23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada Naxçıvan Özəl Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövründən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün bölgələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi diqqət və qayğı göstərib. Hələ sovetlər dövründən başlayaraq muxtar respublikada enerji, kənd təsərrüfatı, sənaye, eləcə də elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi sonralar Azərbaycan müstəqillik qazandıqdan sonra regionun infrastruktur inkişafında mühüm rol oynayıb.

Qeyd olunub ki, dahi rəhbərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi müstəqillik tariximizin ən zəngin və dəyərli səhifələrindəndir. Belə ki, həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar Azərbaycanın müstəqillik uğrunda mübarizəsində mühüm hadisələrdir. Regiona erməni hücumlarının aramsız xarakter aldığı həmin dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti nəticəsində Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasına imkan yaradıb. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə məhv olmaqdan xilas edilib və Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub.
Tədbirə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR