Hər bir ölkədə inkişaf o zaman təmin olunur ki, onun qarantı olan vahid konsepsiya və bu konsepsiyanı əməli işə çevirən siyasətçilər olsun. Vətəni, xalqı böyük hədəflərə doğru aparmaq qüdrətində olan yetkin siyasi liderlər isə az-az yetişir. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevlə birgə çalışaraq böyük dövlətçilik təcrübəsi qazanan cənab Vasif Talıbovun 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə qədim Naxçıvanın tarixində yeni bir inkişaf səhifəsi açılmışdır. Bu dövrdən başlayaraq muxtar respublikada həyata keçirilən tədbirlər əməl və əqidə birliyinin nəticəsi kimi yüksək dəyərə malikdir.
“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən Ali Məclisin Sədri Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Muxtar respublikamızda əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu gün ulu öndərin ideyalarına sadiqlik əsasında həyata keçirilən islahatlar Naxçıvanın gələcək inkişafına təminat verir.
Müasir Naxçıvan, sözün əsl mənasında, Heydər Əliyev siyasətinin reallığıdır. Muxtar respublikada hansı sahəyə baxsan, orada geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarsan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən bir məsələni daim ön planda saxlamışdır ki, bu da təhsil quruculuğudur. Elm və təhsili davamlı iqtisadi inkişafın əsası hesab edən dahi şəxsiyyət deyirdi ki, “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”. Muxtar respublikada 1996-cı ildən başlayaraq həyata keçirilən islahatların mərkəzində də məhz təhsil infrastrukturunun müasirləşdirilməsi dayanmış, Naxçıvanda elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilmiş, orta ixtisas və ali təhsil müəssisələri üçün tədris korpusları tikilmişdir. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsini təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər kimi səciyyələndirmək düzgün deyil. Bu, bütövlükdə ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.
Müasir dünyada iqtisadi potensial inkişafın əsas hərəkətverici qüvvəsi hesab olunur. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar dayanıqlı inkişafı təmin etmişdir. Ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, 2013-cü ildə Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 54 dəfə, sənaye məhsulunun həcmi 95 dəfə, əsas kapitala yönəldilən investisiyalar 340 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9 dəfə, nəqliyyat sektorunda yük daşınması 24 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 107 dəfə, pərakəndə əmtəə dövriyyəsi 30 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 47 dəfə, ixracın həcmi 201 dəfə, əhalinin gəlirləri isə 55 dəfə artmışdır.
Naxçıvan Muxtar Respublikasında rayonların tarazlı inkişafı təmin edilmiş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri, açılan iş yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarı ilə, bölgələrin inkişafına səbəb olmuşdur. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 252 inzibati bina, 369 mədəniyyət müəssisəsi, 41 idman obyekti, 6325 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Müasir Naxçıvanın inkişafında əsas diqqətçəkən məsələlərin önündə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması gəlir. Hər iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Lakin blokada şəraitində bunlara nail olmaq, hətta bu sahələr üzrə ixrac potensialı yaratmaq əsl möcüzədir. Əgər 1996-cı ildə muxtar respublikada 1 su elektrik stansiyası vardısa, hazırda elektrik stansiyalarının sayı 7-yə çatdırılmış, yaşayış məntəqələri tamamilə qazlaşdırılmışdır. 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaratmışdır. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 352 növdə məhsul istehsal olunur, 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, Naxçıvanın ixrac potensialı artırılır.
Bir zamanlar çörək növbəsində gözləyən, gecələr evində lampa yandıran, həyətindəki ağacı kəsib isinən, yarıac, yarıtox yatan naxçıvanlılar ərzaqla da, enerji ilə də özlərini təmin edəcəklərinə, bu gününü yox, gələcəklərini düşünəcəklərinə, ağac əkib yaşıllıqlar salacaqlarına, bir sözlə, evində, yurdunda rahat yaşayacaqlarına çətin inanardılar. Amma bu günü yaradan, bu xoş həyatı təmin edən muxtar respublika rəhbəri hər kəsdə bu inamı yaratdı. O rəhbər ki, qurub-yaratdığı Naxçıvanla, əslində, Vətəninə, xalqına, ulu öndər Heydər Əliyev yoluna olan sədaqətini göstərir. O rəhbər ki, onun müəllifi olduğu bugünkü intibah hər bir naxçıvanlının qürur mənbəyidir.
