Adı insanların qəlbində heykəlləşmiş şəxsiyyətlərin kimliyi soruşulmaz! Onlar neçə yüzildəbir doğulur və əməlləriylə əbədiyyət qazanır, daim xalqın yoluna nur salırlar.
Tanrı yaratdığı insanlara yaradıcılıq imkanı bəxş etmişdir:
Onun qurub-yaratmaq eşqi, yaradıcı gücü tükənməz idi.
Tanrı öz qüdrəti ilə qüdrətləndirdiklərinə qüdrətləndirə bilmək imkanı vermişdir:
Onun qüdrəti bir xalqın qüdrətini özünə qaytardı və onu qüdrətləndirdi.
Tanrı adildir və insanlara adil olmağı buyurmuşdur:
O, öz ədaləti ilə bütün insanları ədalətli olmağa yönəltdi. O, ədalətin dayağı, haqqın carçısı idi.
Tanrı insanlarda inamı onları inandırmaqla yaratmağı lazım bilmişdir:
Onun inamı haqqa idi. O, öz inandığına hamını inandırmağı bacaran müdrik dahi idi.
Tanrı insanlara zəhmət çəkməyi, öz zəhməti ilə yaşamağı və yaşatmağı öyrətmişdir:
O ən böyük zəhmətkeş idi, öz zəhməti ilə insanları zəhmət çəkməyə yönəldirdi. O, zəhmətilə yaşayır və yaşadırdı.
Tanrı bütün yaratdıqlarının ümidgahıdır. İnsanlara dayaq olub, ümidgah olanları özü hifz edər:
Onun müdrik zəkasının və yenilməz iradəsinin qüdrəti Onu bir xalqa ümidgah etmişdi.
Tanrı xoşbəxtliyi insanların əməllərinə məxsus etmişdir. Öz ömrünü insanların xoşbəxtliyinə sərf edənləri xoşbəxt saymışdır:
O, öz ömrünü xalqına həsr etmiş bir xoşbəxt idi.
Tanrı insanlara düzgün yol göstərənləri peyğəmbərlər səviyyəsində tutmuşdur:
O nəinki düzgün yol göstərən, həm də bu yolu salan və xalqını bu yolla aparan idi.
Tanrı insanlara bilik əldə edib öz idrakını işıqlandırmağı buyurmuşdur:
Onun idrakının işığı tək özünə və xalqına deyil, bütün bəşəriyyətə yetəcək qədər işıqlı idi.
Tanrı insanlar arasında barışı və sülhü yaradanı insaniyyət simvolu kimi dəyərləndirmişdir:
O, barış və sülh yaradan insaniyyət simvolu idi.
Tanrı xilaskardır. Xilaskarlığı və xilaskarları sevəndir:
O, xilaskarlıq üçün doğulmuşdu. Bütün ömrünü bu işə sərf etdi. O, bir dəfə xalqını bataqlıqdan çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə qayıdışı ilə xalqını parçalanıb məhv olmaq, ölkəsini müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
O, xalqı ilə yaşadı.
O, xalqını yaşatdı.
Çünki O, Heydər ƏliyevDİR.
Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev.
Ulu öndərimiz xalqı durduqca xalqı ilə yaşayacaq. O, Azərbaycanla birlikdə əbədi olacaq!