Dünən Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Məşğələni ali təhsil müəssisəsinin rektoru, professor Oruc Həsənli açıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının 50 illik bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə sıx bağlıdır. 1969-cu ilə qədər Naxçıvanın iqtisadiyyatı və mədəniyyəti çox ləng inkişaf edirdi, bir çox göstəricilərə görə muxtar respublika ölkənin ayrı-ayrı bölgələrindən çox geridə idi. Həmin dövrdə mərkəzi hakimiyyət də təbii sərvətlərlə zəngin olan muxtar respublikada məhsuldar qüvvələrin inkişafına bilərəkdən etinasızlıq göstərirdi. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycandan təcrid vəziyyətinə salınmış Naxçıvanı iqtisadi cəhətdən zəif inkişaf etmiş regiona çevirmək, bu yolla naxçıvanlıları ata-baba torpaqlarından didərgin salmaq siyasəti yeridilirdi. Lakin 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra, digər bölgələrimiz kimi, Naxçıvan da inkişaf yoluna qədəm qoydu.
Vurğulanıb ki, ötən əsrin sonlarında dahi şəxsiyyətin Naxçıvana qayıdışı, 1990-1993-cü illərdə burada yaşayıb fəaliyyət göstərməsi bu qədim türk yurdunu bəlalardan xilas etdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkəmiz, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız Heydər Əliyev siyasətindən bəhrələnərək yeni inkişaf yoluna qədəm qoydu.
* * *
Naxçıvan Tibb Kollecində keçirilən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi də “Heydər Əliyev və Naxçıvan” mövzusuna həsr olunmuşdu. Məşğələni kollecin direktoru İlhamə Mustafayeva açdı.
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirdi ki, bu gün ölkəmizin hərtərəfli inkişafına ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri nəticəsində nail olunub.
Qeyd edildi ki, ümummilli liderimiz siyasi fəaliyyətinin həm birinci, həm də ikinci dövründə Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafı üçün fundamental tədbirlər həyata keçirib. Naxçıvan hazırda elə böyük inkişaf dövrünü yaşayır ki, muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi və kəndi daim yeniləşir, gözəlləşir, abadlaşır. Bütün bunlar ulu öndər Heydər Əliyev yolu ilə müzəffər yürüşünü davam etdirən müstəqil Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan ulu Naxçıvanın yeni yüksəlişinin, möhtəşəm inkişafının nurlu səhifələridir.
Xəbərlər şöbəsi