının nümayəndələri, Qars Qafqaz Universitetinin professor-müəllim heyəti və tələbələri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun İqdır bölməsində də anılmışdır.
Tədbir iştirakçıları ulu öndərin İqdır şəhər mərkəzindəki Heydər Əliyev Parkında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə əklil və tər güllər düzmüşlər.
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun vitse-konsulu dahi siyasətçi Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı rolundan bəhs etmiş, ikitərəfli münasibətlərin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır. Tədbirdə İqdır valisinin müavinləri Muhlis Arslan və Mevlüd Özmen, İqdırdakı Azərbaycan dərnəyinin təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Hər iki tədbir kütləvi informasiya vasitələri tərəfindən ətraflı işıqlandırılmışdır.
“Şərq qapısı”