Ali Məclisin Sədri öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Son 19 ildə məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Bu dövrdə muxtar respublikada 231 səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Əhalinin dispanserizasiyasının düzgün təşkili, insanlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi artıq Naxçıvanda çətin cərrahi əməliyyatların aparılmasına imkan verir. Bir vaxtlar ən adi xəstəliklərin müalicəsi üçün başqa yerlərə üz tutan insanlar artıq yaşadıqları kənddə, qəsəbədə, şəhərdə yüksək tibbi xidmətlə təmin olunublar.
Muxtar respublikada hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Buna yüzlərlə misal gətirmək olar. Elə götürək son illər yaşayış məntəqələrində əhalinin rahat yaşayışının təmin olunması və məskunlaşmanın artması istiqamətində görülən işləri. “Məskunlaşma” deməklə məskunlaşma olmur. Məskunlaşma üçün, ilk növbədə, real zəmin yaradılmalıdır. Muxtar respublikada sakinlərin bütün sosial qayğılarla əhatə olunması, məşğulluqlarının təmin olunması, yeni iş yerlərinin açılması, fərdi təsərrüfatların inkişafının dəstəklənməsi hər bir sakində qurub-yaratmaq əzmini artırmışdır. Naxçıvanlılar bunu bir dəfə 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməklə etdilər, öz torpaqlarına sahib çıxdılar. Bu gün ən ucqar dağ kəndlərində belə – Şadada da, Havuşda da, Nürgütdə də, Gərməçataqda da, Ləkətağda da insanlar rahat yaşayır, təsərrüfatlarını genişləndirir, sabaha nikbinliklə baxır, muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər.
Söz kəndlərin inkişafından düşmüşkən, bir məsələni də vurğulamaq yerinə düşər. Bu gün Naxçıvan dünyaya özünün müasir kənd modellərini təqdim edir. Hər il Naxçıvanda abadlaşan kəndlərin sırası genişlənir. Kənd yaşayış məntəqələri rahat yolu, məktəb binası, səhiyyə ocağı, kənd və xidmət mərkəzləri ilə seçilir. Bu sosial obyektlərdə yaradılan şərait əhalinin rahatlığının təmin olunmasına, kəndlərin inkişafına hesablanmışdır. Çünki Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, “Kəndlərin inkişafı həm də ölkənin inkişafı deməkdir”.
Artıq nə blokada çətinlikləri, nə düşmən təhdidləri naxçıvanlıları qorxutmur. Onlar ümummilli liderimizin idarəçilik məktəbinə sadiqdirlər. Bu məktəbin xalqımıza, dövlətimizə bəxş etdiyi bəhrələri öz həyatlarında görürlər. Hər bir inkişaf modeli, ilk növbədə, milli xüsusiyyətləri tam şəkildə özündə əks etdirməlidir və yalnız bu halda onun uğuru gözləniləndir. Bu gün muxtar respublikada sosial-iqtisadi islahatlar həm də milli dəyərlərə, tariximizə sahiblik kontekstində həyata keçirilir. Naxçıvanda tarixi-mədəni irsimizə sonsuz qayğı ilə yanaşılır, xalqımıza xas olan milli-mənəvi dəyərlər qorunub saxlanılır. Muxtar respublikada bu məsələyə, ilk növbədə, Naxçıvanın qədim tarixinin öyrənilməsi ilə başlanılmışdır. 1996-cı ildən bəri muxtar respublikada keçirilən beynəlxalq simpozium və konfranslar bu mənada xüsusi əhəmiyyət daşıyır. İlkin yaşayışın və şəhərsalma mədəniyyətinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması və bərpası işinə ciddi diqqət yetirilməsi, Naxçıvan Duzdağ mədəniyyətinin yeni elmi istiqamət kimi müəyyənləşdirilməsi və bu sahədə tədbirlərin görülməsi doğma Vətən tarixinin düzgün araşdırılması zəruriliyinə diqqətdən qaynaqlanır. Qeyd olunan dövr ərzində 1202 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 60-dan artıq tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Milli dəyərlərimizə, adət-ənənələrimizə sahiblik bu gün muxtar respublikada prioritet məsələdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının beynəlxalq miqyasda tanınmasına, çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin öyrənilməsinə dair konkret siyasət həyata keçirilir. Dinamik inkişaf edən Naxçıvan artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, mədəniyyətlərin qovuşduğu məkana çevrilmişdir. Təbii ki, bütün bunlar da son 19 ildə muxtar respublikanın artan nüfuzunun nəticəsidir.
Naxçıvanda mədəniyyətin inkişafı, mədəni irsin qorunub saxlanması diqqət mərkəzində saxlanılır, onun təbliğinə xüsusi diqqət göstərilir. Ötən müddət ərzində muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri mədəniyyət sahəsini də əhatə etmiş, yeni mədəniyyət müəssisələri – muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, teatrlar üçün yeni binalar inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər Naxçıvanın turizm potensialını xeyli artırmışdır. Tarixi, dini-mədəni, kənd və ekoloji turizmin inkişafı üçün yaradılan şərait xarici ölkə vətəndaşları tərəfindən böyük maraqla qarşılanır. Bu gün əyilməzlik simvolu olan Əlincə qalasına, Nuh babaya öz qoynunda yer verən Gəmiqaya dağına rahat qalxan hər bir qonaq eyni rahatlığı Batabata səfər edib Zor bulağın gözündən bir ovuc su içməklə də, Naxçıvan şəhərindəki və rayon mərkəzlərindəki müasir otellərdə dincəlməklə də tapa bilir. Naxçıvanı sabitlik adası adlandırırlar. Burada insanlar nə şəhərdə, nə də kənddə qorxu içində gəzirlər. Artıq hər il Naxçıvana 400 minə yaxın turist səfər edir və bu rəqəm ilbəil artmaqdadır.
Hər bir millətin tərəqqisi həmin millətin gənclərinin malik olduğu potensialdan asılıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir”. Muxtar respublikada diqqət yetirilən ən vacib məsələlərdən biri də vətənpərvər və təhsilli gənc nəslin yetişdirilməsidir. Buna həm təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə, həm də gənclərin fəaliyyətinin dəstəklənməsi yolu ilə nail olunur. İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Digər tərəfdən gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması muxtar respublikada gənclərə göstərilən qayğının daha bir ifadəsidir.
Bu illər ərzində muxtar respublikada qazanılan nailiyyətlərdən biri də informasiya blokadasının yarılması, ölkə və dünya informasiya məkanına sürətli inteqrasiyanın təmin olunmasıdır. Rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər insanların informasiyaya olan tələbatının dolğun ödənilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bütün bunların nəticəsidir ki, bu gün sakinlər Naxçıvanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, genişzolaqlı və sürətli internetdən, müasir rabitə xidmətindən, IP telefoniya və rəqəmsal televiziya yayımlarından istifadə edirlər.
Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı hərbi hissələrinin maddi-texniki təminatı möhkəmləndirilmiş, əsgəri-məişət-yaşayış kompleksləri tikilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikasının müdafiə potensialını xeyli artırmışdır. Naxçıvan Muxtar Respublikasında hərbçi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Hazırda Heydər Əliyev adına Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirir, Naxçıvan torpağının yetirmələri olan generalların layiqli davamçıları kimi yetişirlər.
Müdrik fikirlərin birində deyilir ki, “siyasi fəaliyyət o zaman məktəb kimi qəbul edilir ki, onun əsl davamçıları vardır”. Bu gün ölkəmiz Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Artıq Azərbaycan dünyada söz sahibi olan, güclü iqtisadiyyata və qüdrətli orduya malik bir dövlətdir. Bu qüdrətli dövlətin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ulu öndərimizin və onun layiqli davamçısının ideyalarının dönmədən həyata keçirilməsi nəticəsində əsl inkişafa qovuşmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Bu il Naxçıvan muxtariyyətinin 90 yaşını qeyd edir. Tarixi min illərlə ölçülən bu diyarın son 90 ili bir çox istiqamətlərdə qazanılan nailiyyətlərlə, uğurlarla əlamətdar olmuşdur. Lakin muxtariyyətin 1995-ci ildən ötən dövrü intibah dövrü kimi səciyyələndirilir. İntibaha isə, sadəcə, bugünkü inkişafla nail olunmur. Naxçıvan intibahı keçmişlə bu günün vəhdətində gələcəyə hesablanmış inkişaf modelidir.