23 Dekabr 2024, Bazar ertəsi

Dünən “Miqrantların hüquqlarının müdafiəsi: dövlətdaxili və beynəlxalq standartlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Özəl Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq bildirdi ki, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında İnsan hüquqları haqqında Ümumdünya Bəyannamə qəbul edilib və Baş Assambleyanın 423 saylı qətnaməsi ilə bütün ölkələrə Bəyannamənin qəbul edildiyi günü rəsmi olaraq “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd edilməsi tövsiyə olunub. Bu günün qeyd edilməsində əsas məqsəd dünya dövlətlərinin, xalqların və millətlərin diqqətini bəşəriyyətin inkişafının əsas amalı olan insan hüquqları, onun müdafiəsi, bu hüquqlara hörmət, o cümlədən insan hüquqları ideyasının daha geniş təbliğ edilməsinə cəlb etmək və bu istiqamətdə dünya ictimaiyyətinin səylərini birləşdirmək, beynəlxalq əməkdaşlığa nail olmaqdır.

Müvəkkil vurğuladı ki, XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi bəyan edən Azərbaycan Respublikası BMT-nin İnsan hüquqları haqqında Ümumdünya Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası özündə Ümumdünya Bəyannaməsinin əsas müddəalarını əks etdirməklə yanaşı, ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsində hüquqi baza olmuşdur”, – deyən Ülkər Bayramova qeyd etdi ki, insan hüquqları sistemində əhalinin müxtəlif sosial qruplarının hüquqları ilə yanaşı, miqrantların hüquqları da mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə miqrasiya prosesinin subyektləri olan şəxslərin – əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Ötən illər ərzində Konstitusiyada təsbit edilmiş norma-prinsiplərə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin hüquqlarının tənzimlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ombudsman bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilən miqrasiya proseslərinin tənzimlənməsi, bu sahədə mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, səmərəli müdafiə mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addım isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya prosesləri və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi statusu ilə bağlı normaları müəyyənləşdirən 1 avqust 2013-cü il tarixdən qüvvədə olan vahid sənədin – Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin qəbul edilməsidir.
Vurğulandı ki, Naxçıvan Muxtar Respublikasında da qanun çərçivəsində miqrantların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, miqrasiya prosesinin həyata keçirilməsi sahəsində tədbirlər uğurla davam etdirilir. Bu sahədə dövlət siyasətini həyata keçirən müvafiq dövlət qurumu – Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Naxçıvan Muxtar Respublikasında miqrantların hüquqlarının həyata keçirilməsində dövlət siyasətinin ümumi aspektləri” mövzusunda geniş məruzə ilə çıxış edərək bildirdi ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək istəyinin ifadəsidir.
Qeyd olundu ki, Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanıb, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilib. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilib, Azərbaycan, bütövlükdə, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olub.
Vurğulandı ki, muxtar respublikada da insan hüquqlarının təminatı sahəsində görülən tədbirlər təqdirəlayiqdir. Naxçıvan Muxtar Respublikasında Konstitusiyanın qəbulu və Ombudsman institutunun yaradılması, insan hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun formalaşdırılması, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yaradılması muxtar respublikada insan amilinə verilən diqqətin bariz nümunəsidir.
Cəlil Rüstəmov bildirdi ki, ölkə­mizdə dünya təcrübəsinə söykənən vahid miqrasiya siyasətinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan və dövlət başçısının 2004-cü ildə təsdiq etdiyi “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası” çox mühüm rol oynayıb. Həmin konsepsiyada qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hazırlanmış “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” Prezidentin 2006-cı il iyulun 25-də imzaladığı Sərəncamla təsdiq edilib. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də digər ölkələrin miqrasiya qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub.
“Naxçıvan Muxtar Respublikasında da miqrasiya proseslərinin tənzimlənməsi dövlətin diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. Qısa müddətdə formalaşan bu xidmət hazırda miqrasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirir”, – deyən Cəlil Rüstəmov bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunması, daha dəqiq ifadə etsək, bu sahədə qanunvericiliyin icrası istiqamətində mühüm işlər görməkdədir. Bu xidmətin fəaliyyəti üçün yaradılan şərait isə işlərin keyfiyyətlə qurulmasına imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov “Naxçıvan Muxtar Respublikasında miqrasiya prosesinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi” mövzusunda çıxış edərək bildirdi ki, bu gün Dövlət Miqrasiya Xidməti fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurmağı bacarıb. Belə ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il iyulun 15-də imzaladığı Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında xüsusi elektron xidmət bölməsi yaradılıb. Hazırda istənilən şəxsin elektron xidmət bölməsindən maneəsiz, sərbəst istifadəsi, həmçinin elektron qaydada qəbul edilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilir.
Fazil Ələkbərov qeyd etdi ki, Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələri yaradılıb. Ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilməsini təmin etmək məqsədilə maarifləndirmə işinə diqqət artırılıb. Sədərək, Culfa, Şahtaxtı gömrük-keçid məntəqələrində və Naxçıvan Beynəlxalq Hava Limanında yaradılmış miqrasiya bölmələrində quraşdırılmış elektron köşklər vasitəsilə ölkəyə giriş edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliyin müddəaları müasir formada çatdırılır. Bununla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığını təmin etmək məqsədilə sərhəd-buraxılış məntəqələrində onların olduğu yer üzrə qeydiyyatı aparılır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov “Qanunsuz miqrasiya ilə mübarizənin cinayət-hüquqi aspektləri” mövzusunda məruzəsində miqrasiya ilə bağlı mövcud qanunvericilik bazası barədə ətraflı məlumat verdi.
Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyevin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Namiq Seyidovun, “Naxçıvan” Sərhəd Diviziyasının Sərhəd nəzarəti bölməsinin rəisi Əhməd Abbasovun məruzələr ətrafında çıxışları oldu.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurdu.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR