Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə müasir Azərbaycan Respublikasının qurucusu və onun tarixi dövlətçilik ənənələrini özünə qaytarmış ümummilli lider Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad edib, nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxıblar.
Anım tədbiri Milli Təhlükəsizlik Nazirliyinin akt zalında davam etdirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri, general-mayоr Vəli Ələsgərоv çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev həyat amalının ali məqsədini doğma xalqına xidmətdə, gələcək nəsillərin xoşbəxtliyi naminə çalışmaqda görürdü. Xalqımızın dahi oğlu özünün nadir istedadına, parlaq dövlətçilik təfəkkürünə və mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni iqtisadi-siyasi böhranın cəngindən xilas edib, bu günün və çiçəklənən gələcəyin etibarlı özülünü qoyub.
Vurğulanıb ki, dahi öndər fəaliyyətinin hər bir məqamı ilə dövlətin və cəmiyyətin mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışıb. Keçmişdə minbir məhrumiyyətlər görmüş Azərbaycan xalqı ümummilli liderin sarsılmaz siyasi uzaqgörənliyi sayəsində indi xoşbəxt gələcəyə uğurla addımlamaqdadır. Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin qarşıya qoyduğu dövlətçiliyin və milli maraqların etibarlı qorunması vəzifəsini uğurla həyata keçirir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
* * *
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, hələ sağlığında xalqımızın qəlbində əbədiyaşarlıq hüququ qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə bütün varlığı qədər sevdiyi Azərbaycanı çox çətin sınaqlardan xilas edərək inkişaf yoluna çıxarıb. Dövlət müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı, xalqımızın yaxşı yaşaması naminə həyata keçirdiyi cahanşümul tədbirlər Onu ümummilli lider səviyyəsinə yüksəldib. Bu isə Azərbaycan tarixində heç bir dövlət başçısına nəsib olmayan bir ucalıqdır.
Qeyd olunub ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndərimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, bu siyasət xalqımıza daha xoş və firavan günlər gətirəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli, şuranın əməkdaşlarından Yəmən Rzayeva, Səbuhi Hüseynov, Ceyhun Məmmədov, Gözəl Qənbərova, Mahir Şıxəliyev və başqaları çıxış ediblər.
* * *
Ulu öndər Heydər Əliyevin böyük dühası, siyasi iradəsi, dövlətçilik qüdrəti sayəsində Azərbaycan xalqı XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bildi və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etdi.
Bu fikirləri dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
İsmayıl Hacıyev müstəqil Azərbaycanın müasir tarixinin böyük bir epoxasının məhz ümummilli liderin adı ilə bağlı olduğunu bildirib, Onun xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz xidmətlərindən söz açıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər bütün siyasi fəaliyyətini Azərbaycanın yüksəlişinə həsr edib. Naxçıvanın da sürətli inkişafı ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimiz muxtar respublikada elmin inkişaf etdirilməsinə də xüsusi qayğı ilə yanaşıb. 1972-ci ildə Naxçıvan Elm Mərkəzi yaradıldı. Ümummilli lider hər hansı elm və ya təhsil sahəsinin yaranması ilə əlaqəli sərəncam və digər qərarlarla kifayətlənmir, onun yerinə yetirilməsi ilə bağlı məsələlərə, xüsusən maddi-texniki bazaya böyük önəm verirdi. 1974-cü il yanvarın 8-də verilən qərarla Naxçıvan Elm Mərkəzinin nəzdində Botanika bağının yaradılması, sonrakı dövrlərdə Ordubadda “Xəzər” xüsusi konstruktor bürosunun, Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsinin, “Araz” Elm-İstehsalat Birliyinin və digər elmi-tədqiqat sahələrinin yaranması bugünkü AMEA Naxçıvan Bölməsinə gedən yolun alt qatı idi.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurdu.
Xəbərlər şöbəsi