Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə əyani sübutdur.
(Əvvəli qəzetin ötən sayında)
Cari ildə diri çəkidə 195 min ton ət, 1070 min ton süd, 550 milyon ədəddən çox yumurta, 12 min tona yaxın yun və 70 tondan çox barama istehsal olunmuş, heyvandarlıq məhsulları istehsalı 1999-cu ilə nisbətən 3,7 faiz artmışdır.
Bitkiçilik və heyvandarlıq məhsulları istehsalında qazanılmış uğurlar kənd təsərrüfatının ümumi məhsulunun keçən illə müqayisədə 12,0 faiz artmasına imkan vermişdir.
Kənd təsərrüfatında aparılan islahatları dəstəkləmək, bu sahədə çalışan adamlara kömək etmək və problemləri aradan qaldırmaq məqsədilə 1999-cu ilin yazında xüsusi qanun və fərmanlar qəbul edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilməsi, həmçinin büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın (neft məhsullarının) güzəştli satışı və digər tədbirlər bu sahədə dövlət qayğısının təzahürüdür. Həmin tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalına əhəmiyyətli təsir göstərmişdir. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bu sahədə görülən işlərin məqsədyönlü və sistemli şəkildə aparılması üçün aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair dövlət proqramı təsdiq edilmişdir.
2000-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən 4,2 trilyon manat həcmində investisiya yönəldilmiş, 2,0 trilyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Keçən illə müqayisədə istifadə olunmuş investisiyanın məbləği 2,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,4 faiz artmışdır. Əsaslı vəsaitin 51,0 faizini və ya 2,1 trilyon manatını xarici investisiya təşkil etmiş, 3,4 trilyon manatı, yaxud 81,3 faizi istehsal təyinatlı obyektlərin inşasının davam etdirilməsinə sərf olunmuşdur. İlin əvvəlindən Yenikənd Su Elektrik Stansiyası, 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində gücü 55 min kvt olan yeni qaz-turbin elektrik qurğusu, “Qurtuluş” qazma qurğusu, “Azərneftyağ” İstehsalat Birliyində bitum qurğusu kompleksi, 52,9 km uzunluğunda baş Mil-Muğan kollektorunun ikinci hissəsi, Naxçıvan Dövlət Universitetinin tədris korpusu, Bakı şəhərində Mərkəzi Klinik Xəstəxana, ümumi sahəsi 302,5 min kvadratmetrə çatan yaşayış evləri, 1906 yerlik ümumtəhsil məktəbləri, 40 çarpayılıq xəstəxana, növbədə 70 nəfəri qəbul etməyə imkan verən ambulator-poliklinika müəssisəsi və sair istifadəyə verilmişdir. Cari ildən “Şimal” DRES-in yenidən qurulmasına və Ələt-Qazıməmməd avtomobil yolunun tikintisinə başlanmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 80 milyon ton yük və 880 milyon nəfər sərnişin daşınmış, keçən ilə nisbətən yük daşınması 17,3 faiz, sərnişin daşınması 2,1 faiz artmışdır. Yük daşınmasının 54,6 faizi, sərnişin daşınmasının 83,5 faizi qeyri-dövlət bölməsinin nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.
Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 700 milyard manatdan çox, yaxud keçən ilə nisbətən 33,6 faiz çox rabitə xidməti göstərilmişdir. Xidmətlərdən əldə edilmiş gəlirlərin 61,3 faizi qeyri-dövlət bölməsinin payına düşür.
İlin əvvəlindən əhaliyə 12,8 trilyon manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Əmtəə dövriyyəsi 9,8 faiz artaraq 10 trilyon manatdan çox, pullu xidmətlərin həcmi isə 5,7 faiz artaraq 2,5 trilyon manata çatmışdır.
Cari ildə xarici ölkələrlə 2796 milyon dollar məbləğində, yaxud keçən illə müqayisədə 88,1 faiz çox ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 63,3 faizini ölkədən ixrac olunmuş mallar, 36,7 faizini isə idxal məhsulları təşkil etmiş, 680 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 80,7 faizi uzaq xarici ölkələrlə, 19,3 faizi MDB dövlətləri ilə aparılmış, ticarət əlaqələri uzaq xarici ölkələrlə 2,2 dəfə, MDB dövlətləri ilə 18,0 faiz artmışdır.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri il ərzində keçən illə müqayisədə 1,8 faiz bahalaşmışdır. Lakin eyni zamanda orta aylıq əməkhaqqı 15,0 faiz artaraq 204,2 min manat, əhalinin adambaşına pul gəlirləri isə 11,0 faiz çoxalaraq 185,4 min manat təşkil etmişdir.
İqtisadi yüksəlişin həlledici şərti hesab olunan investisiya qoyuluşu son illər artmaqda davam edir. Belə ki, 1996-cı ildə kapital qoyuluşunun həcmi 65 faiz, 1997-ci ildə 67 faiz, 1998-ci ildə isə 45 faiz artmışdır. Kapital qoyuluşunun artmasında ölkəmizə xarici kapital axını həlledici rol oynayır. 1996-2000-ci illərdə ölkə iqtisadiyyatına 5,0 milyard ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir. İndi Azərbaycanda yalnız neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə (rabitə, maşınqayırma, yeyinti, xidmət və sair) xarici investisiya qoyuluşu xeyli artmışdır. Nəticədə, xarici investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 1996-cı ildə 33 faiz, 1997-ci ildə 40 faiz olmuşdusa, 1999-cu ildə 50 faizə çatmışdır. Hazırda Azərbaycanda adambaşına 150 ABŞ dollarına yaxın xarici investisiya düşür ki, bu da MDB məkanında ən yüksək göstərici hesab olunur.
Azərbaycanın xarici şirkətlərlə bağladığı neft müqavilələri çərçivəsində neft sənayesinə 60 milyard ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulur. Neft satışından əldə edilən gəliri səmərəli şəkildə ölkəmizin sosial-iqtisadi tərəqqisinə istifadə etmək məqsədilə hazırda xüsusi neft fondu yaradılmışdır.
Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə əyani sübutdur.
Ölkədə islahatların dərinləşdirilməsində özəlləşdirmə prosesi həlledici yer tutur. Son illər bu sahədə xeyli işlər görülmüşdür, artıq kiçik özəlləşdirmə başa çatmışdır. Ölkədə ticarət, ictimai iaşə və bütün xidmət obyektləri, demək olar ki, iş adamlarının əlində cəmlənmişdir. Orta və iri sənaye müəssisələrinin özəlləşdirilməsinə başlanmışdır.
Hazırda özəlləşdirmədə yeni mərhələ başlanır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında yeni qanunun və II Dövlət Özəlləşdirmə Proqramının qəbul olunması bu prosesə yeni təkan verəcək, onun daha səmərəli aparılmasını təmin edəcəkdir. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən strateji obyektlərin (metallurgiya, maşınqayırma, yanacaq, neft kimyası, infrastruktur sahələr və sair) özəl-ləşdirilməsinə hazırlıq işləri gedir. Bu isə hər bir obyektə fərdi yanaşma tələb edir. Odur ki, hər bir belə obyektin ölkə iqtisadiyyatındakı yeri və rolu nəzərə alınmaqla onun özəlləşdirilməsi planı işlənib hazırlanacaqdır.
Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu məqsədlə ölkədə sahibkarlığın inkişafı üçün müvafiq hüquqi baza yaradılmışdır. Özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi və sahibkarlığın inkişafına şərait yaradılması nəticəsində hazırda Ümumi Daxili Məhsulda özəl bölmənin payı 62 faizə, o cümlədən sənayedə 43 faizə, kənd təsərrüfatı və ticarətdə 98 faizə, tikintidə 77 faizə, yük daşınmasında 45 faizə, sərnişin daşınma-sında 80 faizə çatmışdır.
Bu gün ölkədə sahibkarların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və əsassız yoxlamaların qarşısını alan iki fərman (1996-cı il 17 iyun tarixli və 1999-cu il 7 yanvar tarixli) qəbul edilmişdir. Ölkədə əlverişli sahibkarlıq mühiti yaratmaq məqsədilə bundan sonra da müvafiq tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, aparılan islahatların sosial yönümü və əhalinin sosial müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur və bu sahədə müntəzəm olaraq məqsədyönlü iş aparılır. Son illər əməkhaqqının artırılması barədə dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində işçilərin orta aylıq nominal əməkhaqqı xeyli artmışdır. Son 5 ildə (1994-1999-cu illər) orta aylıq əməkhaqqı 12 dəfə artaraq 184,4 min manat təşkil etmişdir. 2000-ci ilin yeddi ayı ərzində bu göstərici artmaqda da davam etmiş və hazırda bir işçinin aylıq orta əməkhaqqı 204,2 min manata bərabərdir.
Burada mühüm bir cəhəti də nəzərə almaq lazımdır ki, əməkhaqqının artımı inflyasiyanın çox aşağı səviyyədə olması (son iki ildə isə deflyasiya – istehlak qiymətlərinin aşağı düşməsi) şəraitində baş vermişdir. Əgər 90-cı illərin birinci yarısında inflyasiyanın artımı əhalinin pul gəlirlərinin artım sürətini üç dəfə üstələyirdisə, son 5 il ərzində isə, əksinə, əhalinin pul gəlirinin artım sürəti inflya-siyanın səviyyəsini 2,5 dəfədən çox qabaqlamışdır. Başqa sözlə, əhalinin alıcılıq qabiliyyəti 2,5 dəfə artmışdır.
(Ardı qəzetin növbəti sayında)