23 Dekabr 2024, Bazar ertəsi

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
“İnsan hüquqları haqqında Ümumi Bəyannamə” insan hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini və digər məsələləri nəzərdə tutur. Bu mənada bəyannamə insan hüquqlarının toxunulmazlığına təminat verən əsas beynəlxalq sənəddir.
Sülh və insan hüquqları bir-birindən ayrılmazdır. İnsan hüquqlarına yalnız sülh və əməkdaşlıq şəraitində əməl olunur. Bütün ölkələrdə bu hüquqların tapdalanması bəşəriyyətə qarşı cinayətlərlə və sülhün pozulması ilə nəticələnə bilər.

Ona görə də Ümumi Bəyannamədə elan edilir ki, “bəşər nəslinin bütün üzvlərinə mənsub olan bərabər və ayrılmaz hüquqların tanınması azadlıq, ədalət və ümumi sülh üçün əsasdır”. Ümumi Bəyannamədə beynəlxalq münasibətlər tarixində, ilk dəfə olaraq, hamı tərəfindən əməl olunmalı əsas insan hüquqları və azadlıqlarının siyahısı müəyyən edilmişdir. Bu beynəlxalq sənəddə vətəndaşlıq və siyasi hüquqlar, habelə sosial-iqtisadi hüquqlar hamının əməl etməli olduğu insan hüquqları sırasına aid edilir.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Müstəqil dövlətimizin ilk Kon­s­titusiyasının preambulasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyaraq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir. Kon­s­titusiyanın III fəsli bütövlükdə insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Demək olar ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamə və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar Konstitusiyada təsbitini tapmışdır.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il fevralın 22-də imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və 1998-ci il 18 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir.
1996-2000-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuş, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Fakültativ Protokoluna qoşulmuşdur. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Həmin gün Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etmiş və üzərinə milli qanunvericiliyin bu Konvensiyaya uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür. 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbulu və daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların davamı olmuşdur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin davamı kimi 2002-ci il dekabrın 24-də qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun da mühüm əhəmiyyəti vardır.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısı bu sahədə görülən tədbirlərin genişləndirilməsi məqsədilə 2006-cı il 28 dekabr tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə, baş prokurorluğuna normativ-hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə edilmiş, bununla da, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımlar atılmasına zəmin yaranmışdır. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsi bu dövrdə ölkəmizdə əldə olunan ən mühüm nailiyyətlərindən biridir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. Sərəncamda göstərilir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikada insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmi olan Müvəkkil təsisatı yaradılmış, penitensiar xidmətin infrastrukturu təkmilləşdirilmiş, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqi statusu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir. Ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq institutlarının inkişafında müstəsna rol oynamışdır. Fərmanın qəbul edilməsindən ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, o cümlədən məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüş və fərmandan irəli gələn vəzifələrin icrası təmin edilmiş, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
2011-ci il dekabrın 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişik­liklər edilmişdir. Dəyişikliklərə əsasən, ölkəmizin qoşulduğu “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını və informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Qanuna edilmiş bu dəyişiklik muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir.

Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqları sahəsində yeni-yeni uğurlara imza atır. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə, demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır. Çünki ölkəmizdə həyata keçirilən hüquq islahatları, ilk növbədə, qanunçuluğun daha da möhkəmlənməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına hesablanmışdır.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR