23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına keçid məqsədilə islahatların aparılması kursu müəyyənləşdirildi və ardıcıl olaraq məqsədyönlü islahatlar proqramı həyata keçirilməyə başlandı. Keçən dövr ərzində Azərbaycan ən radikal iqtisadi islahatlar aparmağa qadir olduğunu sübut etdi.


  (Əvvəli qəzetin ötən sayında)

Bu gün Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı tələbləri bütün dünya ölkələri, beynəlxalq və regional təşkilatlar tərəfindən dəstəklənir. Bu, Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsidir.
Azərbaycan diplomatiyasının son illərdə dövlətimizin müstəqilliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün təmin olunmasında, habelə bütün ölkələrlə hərtərəfli, bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurmaq sahəsində qazandığı böyük uğurlar Azərbaycanın xarici siyasət kursunun düzgünlüyünə, milli maraqları dünyada gedən proseslərlə faydalı şəkildə uzlaşdırmağa qadir olduğuna dəlalət edir.
Xarici siyasət sahəsində köhnə iqtidardan miras qalmış ən mürəkkəb və ağrılı problem Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycanda olan daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, müxtəlif qüvvələrin törətdiyi təxribat əməlləri, Ermənistan silahlı qüvvələrinə xaricdən edilən xüsusi yardım Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratdı. Bu işğal öncə Dağlıq Qarabağın ərazisini, sonra onun ətrafında olan bir neçə rayonun ərazisini əhatə etdi. İndi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımız çadırlarda ağır vəziyyətdə yaşayır.

1994-cü ilin may ayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs haqqında saziş imzalandı. Hələ tam sülh əldə edilməyibsə də, Azərbaycan altı il yarımdan çoxdur ki, müharibəsiz, dinc şəraitdə yaşayır, şəhid vermir, qan tökülmür. Azərbaycan dövləti bu müddətdə dünyanın bütün beynəlxalq təşkilatlarının, təsirə malik olan böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışmış və bu işdə mühüm uğurlar qazanmışdır. Bu müddət ərzində bir neçə dəfə məsələnin həlli yolunda real fürsətlər yaranmışdır. Lakin Ermənistanın daim pozucu mövqe tutması, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə özünü üstün hesab etməsi, beynəlxalq təşkilatların, Minsk qrupunun, onun həmsədrləri olan Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın Ermənistana lazımi təsir göstərə bilməməsi bu problemin indiyə qədər həll olunmasına imkan verməmişdir. Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqları da hələ konkret bir nəticə verməmişdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll olunmasını mümkün hesab edir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirmək əzmindədir. Azərbaycan dövləti Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi, səmərəliliyinin artırılması üçün əlindən gələni etməklə yanaşı, Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa danışıqlarının bundan sonra da davam etdirilməsini zəruri hesab edir. Bu hər iki istiqamətdə göstərilən səylər nəticəsində müəyyən kompromislər yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və sülh əldə olunması gerçəkləşə bilər.
Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyyatıdır. Keçmiş SSRİ tərkibində sərt planlaşdırılmış təsərrüfat sistemində 70 ildən çox müddət ərzində fəaliyyət göstərmiş Azərbaycan Respublikası 9 ildir ki, yeni iqtisadi şəraitə qədəm qoymuşdur. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən müddət ərzində iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil iqtisadi siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin formalaşdırılması, bazar iqtisadiyyatına keçid və dünya təsərrüfat sisteminə inteqrasiya təşkil etmişdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin vaxtaşırı pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi 90-cı illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülünə və bu prosesin getdikcə dərinləşərək xroniki səciyyə almasına səbəb olmuşdur. 1991-1994-cü illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20 faizi səviyyəsində işləmişdir. Həmin illərdə sənayedə illik geriləmə 20-24 faizə, kənd təsərrüfatında 15-20 faizə, kapital qoyuluşunda 40 faizə çatmışdı. İstehlak mallarının qiymətləri ildə 14-18 dəfə artaraq iqtisadi və sosial sahələrdə dağıdıcı rol oynamışdır. Respublikanın iqtisadiyyatı, demək olar ki, tamamilə dağılmış, xalqın rifah halı olduqca aşağı düşmüşdü. Lakin Azərbaycanın əlverişli coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaradılmış maddi fondları, ümumiyyətlə, böyük sosial-iqtisadi, elmi-texniki potensialı ölkəni bu ağır böhrandan çıxarmağa əsas verirdi. Digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində məqsədyönlü iş aparılmalı idi.
Yalnız 1994-1995-ci illərdə ölkədə siyasi vəziyyət normal məcraya salındıqdan və ictimai-siyasi sabitlik təmin edildikdən sonra çoxsaylı sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl iş aparılması mümkün oldu. 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına keçid məqsədilə islahatların aparılması kursu müəyyənləşdirildi və ardıcıl olaraq məqsədyönlü islahatlar proqramı həyata keçirilməyə başlandı. Keçən dövr ərzində Azərbaycan ən radikal iqtisadi islahatlar aparmağa qadir olduğunu sübut etdi.
Ötən dövr ərzində ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda böyük iş aparılmış, 900-ə yaxın qanun qəbul edilmişdir. Onların içərisində torpaq islahatı haqqında, özəlləşdirmə, sahibkar­lığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini təmin edən qanunlar xüsusi yer tutur.
İstehsalda yaranmış geriləmə hallarının qarşısı bazar iqtisadiyyatına keçid istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində alınmış, ölkədə makroiqtisadi sabitlik təmin olunmuşdur. Ümumi Daxili Məhsulun artımı 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə isə 7,4 faiz olmuşdur. Bu da Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstəricidir.
Həyata keçirilən tədbirlər nəticəsində sənaye istehsalında da artım meyilləri müşahidə edilməkdədir. 1997-ci ildə sənaye istehsalının həcmi cəmi 0,3 faiz artmışdısa, 1998-ci ildə artım 2,2 faiz, 1999-cu ildə 3,6 faiz, 2000-ci ildə isə 6,9 faiz olmuşdur.
Artıq demək olar ki, sənayenin bütün sahələrində, o cümlədən neft və qaz, neft kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları, yüngül və yeyinti sənayesi sahələrində, habelə sənayenin qeyri-dövlət sektorunda ciddi irəliləyiş vardır və bu sahələrdə məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxalmışdır.
Ölkənin iqtisadi və sosial inkişafını xarakterizə edən makroiqtisadi göstəricilər 2000-ci ilin əvvəlindən xeyli yaxşılaşmışdır. Ümumi Daxili Məhsul istehsalı keçən illə müqayisədə 11,3 faiz və ya 21 trilyon manatdan çox olmuşdur. Ümumi Daxili Məhsulun strukturunda real istehsal sahələrinin xüsusi çəkisi 1999-cu ilə nisbətən 46,3 faizdən 48,7 faizə çatmış, xidmət sahələrinin payı isə 47,5 faizdən 44,6 faizə enmişdir. Adambaşına 2,5 milyon manatlıq (562,3 dollar), yaxud keçən ildəkindən 10,4 faiz çox belə məhsul istehsal olunmuşdur.
Ümumi Daxili Məhsulun tərkibində sənaye məhsulu istehsalının çəkisi 25,6 faiz təşkil etmişdir. İstehsalın həcmi yanacaq sənayesi müəssisələrində 5,3 faiz, elektroenergetikada 3,2 faiz, yeyinti sənayesində 2,1 faiz, kimya və neft kimyası müəssisələrində 34,4 faiz, metallurgiya sənayesində 2,5 dəfə, maşınqayırma müəssisələrində 78,2 faiz, meşə, ağac emalı və sellüloz-kağız sənayesində 10,5 faiz, tikinti materialları sənayesində 21,3 faiz, yüngül sənayedə 47,7 faiz, un­üyütmə-yarma müəssisələrində 52,5 faiz çoxalmışdır. Ötən illə müqayisədə sənayenin dövlət bölməsində məhsul istehsalı 2,5 faiz, qeyri-dövlət bölməsində isə 12,5 faiz artmış, ümumi məhsulda onun xüsusi çəkisi 43,9 faizə çatmışdır.
Məlumdur ki, kənd əhalisinin rifahı, kəndin sosial-iqtisadi inkişafı aqrar islahatların gedişindən asılıdır. Ölkədə torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratmışdır. 1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv olunmuş və onların bazasında 35 minədək kəndli (fermer) təsərrüfatı yaradılmışdır. Demək olar ki, aqrar islahatların birinci mərhələsi başa çatmışdır. Bunun nəticəsində kənd təsərrüfatı istehsalında 1998-ci ildə 4 faiz artım əldə edilmişdirsə, 1999-cu ildə artım 7,1 faiz olmuşdur. Xüsusilə 2000-ci il kənd təsərrüfatı üçün çox uğurlu olmuşdur.
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı, demək olar ki, başa çatmışdır. Dekabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 1538,8 min ton taxıl, 75,6 min ton üzüm, 468,6 min ton kartof, 764,0 min ton tərəvəz, 407,9 min ton meyvə və giləmeyvə, 260,0 min ton bostan məhsulları, 13,8 min ton tütün və 625 ton yaşıl çay yarpağı toplanmışdır. Keçən illə müqayisədə taxıl istehsalı 445,5 min ton və ya 40,7 faiz, kartof 77,3 min ton, tərəvəz 131,5 min ton, meyvə və giləmeyvə 13,5 min ton, bostan məhsulları 57,1 min ton, tütün istehsalı 5,8 min ton və ya 72,7 faiz artmışdır. Cari ildə 90,5 min tona qədər pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir. Pambıq, üzüm və yaşıl çay yarpağı istehsalının azalmasına baxmayaraq, bitkiçilik məhsulları istehsalının həcmi keçən ilə nisbətən 18,6 faiz artmışdır.

(Ardı qəzetin növbəti sayında)

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR