23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər dünən anım mərasimi ilə yekunlaşıb.
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə gerçəkləşdirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan danışıb. Qeyd olunub ki, ümummilli lider xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə Azərbaycanın dinamik inkişafına, beynəlxalq arenada layiqincə təmsil olunmasına nail olub.
Universitetin Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” adlı məruzəsində qeyd edib ki, çətin və mürəkkəb bir dövrdə yenidən siyasi hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev xalqımızın unudulmaz rəhbəri, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi Azərbaycan tarixində silinməz iz qoyub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderin məqsədyönlü, uzaqgörən siyasətinə söykənərək mühüm siyasi-iqtisadi uğurlara imza atır.
Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 1990-1993-cü illərdə iqtisadi-siyasi böhrandan xilas olub tərəqqi yoluna qədəm qoyması məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bu dövrdə bütövlükdə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və qorunması, taleyüklü məsələlərin həlli istiqamətində qətiyyətli siyasi qərarlar qəbul edib.
Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusundakı məruzəsində ümummilli liderin bu ali təhsil ocağı ilə əlaqələrindən, universitetin təşəkkülündə və inkişafındakı xidmətindən danışıb. Vurğulanıb ki, ümummilli lider ilk dəfə 1974-cü ildə pedaqoji kollektivlə görüşüb, 1992-ci ildə universitetin 25 illik yubiley tədbirlərində, 1999-cu ildə isə 1600 yerlik yeni tədris korpusunun açılış mərasimində iştirak edib, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək dəyərləndirib.
Sonra Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiyada dahi öndərə həsr edilmiş poetik nümunələr səsləndirilib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR