23 Dekabr 2024, Bazar ertəsi

Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləmiş, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Vətənpərvərliyin mahiyyətindən danışarkən ümummilli lider bunun mənəviyyatla bilavasitə bağlılığını vurğulayaraq qeyd edirdi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

Ulu öndər Heydər Əliyev onu da nəzərə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Dahi rəhbər demişdir: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Göründüyü kimi, ulu öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasını vacib şərt saymışdır.
Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və ulu öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Vətənpərvərliyi tarixilik və müasirlik kontekstində dəyərləndirən, ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim, bütün xalq üçün başlıca qayə sayan ulu öndərin nəzəri irsində soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası kimi mənəvi keyfiyyətlər də mühüm yer tutur. Bu da təsadüfi deyil, çünki xalqımızın özünəməxsus zəngin tarixi keçmişini dərindən bilmək və ona hörmətlə yanaşmaq hər bir şəxsdə vətənpərvərlik hissini daha da qüvvətləndirir. Ümummilli lider deyirdi: “Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik”.
Ulu öndər onu da vurğulayırdı ki, vətənpərvərlik birtərəfli, məhdud anlayış deyil, çoxşaxəli mahiyyət daşıyır, özündə siyasi, ideoloji, mənəvi, əməli və sair keyfiyyətləri birləşdirir. Ona görə də əsl vətənpərvərlik üçün bir çox vacib məsələlərə əməl etmək gərəkdir. Görkəm­li siyasi xadim deyirdi: “Gənc­lərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!”
Ümummilli liderin vətənpərvərlik təlimində ölkəni, doğma torpağı qorumaq, müstəqilliyi daha da möhkəmləndirmək amalı ən mühüm vəzifələr sırasındadır. Müstəqil dövlətimizin bu günü də, sabahı da xalqın hər bir nümayəndəsindən möhkəm vətəndaş əqidəsinə yiyələnməyi və bu yolda fədakarlıqla çalışmağı tələb edir. Bu məsələdən danışarkən ulu öndər tövsiyə edirdi ki: “Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!.. Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!”
Ümummilli lider dəfələrlə nəzərə çatdırmışdır ki, vətənpərvərlik respublikanın hər bir vətəndaşı, xalqın hər bir nümayəndəsi üçün başlıca amala, əsas qayəyə çevrilməli, hamı bu ülvi, müqəddəs ideya ətrafında birləşərək ölkənin və millətin tərəqqisi naminə ardıcıl fəaliyyət göstərməlidir. Dahi rəhbərimizin aşağıdakı fikri də bu vacib məqamı nəzərə çatdırır: “Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır!.. Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır”.
Xalqımızın böyük oğlu yaşından, peşəsindən asılı olmayaraq, cəmiyyətin hər bir üzvünün öz fəaliyyət sahəsində vicdanla çalışmasını, öz amal və əməlləri ilə Vətənin və xalqın hərtərəfli tərəqqisinə xidmət göstərməsini məhz vətənpərvərlik işi kimi dəyərləndirmişdir. Qəlbi Vətən eşqi ilə döyünən hər bir şəxsin bu yöndə atdığı addım ölçü­sündən asılı olmayaraq, ölkə və xalq üçün əhəmiyyət və dəyər qazanır. Bütün bunlar tam halda, bir yerdə möhtəşəm vətənpərvərliyi formalaşdırır ki, bunda hər bir şəxsin özünəməxsus payı vardır. Ulu öndər bu sahədə ziyalıların da öhdəsinə mühüm vəzifələr düşdüyünü vurğulayaraq fikrini belə ümumiləşdirmişdir: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir”.
Ulu öndərimiz Heydər Əliyev vətənpərvərliyin yüksək səviyyədə formalaşması üçün sistematik, ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkərək bunu ümumxalq işi, taleyüklü məsələ kimi dəyərləndirmişdir. Ulu öndərin aşağıdakı fikri bütün zamanlar üçün aktual olan vəzifəni nəzərə çatdırır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Müstəqil dövlətimizin gələcəyinin böyüməkdə olan nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən çоx asılı оlduğunu vurğulayan müdrik lideri­mizin parlaq dühası, ardıcıl səyləri sayəsində Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə vətənpərvərlik amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə konseptual tədbirlər uğurla həyata keçi­rilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev tədris ocaqlarında, o cümlədən ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, – onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bütün bunlar isə təhsilin milli məzmununu, vətənpərvərlik qayəsini müəyyənləşdirən çox mühüm faktorlar kimi düşünülmüş, ciddi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan tarixinin, dilinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çоx vacib şərt saymışdır. Bu da təsadüfi deyil, çünki gələcəyin qurucuları оlan yeni nəsillərin vətənpərvərlik amalına yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir.
Müstəqil Azərbaycanın təhsil sisteminin qarşısında duran məqsəd və vəzifələrdən bəhs edərkən dahi şəxsiyyət təlim prosesinin düzgün qurulmasının böyük amalların, ideyaların, vəzifələrin gerçəkləşməsi, bütövlükdə, xalqın və ölkənin sabahkı taleyi üçün son dərəcə vacib əhəmiyyət daşıdığını konkret şəkildə nəzərə çatdırmışdır: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.
Ulu öndərimizin müdrik tövsiyəsi belədir ki, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək üçün hər bir müəllimin, tərbiyəçinin şəxsi nümunəsi vacib şərtdir: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.
Bəli, görkəmli dövlət xadimi Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin təməli, əsas xətti məhz budur – həmişə və hər yerdə Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq!
Hazırda ölkəmizdə bütün digər sahələrlə yanaşı, vətənpərvərlik təliminin prinsiplərinin ardıcıl və əhatəli şəkildə həyata keçirilməsi sahəsində də ulu öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu yöndə son dərəcə böyük və əhatəli işlər görülmüş və görülməkdədir. Hazırda Naxçıvan ümummilli liderin siyasi kursuna, onun vətənpərvərlik təliminə istinadən heyrətamiz inkişafın və quruculuğun ən parlaq təzahür meydanıdır.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin dərin milli mündəricəyə malik vətənpərvərlik təlimi sоn dərəcə qiymətli оlub, çağdaş dövrdə də, gələcək yüzillərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir. Bu konsepsiya hər bir Azərbaycan vətəndaşının fəaliyyət devizi, həyat amalıdır.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR