Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı... İlk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.
(Əvvəli qəzetin ötən sayında)
Əgər Mütəllibovun hakimiyyəti dövründə ziddiyyətli daxili və xarici siyasət yeridilirdisə, dövlət idarəçiliyi Moskvanın diktəsi ilə aparılırdısa və hər şey SSRİ-nin bərpa olunmasına tabe edilirdisə, indi beynəlxalq siyasətin obyektiv reallıqlarına, Azərbaycan vətəndaşlarının istək və arzularına zidd, obyektiv gerçəkliyi nəzərə almayan, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə kəsb edən siyasət yeridilirdi.
Region dövlətləri və qonşularla əsassız gərginliyin yaradılması, Azərbaycanın daxilində etimadsızlıq mühitinin formalaşdırılması və digər hallar getdikcə çox ciddi zərərli nəticələr verirdi.
Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət həm də ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, ayrı-ayrı məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini təkzib edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdu.
Hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən tez-tez səsləndirilən məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri və vəzifələri, prinsipləri və istiqamətləri haqqında beynəlxalq aləmdə yanlış rəy yaradır, onun sivil dünya dövlətlərindən təcrid edilməsinə səbəb olurdu.
Ölkədə daxili vəziyyət gündən-günə pisləşir, respublikada nəinki siyasi, iqtisadi, sosial islahatlar aparılmır, demokratik hüquqi dövlət quruculuğu həyata keçirilmirdi, əksinə, bu iqtidarın atdığı bütün addımlar cəmiyyəti sonu görünməyən uçuruma doğru sürükləyirdi. Onların respublikada yaratdığı ictimai-siyasi xaos, anarxiya, “dövlət reketçiliyi”, zorakılıq ənənələri, nəticə etibarilə, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Belə düşüncəsiz və səriştəsiz siyasət qısa vaxtda AXC-Müsavat hakimiyyətinin ölkə daxilində öz nüfuzunu büsbütün itirməsinə, ölkəmizin regionda və dünyada təklənməsinə, respublika ətrafında faktiki olaraq antiazərbaycan koalisiyasının formalaşmasına gətirib çıxardı. Bütün bunlar – Azərbaycanda dövlət quruculuğu sahəsində baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi dairələr tərəfindən dəstəklənən siyasi qüvvələrin hakimiyyət uğrunda silahlı mübarizəsi, iqtisadiyyatın dağıdılması, milli sərvətlərin talan edilməsi, sovet dövründə əldə olunmuş bütün nailiyyətlərdən kor-koranə imtina edilməsi ilə müşayiət olunurdu. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi.
Xalq cəbhəsinin daxilində keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar Gəncə qiyamı ilə nəticələndi. Ölkədə mövcud olan dərin siyasi-iqtisadi və sosial böhran hakimiyyəti iflic vəziyyətinə gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya getdi. Ölkə heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai böhran hökm sürürdü.
Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı.
Azərbaycanın Ermənistanla apardığı müharibədə hərbi məğlubiyyətə uğramasının bir neçə xarici və daxili səbəbləri vardır. Bunların sırasında Rusiyanın və xarici ölkələrdəki erməni diasporunun Ermənistana göstərdiyi siyasi dəstəyi və yardımı xüsusilə qeyd etmək lazımdır. Azərbaycandan fərqli olaraq, Ermənistan hələ münaqişə başlanmazdan çox-çox əvvəl onun uğurla başa çatdırılması üçün böyük hazırlıq işləri aparmışdı. Dağlıq Qarabağ məsələsində “məzlum erməni xalqının haqlarının tapdalanması” haqqında fikirlər hər bir erməninin beyninə yeridilərək onun milli şüurunun hakim komponentinə çevrilmiş, bu məsələdə dünya ictimaiyyətini aldatmaqla onun rəğbətini qazanmaq məqsədilə genişmiqyaslı təbliğat işi aparılmışdı. Artıq münaqişə başlayanda Ermənistan Respublikasının rəhbərliyi Dağlıq Qarabağın Azərbaycandan ayrılması zərurəti barədə həm daxildə, həm də xaricdə istisnasız olaraq bütün ermənilərin yekdil rəyinə, birliyinə arxalanırdı. Digər tərəfdən, Ermənistanda ordu yaradılması, Dağlıq Qarabağ zonasında döyüş əməliyyatları aparmağa qadir olan silahlı dəstələr hazırlanması istiqamətində işlər çoxdan aparılırdı.
Azərbaycanda isə vəziyyət tam bambaşqa idi. O zamankı Azərbaycan rəhbərliyi Ermənistanda gedən prosesləri görə-görə nəinki dünya ictimaiyyətinə, heç öz xalqına da Dağlıq Qarabağ haqqında həqiqətləri, real vəziyyəti çatdırmaq niyyətində deyildi. Qorbaçovun bədnam “yenidənqurma” dövründə hakimiyyətə gətirilmiş Əbdürrəhman Vəzirov xalqa, onun milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağ məsələsində erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha da həvəsləndirdi. Azərbaycan xalqının mübarizə əzmini qırmaq məqsədilə törədilmiş Qanlı yanvar hadisələrindən sonra Əbdürrəhman Vəzirov xalqın qəzəbindən qurtarmaq üçün Moskvaya qaçmalı oldu. Ondan sonra hakimiyyətə gələn Ayaz Mütəllibovun aqibəti də eyni cür oldu. Moskvanın göstərişlərini “sədaqətlə” yerinə yetirməkdə öz sələfindən fərqlənməyən Ayaz Mütəllibov ordu yaradılması barədə xalqın tələblərinə məhəl qoymadı, yalnız öz himayəsi üçün silahlı dəstələr yaratdı. Bəli, o, öz hakimiyyətini daxildəki bəzi qüvvələrdən qorumağı Azərbaycan torpaqlarını erməni təcavüzündən müdafiə etməkdən üstün tutdu. Nəticədə, o da Moskvaya qaçmalı oldu. Hakimiyyətə yeni qüvvələr – xalq cəbhəsi gəldi. Az keçmədi ki, Əbülfəz Elçibəy hakimiyyəti də öz səriştəsizliyi, orada təmsil olunan qüvvələrin böyük şəxsi ambisiyaları üzündən ölkəni uçurum astanasına gətirib çıxartdı. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı. Vəziyyəti nizama salmaqda aciz olan Əbülfəz Elçibəy də gizlicə baş götürüb Kələkiyə getdi. Üç başçı və üç qaçış...
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın parçalanmasından xilas edilməli idi.
1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və vətənə mənsubluq hisləri aşılanmağa başlandı.
Təbiidir ki, Azərbaycanda əsaslı sabitlik yaratmaq və respublikamızın müstəqil dövlət kimi yaşaması üçün Ermənistan-Azərbaycan müharibəsində qəti tədbirlər görmək lazım idi. Çünki Azərbaycanda mövcud olan daxili çəkişmələr, hakimiyyət mübarizəsi, müxtəlif qüvvələrin təxribatları, milli ordunun olmaması Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmışdır. Onlar Azərbaycanın vəziyyətindən çox çevik istifadə edərək torpaqlarımızı ardıcıl surətdə işğal edirdilər.
Bu məqsədlə 1993-cü ilin noyabr ayından başlayaraq bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, o biri tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdı. Bunun nəticəsində 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Müharibənin dayandırılması, daxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və regionda Azərbaycanla qonşu dövlətlər arasında yaranmış gərginliyin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirdi.
Görülən gərgin və əhatəli işlər nəticəsində 1994-cü ildə ATƏT-in Budapeşt sammiti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həlli haqqında qərar çıxardı.
1994-cü ilin sentyabrında Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsini imzalamışdır.
Azərbaycanda başlanmış bu işlər əhalidə və bizi istəyən xarici aləmdə inam və sevinc yaratdığı kimi, respublikamızın inkişafını istəməyən daxili və xarici qüvvələrdə qısqanclıq oyadırdı. Azərbaycan dövlətçiliyinə qarşı olan daxili və xarici qüvvələr, müxtəlif ambisiyalı siyasi və hərbi qruplaşmalar öz mövqelərinin itirilməsi, dövlətdə və ölkədə nizam-intizam yaradılması ilə barışmaq istəmirdilər. Onlar müxtəlif xarici dairələrin təsiri və köməyi ilə Azərbaycan Respublikasının qanuni hökumətini devirməyə, ölkədə hakimiyyətsizlik mühiti, vətəndaş qarşıdurması yaratmağa dəfələrlə cəhdlər göstərir, müxtəlif dövlət və hökumət rəhbərlərinə qarşı sui-qəsdlər təşkil edirdilər.
1994-cü ilin oktyabrında o zamankı baş nazir Surət Hüseynovla xüsusi təyinatlı polis dəstəsinin başçısı Rövşən Cavadov və onun qardaşı Mahir Cavadovun dəstələri tərəfindən və ölkədəki bir çox müxalifət partiyalarının onların hərəkətlərini himayə etməsi nəticəsində dövlət çevrilişinə qəsd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmiş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdinin qarşısı alındı. Gecəyarısı ayağa qalxan xalq Prezident Sarayının qarşısında toplaşaraq öz dövlətçiliyini, öz hüquqlarını, öz gələcəyini müdafiə edərək qiyamçılara layiqli cavab verdi.
Qanuni dövlət orqanlarını devirməyə, siyasi hakimiyyəti zorakılıqla dəyişdirməyə növbəti cəhd 1995-ci ilin martında, yenə də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələrinə rəhbərlik edən Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov tərəfindən göstərildi. Həm də bu dəfə əksər müxalifət partiyaları öz məqsədlərini dövlətçilik mənafeyindən üstün tutaraq bilavasitə və dolayısı ilə qəsdçiləri müdafiə etdilər. Baş verən hadisələri düzgün qiymətləndirmək, dövlətçilik mövqeyi tutmaq əvəzinə onlar əhalini çaşdırmağa, qəsdçiləri həvəsləndirməyə yönəldilmiş ziddiyyətli bəyanatlar verdilər. Sonralar bir sıra partiyaların və onların başında duran ambisiyalı siyasətçilərin qəsdçilərlə bilavasitə cinayət əlaqələrinə girdikləri, dövlət hakimiyyətini devirmək və gələcəkdə formalaşdırmaq istədikləri hökumətdə vəzifələri bölmək haqqında razılığa gəldikləri də aşkarlandı. Lakin onların qarşısında yenə də xalqa arxalanan, Azərbaycan dövlətinin və xalqının maraqları naminə qətiyyətlə hərəkət edən Azərbaycan siyasi rəhbərliyinin yenilməz iradəsi dururdu. Qanunsuz silahlı dəstələr, cinayətkar qruplar, xaricdən və daxildən istiqamətləndirilən qüvvələr, Azərbaycan dövlətini silah gücü ilə devirməyə cəhd göstərən qəsdçilər qanuni dövlət orqanlarının gücü ilə tamamilə darmadağın edildilər və layiqli cəzalarını aldılar. Onların açıq və gizli himayədarları isə xalq qarşısında ifşa olundular.
(Ardı qəzetin növbəti sayında)