Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən parlaq dövlət xadimidir. Ölkəmizə həm birinci, həm də ikinci rəhbərliyi dövründə onun fəaliyyəti yalnız və yalnız ümummilli mənafelərə xidmətlə bağlı olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının dekabrın 9-da Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirdiyi konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bu fikirləri səsləndirdi.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri bildirdi ki, ulu öndər Heydər Əliyev Vətəninə göstərdiyi əvəzsiz xidmətlərlə xalqımızın bütün tarixi ərzində ümummilli lider səviyyəsinə yüksələn yeganə dövlət xadimi kimi qəlbimizdə özünə əbədi abidə ucaldıb. Bu gün dünyanın siyasi xəritəsində və beynəlxalq siyasi mühitdə mövcud olan dövlətlər içərisində özünəməxsus yeri və rolu olan müstəqil Azərbaycan Respublikası ulu öndərimiz Heydər Əliyevin öz xalqına miras qoyduğu şah əsəridir.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Naxçıvan”, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İcra Katibliyinin baş referenti Rail Tağızadə “Böyük öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzularında məruzələrlə çıxış etdilər.
Məruzələrdə bildirildi ki, müstəqil Azərbaycan dövlətinin yaradılması üçün zəruri sosial-iqtisadi baza ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dövründə, 1969-1982-ci illərdə yaradılıb, Azərbaycan Respublikasının real müstəqillik yoluna qədəm qoyması isə 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra mümkün olub. Xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət müstəqilliyimizin əbədiliyi, dönməzliyi təmin edilib, ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik yaradılıb, sosial-iqtisadi və konstitusion-hüquqi islahatlar keçirilib, xarici siyasətdə ardıcıl uğurlar qazanılıb.
Qeyd olundu ki, ulu öndərin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi, muxtar respublika Ali Məclisinə rəhbərlik etdiyi 1990-1993-cü illər bütövlükdə Azərbaycanın müstəqillik tarixinin çox mühüm bir dövrü olub. Məhz bu dövrdə, bilavasitə, ümummilli liderimizin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ilk dəfə Naxçıvanda müstəqil Azərbaycanın dövlətçilik atributları təsis edilib, aqrar islahatlara başlanılıb, ictimai-siyasi sabitlik bərpa olunub, bir sıra beynəlxalq təşkilatlar və xarici dövlətlərlə, xüsusən qonşu Türkiyə və İranla uğurlu diplomatik münasibətlər qurulub, muxtar respublikanın müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan kimi, öz intibah dövrünü yaşayan onun Naxçıvan Muxtar Respublikası da ulu öndərin bünövrəsini qoyduğu inkişaf və tərəqqi siyasətinin nuruna boyanıb.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurdu.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin qiymətli eksponatları ilə tanış oldular.
Rauf Əliyev