Xalqımızın çoxəsrlik tarixinin son yarıməsrə yaxın bir dövrü Heydər Əliyev epoxası kimi öyrənilir. Bu epoxada isə müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunması mühüm yer tutur ki, belə bir müqəddəs missiyanın reallaşmasına görə xalqımız dahi şəxsiyyət Heydər Əliyevin mükəmməl dövlətçilik fəaliyyətinə borcludur. Bu dövlətçilik fəaliyyətində isə daha çox önəm verilən sahələrdən birinin məhz təhsil olduğunu görürük.
Ulu öndər Heydər Əliyev həm Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə, həm də 1993-cü ildən sonra ölkədə təhsilin və elmin inkişafını prioritet bir sahə kimi daim diqqət mərkəzində saxlamış, bu sahənin çağdaş tələblərə cavab verəcək səviyyəyə yüksəldilməsini gərəkli və vacib saymışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 fevral 1995-ci ildə bir qrup qabaqcıl təhsil işçisi ilə görüşündə yaxın keçmişlə bağlı hadisələri bir daha nəzərdən keçirərək demişdir:
“Biz 1983-cü ildən başlayaraq məktəb islahatı hazırladıq. Bu, o zaman işləyən müəllimlərin yadındadır. Mən bütün Sovet İttifaqı üzrə məktəb islahatını hazırlayan komissiyanın sədri idim. Sovet İttifaqının bütün respublikalarının ən tanınmış müəllimləri, alimləri, elmi-tədqiqat, pedaqogika institutlarının nümayəndələri ilə, akademiklərlə dəfələrlə görüşüb məsləhətləşirdim. İstəyirdim ki, islahatı elə keçirək ki, məktəb daha yaxşı təhsil versin. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərəm ki, o vaxtlar Sovet İttifaqı kimi böyük bir dövlətin maarif, təhsil sahəsində islahatlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edirdim... Demək istəyirəm ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm... Bu, mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi – müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam”.
1969-cu ildən etibarən Azərbaycanda təhsil özünün yeni bir tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur. Daha doğrusu, həmin dövrdən başlayaraq ölkəmizdə təhsil həm forma, həm də məzmunca tamamilə yenilənmiş, Azərbaycan məktəbinin maddi-texniki baza baxımından yenidən qurulması prosesinə start verilmiş, məktəblilərə dünyəvi məzmunlu biliklərin mənimsədilməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin öyrədilməsi işi də günün tələbinə çevrilmişdir. Faktdır ki, 1969-1982-ci illərdə ölkəmizdə minə yaxın ümumtəhsil məktəbi tikilmiş, həmin təhsil müəssisələri zamana uyğun maddi-texniki baza ilə təmin edilərək məktəblilərin istifadəsinə verilmiş, Azərbaycan müəllimi daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Bu diqqət və qayğı nəticəsində 8 mindən çox azərbaycanlı maarif işçisi keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir.
Doğrudur, ölkəmizdə maarifçilik hərəkatı XIX əsrin əvvəllərindən başlamışdır. Bu hərəkatın tarixini öyrənərkən görürük ki, Azərbaycan maarifçiliyi məhz Heydər Əliyev epoxasında daim yüksələn xətlə inkişaf etmişdir. Heç kəsə sirr deyil ki, Azərbaycanda ali və ümumtəhsil məktəbləri şəbəkəsinin sürətlə genişlənməsi birbaşa dahi rəhbərin hakimiyyəti illərində reallaşmışdır. Doğma Vətənində maarifçiliyin vüsəti üçün yeni məktəblərin yaranmasını zəruri sayan xalqımızın böyük oğlu 1969-cu ildən sonrakı iki il ərzində 16 yeni texniki-peşə məktəbinin, on ilə yaxın bir dövrdə isə daha 5 ali məktəbin açılmasına nail olmuşdur. Elmi-texniki tərəqqiyə dair dünyəvi biliklərin, Avropa ölkələrində qazanılan uğurların ölkəyə axını məqsədilə müdrik şəxsiyyət Heydər Əliyev azərbaycanlı gənclərin respublikanın hüdudlarından kənarda təhsilini vacib bilmiş, beləliklə, uzaqgörən rəhbərin xeyir-duası ilə 70-ci illərin ortalarından başlayaraq hər il yüzlərlə gənc respublikadan kənarda fəaliyyət göstərən nüfuzlu ali məktəblərə təhsil almağa göndərilmişdir. 80-ci illərin əvvəllərində isə bu rəqəm artıq 1400-ə çatdırılmışdı.
1988-1993-cü illərdə Azərbaycanda cəmiyyət həyatının bütövlüklə xaosa və tənəzzülə sürüklənməsi təhsil sahəsinə də ciddi surətdə mənfi təsir göstərmişdir. İqtisadi və bundan qaynaqlanan mənəvi böhran nəticəsində qabaqcıl təhsil işçiləri məktəbdən uzaqlaşır, ölkənin təhsil sistemində hərc-mərclik baş alıb gedirdi. Belə bir zamanda ikinci dəfə ali hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyevin Azərbaycanda təhsillə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığını görürük. Əslində, ulu öndər özünəməxsus müdrikliklə təhsil siyasətinə müstəqil dövlətçilik siyasətinin əsas aparıcı istiqamətlərindən biri olaraq diqqət yetirmiş, bu zəmində milli inam hissinin bərpasına nail olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyev istər XX əsrin 70-80-ci illərində, istərsə də 1993-cü ildən sonra Azərbaycanda təhsil sahəsində qarşıda duran vəzifələri birbaşa özü müəyyənləşdirmiş, həmin vəzifələrin həyata keçirilməsi işinə də zaman-zaman özü rəhbərlik etmişdir. Ulu öndər Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra ölkənin dağılmış iqtisadiyyatını, əsas dayaqlarından ayrı düşmüş daxili və xarici siyasəti, iflic vəziyyətində olan dövlət qurumlarının fəaliyyətini bərpa etməklə bərabər, təhsillə bağlı istənilən bir məsələnin həlli ilə əlaqədar ciddi qərarlar qəbul etmiş, mütərəqqi mahiyyət daşıyan həmin qərarların uğurla həyata keçirilməsinə nail olmuşdur. Görkəmli dövlət xadimi müstəqil Azərbaycan Respublikasının ən ağır illərində belə, təhsili, məktəbi sabahkı inkişafı istiqamətləndirəcək bir sahə kimi nəzarətdə saxlamış, bununla da, öz qəti qərarları ilə cəmiyyət həyatında aparılacaq bütün digər islahatların əsasında təhsilin dayandığını bir daha təsdiqləmişdir. Faktdır ki, ölkə üçün ən ağır dövr sayılan 1994-cü ildə dünya şöhrətli siyasətçinin gərgin fəaliyyəti nəticəsində həm atəşkəs haqqında saziş imzalanmış, həm də “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nin yaradılması məsələsi gündəmə gətirilmiş, şagirdlərin dövlət tərəfindən dərsliklərlə təmin edilməsi qərara alınmışdır. Prinsipcə bu, ölkə təhsilinin nə qədər önəmli olduğunu cəmiyyətin hər bir üzvünə ayrı-ayrılıqda diktə etməkdədir.
Ensiklopedik biliklər sisteminə malik, fenomenal şəxsiyyət Heydər Əliyevin məktəb, müəllim, təhsil, tərbiyə haqqında fikirləri milli pedaqogikamızda elmi metodologiyanın əsasını təşkil etməkdədir. Digər tərəfdən, ulu öndərin Azərbaycan ziyalısına əsas tövsiyələrindən biri təlim-tərbiyə prosesinə, məktəb həyatı ilə əlaqədar hər hansı bir yeniləşməyə son dərəcədə məsuliyyətlə yanaşmaq idi. Məlumdur ki, xalqımızın böyük oğlu Heydər Əliyev 1998-ci ildə “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalamış, bu sərəncam əsasında “Təhsil sahəsində islahatlar Proqramı” qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsili sahəsində həyata keçirilən tədbirlərdə eyni istiqamət üzrə Avropa ölkələrinin qabaqcıl təcrübəsi nəzərə alınmaqla yanaşı, regional şərait də diqqətdə saxlanılır, bu yolla, əslində, dünya təhsili müstəvisində yeni ilklərə imza atılırdı. Məsələn, dahi rəhbərin 13 iyun 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan Müəllimlər İnstitutu və onun ayrı-ayrı regionlar üzrə 12 filialı yaradılmışdır.
Müdrik rəhbər Heydər Əliyevin əzəmətli biliklər sistemində məktəb və müəllim, öyrədən və öyrənən, təlim və tərbiyə haqqındakı müddəaları insanı heyrətləndirəcək dərəcədə dəqiqliyi, fəlsəfi mahiyyəti, həyata bağlılığı ilə səciyyələnir. Ümummilli lider 1 sentyabr 2001-ci il tarixdə yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhərindəki 6 nömrəli orta məktəbdə təşkil olunmuş mərasimdə insan həyatında məktəbin rolunu yalnız bəşər övladının dünyaya gəlməsi ilə bərabərləşdirərək müdrikliklə demişdir: “Hər bir insan üçün həyat anadan doğulduğu gündən başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır”.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müxtəlif tədbirlərdə, müəllimlərlə, ziyalılarla görüşlərində etdiyi çıxışlar bir daha təsdiqləyir ki, dahi rəhbər müəllim adına həmişə xüsusi hörmətlə yanaşmış, Azərbaycan müəlliminin ictimai həyatdakı rolunu qeyd-şərtsiz yüksək dəyərləndirmiş, müəllimlik peşəsinin spesifikliyini dönə-dönə vurğulamaqla cəmiyyət-müəllim-şəxsiyyət məsələlərinə bütün dövrlərin tələblərinə cavab verəcək səviyyədə aydınlıq gətirmişdir. Bəli, ulu öndər Heydər Əliyevin birbaşa reallığa əsaslanan konsepsiyasına görə, xalqın biliklənməsi, ölkədə təhsilin, elmin inkişafı müəllimsiz qeyri-mümkündür. Eyni zamanda ümummilli lider qəti şəkildə ölkə ziyalısına belə bir fikir təlqin edirdi ki, müəllimliyi, sadəcə, dərs demək səviyyəsində qiymətləndirmək doğru olmaz. Başqa sözlə, dahi rəhbər bu sahədə çalışan insanların necə bir müqəddəs missiyanı həyata keçirmələrini dəyərləndirərək xalqın tərəqqisi işində müəllimlik peşəsinin əhəmiyyətini belə mənalandırırdı: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Ulu öndərimiz göstərirdi ki, hər bir insan həyatda qazandığı bütün uğurlarına görə müəllimlərinə borcludur. Bununla belə, ümummilli lider ustad bir pedaqoq kimi müəllimləri əsl Azərbaycan vətəndaşlarını formalaşdırmaqdan ötrü daim yeni təlim və tərbiyə metodlarına yiyələnməyə, elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən faydalanmağa səsləyirdi.
Bu gün Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Təsadüfi deyil ki, yüzillərə hesablanmış milli inkişaf konsepsiyasının əsasında görkəmli dövlət xadimi Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müddəası dayanır. Dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və cəmiyyət məsələsini bir daha gündəmə gətirərək demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.
Təhsil sahəsində həyata keçirilən mütərəqqi tədbirlərdən daha biri bu il ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik peşəsini qeyd edən tələbələrə 100 manat məbləğində əlavə təqaüdün verilməsidir. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev ideyalarına əsaslanan Azərbaycan təhsili günbəgün yeni-yeni uğurlara imza atmaqdadır.
Saleh MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü