23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında böyük ehtiramla yad edilmiş, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin abidəsini ziyarət etmişlər.
Ümummilli lider Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti Vətənə, xalqa xidmətin ən kamil nümunəsidir. Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaldaraq ümummilli lider səviyyəsinə yüksələn dünya şöhrətli siyasətçi tarixin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Ulu öndər həmişə xalqını, Vətənini, millətini düşünmüş, canı qədər sevdiyi Azərbaycanın müstəqilliyi və tərəqqisi yolunda öz xi­laskarlıq missiyasını yorulmadan həyata keçirmişdir.

Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı Azərbaycan naminə fəaliyyətin ən möhtəşəm şüarı kimi səslənir. Müstəqil Azərbaycanın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya nur saçmasın. Ümummilli liderimiz doğma Azərbaycanı yüksəltmiş, onu inkişaf və tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtmışdır. Məhz bu amili yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
Ümummilli lider Heydər Əliyev təkrar­olunmaz dahi şəxsiyyət idi. Azərbaycan tarixinin 1969-1987-ci illərdəki inkişaf və tərəqqi dövrü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb və gələcəyə hesablanmış sosial-iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçinin Azərbaycana rəhbərlik etdiyi dövrdə yaratdığı sosial-iqtisadi və siyasi baza Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın vahid ideologiya – Vətən üçün yaşamaq, Vətən üçün fəaliyyət göstərmək fəlsəfəsi ətrafında birləşməsində əsas amil olmuşdur.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt insan kimi həyatımı başa çatdıracağam”, – deyən ümummilli liderin Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər Ona əbədiyaşarlıq haqqı qazandırmışdır. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə siyasi müstəqilliyə və iqtisadi sabitliyə nail olunmuş, xalqımız müstəqil, demokratik və hüquqi dövlətin vətəndaşları kimi öz xoşbəxt gələcəyini təmin etmək hüququ qazanmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır.
Heydər Əliyev ideyaları Naxçıvanı da əsl inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu gün muxtariyyətinin 90 illiyini böyük təntənə ilə qeyd edən Naxçıvan özünün əsl inkişaf dövrünü yaşayır. Bu inkişafa ümummilli liderin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət almış, dinamik iqtisadi inkişaf əldə olunmuş, infrastruktur yenilənmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, blokada şəraitində yaşayan muxtar respublikada enerji və ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Qazanılan bu uğurlar isə təbii ki, Heydər Əliyev siyasi xəttinə sədaqətin təntənəsidir.
Şəxsiyyəti tarix yaradır. Ancaq ümummilli lider Heydər Əliyev özü tarix yaradan fenomen bir şəxsiyyət idi. Ulu öndər müasir dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük liderdir. O, qeyri-adi istedadı, dərin zəkası və möhtəşəm dövlətçilik məharəti ilə bütün dünyada Azərbaycan adlı sönməz bir məşəl yandırmışdır. Xalqımız bu məşəlin nurunda millət kimi mövcudluğuna, dövlət qurmaq və özünü idarə etmək hüququna sahiblənmişdir. Bu mənada ulu öndərin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının mənəvi sərvətidir. Bu sərvəti qorumaq və ondan doğma Vətənimiz Azərbaycanın rifahı naminə yararlanmaq isə hər bir azərbaycanlının borcudur.
Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ümummilli liderə məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir. Çünki ölkəmizin yeganə inkişaf yolu yalnız ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqətdən keçir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.
Həmin gün Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın bütün rayonlarında da ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR