23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndərimiz Heydər Əliyev fitri istedadına, dərin zəkasına, xarakterinin bütövlüyünə, iradə qüvvəsinin sarsılmazlığına, doğma torpağına, xalqına, milli-mənəvi dəyərlərimizə məhəbbətinə söykənərək xalqımızın ən yuksək mənəvi-intellektual keyfiyyətlərinin, siyasi potensialının daşıyıcısına çevrilmiş, bir qərinədən artıq müddətdə çox böyük uğurla ölkəmizə rəhbərlik etmişdir. Şübhəsiz ki, bu, adi bir insan, sadəcə, bir rəhbər ömrü deyil – bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının işıqlı və xoşbəxt gələcəyinə həsr etdiyi möhtəşəm bir həyat salnaməsidir.

Bu gün ümummilli liderimizin siyasi fəaliyyət dövrünün səhifələrini bir daha vərəqləməklə şahid oluruq ki, ulu öndərin hakimiyyətinin birinci dövrü – ХХ əsrin 70-80-ci illəri Azərbaycanımızın çiçəkləndiyi, inkişaf və tərəqqi yolunda inamla irəlilədiyi şərəfli bir dövr olmuşdur. SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyevin 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başladı.­

1990-cı il iyulun 22-də muxtar respublikamıza qayıdan ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki “Azadlıq” meydanında 100 mindən çox naxçıvanlı ilə görüşü bu görkəmli şəxsiyyətin vətəninin məşəqqətli, böhranlı və taleyüklü günlərində Vətənlə, xalqla bir yerdə olmaq iradəsinin ifadəsi idi.
1990-cı ilin sentyabr seçkilərində öz böyük oğlunu Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçməklə xalq illərdən bəri tapdalanan mənafeyini və taleyini yenidən dahi rəhbər Heydər Əliyevə həvalə etdi. Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”kı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın və bariz sübutu idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidi, xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə muxtar respublika Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Sessiyanın keçirildiyi ərəfədə istər Azərbaycanda, istərsə də Naxçıvanda yaranmış gərgin vəziyyətdə xalqı yalnız Heydər Əliyev birləşdirə, muxtar respublikanı düşmüş olduğu böhrandan yalnız о çıxara bilərdi. Onun Ali Məclisin Sədri vəzifəsində çalışdığı illər bu həqiqətin bariz ifadəsi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu illəri böyük siyasi təcrübəsi və kamil tarixçi nöqteyi-nəzəri ilə belə qiymətləndirir: “Aydın məsələdir ki, ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazır­ladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.
Muxtar respublikanın etibarlı müdafiəsini təşkil etmək üçün 1991-ci il sen­tyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradıldı, Naxçıvan ərazisindəki sovet hərbi hissələrinin arsenalının bütünlüklə Müdafiə Komitəsinə təhvil verilməsi üçün təcili tədbirlərin görülməsinə başlanıldı. 1991-ci il dekabrın 16-da Naxçıvan pаrlamentinin qəbul etdiyi “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarla 1989-cu il dekabr ayının son günlərində baş vermis “Sərhəd hərəkatı” tariximizin daş yaddaşına bayram günü kimi həkk edildi.
1992-ci il Azərbaycanın müstəqilliyini təhdid edən hadisələrlə yadda qaldı. Düşmən Xocalı soyqırımını törətdi, Şuşa və Laçın işğal edildi. May ayının lap əvvəllərindən erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başladılar. Belə bir vəziyyətdə ölkədəki siyasi iqtidar bütün qüvvəsini düşmənlə mübarizəyə sərf etmək əvəzinə Bakıda siyasi qruplaşmaların hakimiyyəti ələ keçirmək uğrunda şiddətli mübarizəsinə qoşulmuşdu. Paytaxtdan fərqli olaraq, Naxçıvanda xalqla rəhbərliyin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlamağa kömək etdi. Bu dövrdə ümummilli liderimiz Heydər Əliyev uğurlu diplomatik gedişləri və Türkiyə Cümhuriyyətinin rəhbərliyi ilə yaratdığı düşünülmüş əlaqələrlə dünyanın 57 dövlətinin Ermənistanın hərbi təcavüzünü pisləməsinə, Naxçıvanın isə düşmən işğalından xilasına nail oldu.
Bütövlükdə, 1992-ci il muxtar respublika üçün çox mürəkkəb və məsuliyyətli il idi. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atdı. Ulu öndərimizin qonşu Türkiyə və İrana səfərləri zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvanla Türkiyəni birləşdirən “Ümid körpüsü”nün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynadı.
Naxçıvan Muxtar Respublikası Аli Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyası demokratik proseslər baxımından xüsusi maraq doğurur. Sessiyada “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Novator dövlət xadimi olan Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində atılmış bu addım Azərbaycanda yeni dövrün tələblərinə uyğun, sonradan ümummilli liderin Azərbaycan Prezidenti olduğu illərdə uğurla bütün ölkədə aparılan və başa çatdırılan aqrar-iqtisadi islahatlаrın başlanğıc mərhələsi olmaqla о zaman muxtar respublika iqtisadiyyаtının aqrar sahəsinin tam məhvolma təhlükəsini aradan qaldırdı.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Аli Məclisinin Sədri kimi müstəqilliyimizin qorunub saxlanılmasına yönəlmiş fəaliyyəti, dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi respublikanın о vaxtkı naşı rəhbərləri tərəfindən siyasi qısqanclıqla qarşılanırdı. О zamankı oyuncaq siyasətçilərin məkrli niyyətləri о dərəcəyə çatmışdı ki, onların bəziləri Naxçıvanın mühüm tarixi-coğrafi və siyasi amillərlə bağlı olan muxtariyyətini ləğv etmək təklifini irəli sürürdülər.
Bu dövrdə ölkədəki siyasi hərc-mərclik və idarəolunmazlıq yeni siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaranması prosesini sürətləndirdi. 1992-ci ilin oktyabr ayında bir qrup ziyalının ulu öndərimizə müraciətindən və ümummilli liderimizin müraciətə müsbət cavabından sonra noyabrın 21-də Azərbaycanın nüfuzlu ziyalılarının və xalqın bütün zümrələrinin təmsil olunduğu 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində partiyanın təsis konfransı keçirildi və ulu öndərimiz yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.
Muxtar respublika 1993-cü ilə nisbi ictimai-siyasi sabitlik şəraitində qədəm qoydu. İlin birinci yarısında muxtar respublika xarici, xüsusilə qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələrinin inkişafının yeni mərhələsinə qədəm qoymuş, fevral-mart aylarında həmin dövlətlərin Naxçıvanda konsulluqları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri Naxçıvana gələrək Naxçıvan Muxtar Respublikası Аli Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevlə müvafiq danışıqlar aparmışdılar.
Tarixi zərurət – birbaşa xalqın tələbi, respublikada yaranmış böhranlı şərait, ölkə­nin о zamankı rəhbərlərinin siyasi səbatsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın böyük bir hissəsinin işğal olunması, ölkə­mizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıtmasını zəruri etdi. Məhz onun fenomenal şəxsiyyəti, müdrik siyasəti respublikadakı hərc-mərcliyi aradan qaldırdı, vətəndaş müharibəsinin, Azərbaycanın əyalətlərə parçalanmasının qarşısını aldı, cəbhədə qan tökülməsinə son qoydu. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, ölkəmizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf etdi.
Xalqımız ötən 2003, 2008 və 2013-cü illərin prezident seçkilərində ulu öndərimizin ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dövlət başçısı seçməklə “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev” vəhdətini bir daha təsdiqləmiş oldu. Hazırda cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin hər bir ayı və günü ümummilli liderimiz Heydər Əliyevin şah əsəri, bügünkü və gələcək nəsillərə tarixi əmanəti olan müstəqil Azərbaycanın inkişafı naminə konseptual siyasətinə, milli dövlətçilik ideologiyası olan Azərbaycançılıq məfkurəsinə yeni-yeni uğurlu çalarlar gətirməkdədir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının son 19 illik intibah dövründə ildən-ilə daha da müasirləşməsi, ictimai-siyasi, konstitusion-hüquqi və sosial-iqtisadi cəhətdən yalnız ölkəmizin deyil, regionumuzun ən sürətlə inkişaf edən ərazilərindən birinə çevrilməsi və bütövlükdə, dünyanın analoji muxtariyyət qurumları sırasında siyasi-hüquqi cəhətdən model kimi qiymətləndirilməsi muxtar dövlətimizdə dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsidir. 2014-cü il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı Meydanı və Muzeyinin açılışı, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla 17 noyabrın Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günü elan edilməsi ulu öndərin ruhuna böyük ehtiramın əlaməti, onun nurlu əməllərinin yaşadılmasının daha bir sübutudur.
Bütün bunlar sübut edir ki, ümummilli liderin şah əsəri və öz xalqına ən böyük əmanəti olan müstəqil Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyev də əbədi var olacaqdır. Ulu öndərimiz deyirdi: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Elman CƏFƏRLİ
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR