23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əlİyеv: Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib. Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.


 (Əvvəli qəzetin ötən sayında)

Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını aldı. Bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi. Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi.

1995-ci ilin ortalarında Azərbaycan dövləti bütün qeyri-qanuni silahlı qüvvələrdən artıq xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi. Bu dövrdə müxtəlif siyasi və hərbi qruplaşmaların ilhamçıları və iştirakçıları, məsuliyyətsiz, ambisiyalı siyasi partiya liderləri öz planlarından və istəklərindən əl çəkməyə məcbur oldular. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən istifadə etmək ənənəsinə son qoyuldu. Bundan sonrakı dövrlərdə xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı. Respublikamız dinc və sabitlik şəraitində öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Müstəqil dövlət quruculuğunun üçüncü dövrü başlandı.
1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür.
Məhz ictimai-siyasi sabitliyin yaranması və Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların cinayətlərinin qarşısının alınması – bunlar hamısı Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı. Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən bəyan etmişdi ki, Azərbaycan demokratiya yolu ilə irəliləyəcək, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedəcəkdir. Bunlar elan olunmuşdu, ancaq təəssüf ki, Azərbaycanın daxili vəziyyəti, dediyim kimi, çox gərgin olduğuna görə bunlar söz idi, əməli tədbirlər isə lazımi səviyyədə görülmürdü. Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildə böyük vüsət aldı. Bunun əsasını da Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olubdur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir.
Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib. Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.
Konstitusiya qəbul olunandan sonra ötən beş il ərzində bizim ali qanunvericilik orqanımız – Milli Məclis tərəfindən 900-dən çox qanun qəbul edilmişdir. Məhz Konstitusiyanın əsasında, qəbul olunmuş qanunların əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə aparılır. Onların ilbəil həyata keçirilməsi Azərbaycanın bütün sahələrdə inkişafını təmin edir.
Azərbaycan öz daxili və xarici siyasətini müəyyən edibdir. Dediyim kimi, daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yaratmaq və iqtisadi islahatlar aparmaqdan, Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarının qorunmasını təmin etmək və öz rifah halını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir.
Azərbaycanın xarici siyasəti isə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır. Azərbaycanın sülhsevər xarici siyasəti, ilk növbədə, onun dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir. Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolu tutduğundan onun xarici siyasəti də dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə əks etdirir.
1991-1992-ci illərdə xarici siyasət sahəsində ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl kursun hazırlanıb həyata keçirilməməsi, bəzi dövlət rəhbərlərinin beynəlxalq, regional və dövlətlərarası münasibətlərlə bağlı məsuliyyətsiz bəyanatları Azərbaycanın beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərirdi. Bu, özünü bəzi qonşu dövlətlərlə münasibətdə xüsusilə büruzə verirdi. Ermənistanla müharibə getdiyi bir şəraitdə yaxın qonşularımızdan Rusiya, İran, Mərkəzi Asiya respublikaları ilə münasibətlər keçmiş iqtidarın məsuliyyətsiz bəyanatları üzündən gərginləşmişdi. İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin də möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələrin köklü surətdə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi. Müstəqil Dövlətlər Birliyi ölkələri ilə iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi. Gürcüstan, Özbəkistan, Ukrayna və Moldova ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması öz müsbət nəticələrini verdi.
1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. Son yeddi ildə iki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibət-ləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sül-hün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Azərbaycan qonşu İran dövləti ilə də xalqlarımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsipləri əsasında ikitərəfli normal siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa müvəffəq olmuşdur. Qərb dövlətlərinin də iştirak etdiyi ikinci neft konsorsiumunda İrana yer ayrılmış, “Şahdəniz” yatağının işlənilməsi üzrə müqavilədə bu ölkəyə pay verilmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən sənədlər imzalanmışdır.
Azərbaycan İslam Konfransı Təşkilatının üzvü olan digər ölkələrlə də son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini xeyli inkişaf etdirmişdir. Həmin ölkələrlə İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur.
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin məhək daşını təşkil edir. Azərbaycan ilə həmin ölkələr arasında və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlər qurulmuşdur. Bu, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən, planetin qlobal məsələlərinin həllində təsir gücünə malik olan nüfuzlu dövlətlərin diqqətini Azərbaycana cəlb etmək üçün 1993-cü ilin sonundan başlayaraq aparılmış ardıcıl işin müsbət nəticəsi kimi qiymətləndirilə bilər.
Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsində, neft və qaz ehtiyat-larının hasilatı və nəqlində Amerika neft şirkətlərinin beynəlxalq neft konsorsiu-munda geniş iştirakı Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin inkişaf etməsinə təkan vermişdir. Amerika-Azərbaycan münasibətləri haqqında iki ölkə prezidentləri tərəfindən imzalanmış birgə bəyanat, müdafiə nazirlikləri arasında müdafiə və hərbi əlaqələr üzrə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması, ticarət və kapital qoyuluşu, banklararası və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan hökumətlərarası sənədlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə xidmət edir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi haqqında imza­lanmış xüsusi sənəd Amerika iş adamlarının ölkəmizdə fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasının hüquqi bazasını təşkil edir.
Azərbaycan diplomatiyasında Avropa istiqaməti mühüm yerlərdən birini tutur. Son illər ərzində Böyük Britaniya ilə ölkəmizin münasibətləri dinamik şəkildə inkişaf etmişdir. Bu gün Böyük Britaniya beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir.
Avropanın nüfuzlu ölkələri – Almaniya, Fransa, İtaliya, Belçika, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan və Skandinaviya ölkələri ilə də respublikamız arasında tam sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaranmışdır. Bu ölkələrlə imzalanmış 90-dan artıq mühüm sənəd həmin münasibətlərin hüquqi əsasını təşkil edir.
Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim İpək Yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır. Dünyanın ən böyük dövlətlərindən biri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Xalq Respublikası, həmçinin nəhəng intellektual potensiala malik Yaponiya bu illər ərzində Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına çevrilmişdir ki, bu da xarici siyasətimizin şəksiz uğurlarıdır. Azərbaycanla İsrail dövləti arasında da siyasi, iqtisadi əlaqələr genişlənməkdədir.
Ötən dövrdə Azərbaycanın beynəlxalq və regional təşkilatlarla da əlaqələri genişlənmiş və möhkəmlənmişdir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması yolunda aparılan iş öz müsbət nəticələrini verməkdədir.
Hazırda Azərbaycan 137 ölkə ilə diplomatik əlaqə qurmuşdur. Vyana kon-vensiyasının iştirakçısı olan bütün ölkələrlə respublikamız arasında konsulluq münasibətləri yaradılmışdır. Azərbaycanda 63 xarici dövlətin səfirlikləri fəaliyyət göstərir. Bunların 24-ü bilavasitə Bakıda, 39-u isə həmin dövlətlərin Ankara, Mos-kva, Tehran və Tbilisi şəhərlərindəki səfirliklərində akkreditə olunmuşdur. Öz növbəsində Azərbaycanın 21 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da təmsil olunmuşdur.

(Ardı qəzetin növbəti sayında)

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR