Şərur rayonu
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, ulu öndərimizin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan vermişdir. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək demişdir: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Rayon sakinləri ulu öndərin bu tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, onlarla müasir bina inşa olunmuşdur. Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları müasir binalarda fəaliyyət göstərir. Bu isə torpaq qədri bilən, yurd təəssüblü şərurlulara yüksək səviyyədə çalışmağa imkan verir.
Bu gün ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Şərur inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.
Dahi rəhbərin anım günündə şərurlular ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Dekabrın 12-də Şərur şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir.
Babək rayonu
Böyük xalq qəhrəmanının adını daşıyan Babək rayonu ümummilli lider Heydər Əliyevin yaratdığı rayonlarımızdan biridir. Babək rayonu 1978-ci il oktyabrın 23-də təşkil olunub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxan yeni rayonun təşkili ideyası həm də həmin dövrdə muxtar respublikada aparılan geniş quruculuq tədbirlərinin tərkib hissəsi kimi xatırlanır. Keçmiş Naxçıvan rayonunun tərkibindən ayrılaraq təşkil olunan yeni rayona xalq qəhrəmanı Babəkin adının verilməsi isə dahi şəxsiyyətin qətiyyəti, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük siyasətin qələbələrindən idi. Yarandığı dövrdən ötən müddət ərzində Babək rayonu böyük inkişaf yolu keçib, Heydər Əliyev ideyalarının uğurlu nəticələrinin əyani ifadəsi olan bir bölgəyə çevrilib.
Dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da böyük ehtiramla yad edilib. Həmin gün rayon mərkəzində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Rayon sakinləri abidə önünə tər gül dəstələri qoyub, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad ediblər. İdarə, müəssisə və təşkilatların, məktəblərin kollektivləri, ictimaiyyətin nümayəndələri, bir sözlə, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə ediblər.
Ordubad rayonu
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda dahi rəhbərin qurub-yaratdıqlarını sadalamaqla bitməz. Rayonun hərtərəfli inkişaf etdirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Zəngin təbiətə, bərəkətli torpaqlara, tarixi-mədəni abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal müəssisələrinin işə salınması dahi şəxsiyyətin bu bölgəyə böyük qayğısının ifadəsi kimi bu gün də unudulmayıb.
Qeyd etmək lazımdır ki, bir zamanlar bu qədim yurd yerimiz də diqqətdən kənarda qalıb. Ancaq muxtar respublikanın digər bölgələri kimi, ümummilli liderimizin səyləri hesabına Ordubad da sürətli inkişaf yoluna qədəm qoyub. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim yurd yerinə müasir görkəm gətirib. Görülən işlərin nəticəsidir ki, bu gün Ordubad tarixiliyini saxlamaqla ən abad və müasir bir rayona çevrilib. Bütün naxçıvanlılar kimi, ordubadlılar da dərindən dərk edirlər ki, bütün bunlar muxtar respublikada Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir. Buna görə də xalqımızın dahi oğlu rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır, ümummilli liderimizin xatirəsi əziz tutulur. Bu hislər dünən bir daha ifadə olunub. Ulu öndərin anım günündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildirib, ən böyük Azərbaycanlının əziz xatirəsini bir daha yad ediblər.
Culfa rayonu
Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anım günündə Onun əziz xatirəsini böyük ehtiramla yad edirlər. Rayonun hansı səmtinə üz tutsan, orada dahi rəhbərin ideyalarının uğurla davam etdirildiyinin şahidi olarsan.
Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşmışdır.
Ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının muxtar respublikamızda uğurlu davamının məntiqi nəticəsidir ki, digər rayonlarda olduğu kimi, Culfa rayonunda da kompleks quruculuq tədbirləri həyata keçirilmiş, rayonda onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilib istifadəyə verilmişdir. Culfa şəhəri aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl bir rayon mərkəzinə çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin rahatlığına hərtərəfli şərait yaratmışdır.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin hörmət hissi ilə yad edilir. Elə bu hörmətin, böyük liderə olan ehtiramın ifadəsidir ki, rayon sakinləri ulu öndərin anım günündə bir daha dahi rəhbərin əziz xatirəsini yad etmiş, Onun Culfa Rayon İcra Hakimiyyətinin binası qarşısındakı büstünü ziyarət etmişlər.
Kəngərli rayonu
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Kəngərli rayonunun da inkişafına böyük töhfələr verir. Ümummilli liderin nurlu yolunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü il martın 19-da Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzaladı.
Yeni rayonun yaradılması, yeni idarələrin fəaliyyətə başlaması mindən çox yeni iş yerinin yaranmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaratdı. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatdı. Heydər Əliyev ideyalarının muxtar respublikada uğurla həyata keçirilməsi bütün bölgələrimiz kimi, Kəngərli rayonunu da gözəlliklər diyarına çevirdi. Tarix üçün çox qısa bir dövrü əhatə etsə də, ötən illər ərzində burada mühüm infrastruktur layihələri həyata keçirildi, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verdi. Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar bu əraziyə möhtəşəm bir gözəllik bəxş edib.
Dünən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Kəngərli rayonunda da hörmət və ehtiramla anılıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ulu öndərin əziz xatirəsini yad etməklə dahi şəxsiyyətə və Onun nurlu yoluna olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucaldılmış abidəsi minlərlə insanın axın etdiyi məkana çevrilib.
Şahbuz rayonu
Müstəqil ölkəmizin hər yerində olduğu kimi, Şahbuz rayonunda da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri görünməkdədir. Rayon iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülmüş işlər müstəqillik illərində özünün yeni mərhələsinə qədəm qoyub. Şahbuz rayonunda da ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri, ölkəmizin, muxtar respublikamızın çətin dövrlərindəki xilaskarlıq missiyası həmişə minnətdarlıqla xatırlanır.
Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Şahbuz rayonunda da dərin ehtiramla anılıb. Anım günü münasibətilə keçirilən tədbirdə rayon sakinləri ulu öndərə öz dərin ehtiramlarını bir daha bildirmək üçün görkəmli dövlət xadiminin Şahbuz Rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış büstünü ziyarət ediblər. Şahbuzlular dahi rəhbərin xatirəsini dərin ehtiramla yad edərək bir daha ulu öndərin Vətəninə xidmətlərini, xalqına sədaqətini və doğma torpağına sevgisini minnətdarlıqla anıblar.
Sədərək rayonu
Sədərək rayonu ərazisində bir çox yaşayış massivlərinin salınması, bu rayonun yaradılması, inkişafı və tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində Sədərək Ermənistan tərəfindən hücumlara məruz qalmışdır. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd kəndi olan, Naxçıvanın qala qapısı sayılan Sədərəkdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1990-1993-cü illərdə ağır döyüşlər aparılmışdır. O zaman buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün misilsiz xidmətlər göstərmiş, dünyanın diqqətini burada baş verən hadisələrə yönəltmişdir. Ümummilli lider Heydər Əliyev Sədərəyi “Naxçıvanın qeyrət qalası” adlandıraraq demişdir: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Sədərək rayonunun erməni işğalından qorunması, bölgənin sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Sədərəklilər bu gün ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla anırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Dünən Sədərək rayonunda da rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Heydərabad qəsəbəsinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmişlər.
Xəbərlər şöbəsi