Ordubad rayonunda “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu – multikulturalizm” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayevin “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu – multikulturalizm” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanıdıb. Azərbaycan Respublikasında bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
“Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir”, – deyən idarə rəisi bildirib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Məhz buna görədir ki, bu gün Azərbaycan artıq dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmaqdadır.
Vurğulanıb ki, 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə muxtar respublikada multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının qazisi Mircəfər Seyidovun məruzə ətrafında çıxışı olub. Vurğulanıb ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh, həmrəylik şəraitində yaşadığı ölkədir. Heç vaxt ölkəmizdə milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb, olmayacaq. Çünki Azərbaycanda dini tolerantlıq hökm sürməkdədir.
Tədbirə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli yekun vurub.
Xəbərlər şöbəsi