23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.
Hörmətli seçicilər!
Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.
Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən Seçki Məcəlləsinin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.
Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin və ya siyasi partiyanın təşəbbüsü əsasında apara bilər.
Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər.
Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqları təmsil olunacaq namizədin adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilmədikdə Mərkəzi Seçki Komissiyasının bu qərarından apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.
Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqlarını təmsil edən qeyri-hökumət təşkilatının, siyasi partiyanın adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbuledilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.
Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.
Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, Seçki Məcəlləsinin 40.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.
Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
Müşahidə aparılmasının prinsipləri
Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:
- seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;
- müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
- müşahidə açıq aparılmalıdır;
- müşahidənin yekunları faktlara əsaslanmalıdır.
Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir
Müşahidə seçkilər elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.
Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.
Müşahidəçilərin hüquq və vəzifələri
Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin Seçki Məcəlləsinin 40.12-ci və 40.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı, aşağıdakı hüquqları vardır:
- seçici siyahıları ilə tanış olmaq;
- səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
- seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
- səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
- seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
- seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adıçəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
- müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
- seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.
Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:
- seçicilərə seçki bülletenləri vermək;
- seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
- seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
- seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
- seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
- seçicilər arasında təşviqat aparmaq;
- bu və ya digər namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
- müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
- seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
Seçki Məcəlləsinin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
Beynəlxalq (xarici) müşahidəçilər
Beynəlxalq (xarici) müşahidəçilər qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər.
Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər.
İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün tamam olur.
Beynəlxalq müşahidəçi öz fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir.
Beynəlxalq müşahidəçi Azərbaycan Respublikası ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri yardım göstərməyə borcludurlar.
Beynəlxalq müşahidəçilər səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və kütləvi informasiya vasitələrinə müraciət edə bilərlər.
Beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır.
Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər.
Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası