Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlir, tarix yaradırlar. Tarix yaratmaq isə hər kəsə nəsib olmur.
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan şəxsiyyətdir. Siyasət olimpinin ən yüksək zirvələrini fəth etmiş görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Adı müasir tariximizə qızıl hərflərlə yazılan ulu öndərimizin ömür yolu xalqa xidmət nümunəsidir. “Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamlarında ona dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib”. Bu, hər bir azərbaycanlının və dünyanın məşhur siyasətçilərinin yekdil fikridir. Həyatının son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünən ulu öndərimiz müstəqil, dünyada öz sözü və yeri olan qüdrətli Azərbaycan dövlətini yaratmışdır.
Ulu öndər Heydər Əliyev özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz xalqımızın böyük oğlu Heydər Əliyevə məxsusdur.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur.
Müasir müstəqil Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Ümummilli liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətləri, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış uzaqgörən tədbirlər idi. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqəti çəkən ölkə rəhbəri cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
1982-1987-ci illərdə, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da ulu öndərimiz daim Azərbaycan haqqında düşünmüş, ölkəmizin gələcəyi üçün mühüm tədbirlər həyata keçirmişdir. O dövrdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizə qarşı torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi.
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdan, lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilməyən ümummilli liderimiz iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir.
1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilir, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülürdü. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan addımlar idi.
Azərbaycanın ağır dövründə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət ölkəmizi məhv olmaqdan, müstəqilliyi itirilmək təhlükəsindən qurtarmışdır.
1993-cü ildə ulu öndərimiz Azərbaycanı xaos içərisində qəbul etmişdi. İşıqlı vətəndən heç nə qalmamışdı. 1987-ci ildən 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edənlər ölkəmizə Qarabağ, 20 Yanvar, Xocalı adlı müsibətlər gətirmişdilər. Lakin ümummilli liderimiz Heydər Əliyev ölkə həyatının bütün sahələrindəki böhranı aradan qaldırdı, möhkəm ictimai-siyasi sabitlik yaratdı, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxardı.
Dahi rəhbərimizin çox qısa müddətdə uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi, siyasi inkişafına, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə rəvac vermişdir. Ulu öndərimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizi uğurdan-uğura aparmışdır. Bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin hər biri dövlətçiliyin fundamental əsaslarını müəyyənləşdirən tarixi hadisələrdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu öndərimizin apardığı siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.
Ümummilli liderimizin bütün ömrü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
Bu gün böyük dövlət xadimi Heydər Əliyevin işi və əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf və tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan idealları yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır”.
Tanrı ulu öndərimiz Heydər Əliyevə tükənməz yaradıcı güc, qeyri-adi istedad vermişdi. O, bütün fəaliyyəti, insanlara münasibəti, uzaqgörənliyi, müdrikliyi, Vətənə bağlılığı ilə böyük bir nümunə idi. Xalqımızın böyük oğlu torpağına, Vətəninə ucalıq gətirmişdi. Həyatından artıq sevdiyi Azərbaycan uğrunda ümummilli liderimiz bütün maneələrə, təzyiqlərə sinə gərdi, ömrünü xalqının, Vətəninin yolunda şam kimi əritdi. Ona görə ki, bir də xalqının başına bəlalar gətirilməsin, Azərbaycan daha da inkişaf etsin, müstəqilliyimiz əbədi olsun. Vətənə sədaqət, xalqa xidmət prinsipi ulu öndərin həyat fəlsəfəsinin qayəsini təşkil edirdi.
İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.
Müdriklik zirvəsinə qalxmaq hər insana nəsib olmur. İnsanın ən ali keyfiyyəti, şəxsiyyətin əsas ölçü vahidi, mənəvi dəyər etalonu olan müdriklik haqqında düşünərkən dahi mütəfəkkir Esxilin bir fikri yada düşür: “Müdriklik çox şey bilmək deyil, lazım olanı bilməkdir”. Bu dərinmənalı fikirlər Azərbaycan xalqının işıqlı, nurlu sabahlara olan inamını özünə qaytaran ümummilli liderimizin ucalığını, onun müdriklik zirvəsini xatırladır. Xoşbəxt gələcəyimiz naminə göstərdiyi misilsiz xidmətlərlə adını Azərbaycanın tarixinə əbədi həkk etdirən ümummilli liderimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaşadır. Ulu öndərimiz Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpağı, xalqı, milləti üçün əbədi olaraq qalacaqdır. Ulu öndər Heydər Əliyev hər zaman zirvədə dayandı, bu gün də zirvədədir, gələcəkdə də zirvədə olacaqdır!