Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin idi. Müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi töhfə kimi xalqımızın əvəzsiz milli sərvəti olmaqla bərabər, onun rəhbərlərindən tutmuş hər bir vətəndaşı qarşısında böyük məsuliyyət qoyurdu.
(Əvvəli qəzetin ötən sayında)
Xatırlayaq ki, bütün bunlar baş verdiyi zaman artıq SSRİ-nin dağılması heç kimdə şübhə yaratmırdı və ittifaq respublikalarının bir çoxu öz müstəqilliyini bərpa etmişdi. SSRİ-də 1991-ci il 19-21 avqust dövlət çevrilişini tələm-tələsik müdafiə edən başda Ayaz Mütəllibov olmaqla Azərbaycan Kommunist Partiyasının rəhbərliyi xalqın artan təzyiqini, eləcə də öz hakim mövqeyini saxlamaq üçün 1991-ci il avqustun 30-da Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul etməyə məcbur oldu.
Əslində, bu bəyannamənin qəbul edilməsi və həmin gün Bakıda fövqəladə vəziyyətin ləğv olunması sentyabrın 8-də Azərbaycanda keçiriləcək prezident seçkilərini təmin etməyə yönəldilmişdi. Bu sessiyada deputatlardan bir neçəsinin təkidinə baxmayaraq, o zamankı rəhbərlik referendum yolu ilə müstəqillik haqqında xalqın rəyini öyrənməyi lazım bilmədi. Bundan başqa, müstəqillik haqqında bəyannamə iki həftə ərzində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsini nəzərdə tutsa da, naməlum səbəblərdən bu iş düz 48 gün, yəni oktyabrın 18-nə qədər, onun dərc olunması isə daha 20 gün yubadıldı. Konstitusiya Aktı qəbul edilərkən Ali Sovet bu haqda referendum keçirmək haqqında qərar qəbul etməli idi. Bu da naməlum səbəbdən noyabrın 15-nə qədər yubadıldı.
SSRİ-nin saxlanması ilə bağlı digər cəhdlər ondan ibarət oldu ki, Qorbaçov və doqquz respublika başçısı “9+1” bəyannaməsini qəbul etdi və Novo-Oqaryovo danışıqlar prosesi başlandı. Sovet İttifaqının yerinə Müstəqil Dövlətlər Birliyinin yaradılmasına cəhd göstərildi və 1991-ci il avqustun 20-də ittifaq müqaviləsinin imzalanması nəzərdə tutuldu. Bundan sonra Moskvada məşhur avqust qiyamı baş verdi və Azərbaycan rəhbərliyi bütövlüklə fövqəladə rejimin tətbiq olunmasını dəstəklədi. Maraqlı faktdır ki, artıq Moskva jurnalistləri Qorbaçovun Forosdan qayıtmasını və Yanayev-Kryuçkov güruhunun qarşısının alınması haqqında kadr-ları şərh etdiyi bir vaxtda, Azərbaycan diktorları hələ də “QKÇP”-nin qərarlarını oxumaqda idilər. İttifaq müqaviləsinin imzalanması təxirə salındı, müəmmalı avqust qiyamı isə, əslində, totalitar sistemin dağılmasının son nöqtəsini qoydu. Rusiya prezidentinin sərəncamı ilə Rusiyanın ərazisində Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Mərkəzi Komitə ləğv olundu.
1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyasının 23-cü fövqəladə qurultayında Azərbaycan Kommunist Partiyası da ləğv olundu.
1991-ci il aprelin 9-da Gürcüstanın Ali Soveti referendumun nəticələrini nəzərə alaraq, dövlət müstəqilliyinin bərpası haqqında müvafiq akt qəbul etdi, avqust qiyamından sonra isə əksər sovet respublikaları öz müstəqilliyini bəyan etdi. Təəssüflər olsun ki, Azərbaycan bunların sırasında deyildi.
1991-ci il dekabrın 1-də Ukraynada keçirilən referendumun nəticələri şərh edilərkən aydın oldu ki, bu respublika ittifaq müqaviləsinə qoşulmayacaqdır. Bir neçə gün sonra isə Rusiyanın, Ukraynanın və Belarusun başçıları Belovejsk sazişləri əsasında bəyan etdilər ki, Sovet İttifaqı öz fəaliyyətini dayandırır və artıq beynəlxalq hüququn subyekti kimi mövcud deyildir. 1991-ci il dekabrın 8-də SSRİ, əslində, öz tarixinin son gününü yaşadı.
Məsələ bundadır ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması və mərkəzdənqaçma meyilləri ittifaq respublikalarının hərəsində bir cür təzahür edirdi. Bu proses Pribaltika respublikalarında, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova və başqa respublikalarda yerli rəhbərliklə xalq kütlələrinin vahid məqsəd və hərəkəti ilə müşayiət olunduğu üçün daha ağrısız və itkisiz keçirdi.
1991-ci il dekabrın 29-da, nəhayət ki, Azərbaycan Respublikasında da ümumxalq referendumu keçirildi. Bu referendumun bülleteninə cəmi bir sual daxil edilmişdi. Bu sual müstəqillik haqqında Konstitusiya Aktına münasibəti öyrənmək məqsədini daşıyırdı və əhalinin 95 faizi bu referendumda iştirak edərək müstəqillik, suverenlik yolunu seçdi. Beləliklə də, Azərbaycanın müstəqilliyi yalnız SSRİ dağıldıqdan sonra öz tam hüquqi təsdiqini tapdı, müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi.
Bütün bunlar göstərir ki, o zamankı respublika rəhbərliyi Azərbaycanın dövlət müstəqilliyinə var gücü ilə müqavimət göstərir və onun artıq dağılmış SSRİ-dən çıxmasına hər vəchlə mane olurdu.
Hətta müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra Azərbaycan rəhbərliyi respublikanın müstəsna səlahiyyətinə aid olan bir sıra məsələləri keçmiş ittifaqın dövlət şurasının iştirakı ilə həll etməyə çalışmış, yerli hərbi qüvvələrin vahid ittifaq rəhbərliyinə tabe edilməsinə razılığını bildirmişdi. Bundan başqa, SSRİ Ali Sovetinin işində iştirak etmək üçün Azərbaycandan oraya 27 deputat göndərməyə cəhd etmiş, yalnız deputatların ciddi müqaviməti nəticəsində buna nail ola bilməmişdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi 80-ci illərin birinci yarısından başlayaraq, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Bu tarixi və obyektiv proseslər, nəticədə, SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarixi səhnədən çıxmasına və müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bunun ardınca baş verən hadisələr – yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının qanuni təzahürü idi. Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin müstəsna xidmətləri hesab etmək olmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi.
XXI əsrin ilk ilində – 2001-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsinin on illiyi tamam olur. Sözsüz ki, əsrin, minilliyin ilk ilində qeyd olunan bu yubiley bizim tariximizin ən mühüm mərhələlərindən birinə çevriləcəkdir. Müstəqilliyə gedən yollar heç də asan və hamar olmayıbdır. Təəssüf olsun ki, bu gün də ən yaxın tariximizi təhrif etmək, onu müxtəlif siyasi qüvvələrin “xeyrinə” saxtalaşdırmaq meyilləri duyulur. Bu, dözülməz haldır.
Keçdiyimiz tarixi yola nəzər salarkən aydın olur ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və bu sərvətin ayrı-ayrı qurumların, şəxslərin inhisarına salınması heç cür yolverilməzdir.
Beləliklə, 1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin dördüncü mərhələsi başlandı. Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir.
Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin idi. Müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi töhfə kimi xalqımızın əvəzsiz milli sərvəti olmaqla bərabər, onun rəhbərlərindən tutmuş hər bir vətəndaşı qarşısında böyük məsuliyyət qoyurdu. Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, respublikanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.
Lakin Azərbaycanın müstəqillik tarixinin ilk illərinə nəzər salsaq, müstəqil dövlətin qarşısında duran vəzifələrin heç də həmişə ardıcıllıqla və qətiyyətlə həyata keçirilmədiyinin şahidi oluruq. 1991-ci ildə və 1992-ci ilin birinci yarısında respublikaya rəhbərlik edən şəxslər dünyada və SSRİ-də gedən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyillərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa çalışanlarla bir mövqedə dayanır və nəyin bahasına olursa-olsun, Azərbaycanın bu dövlətin tərkibindən çıxmasına yol verməməyə cəhdlər göstərirdilər.
Müstəqillik yoluna qədəm qoymuş hər bir ölkə kimi, Azərbaycan üçün də öz daxili və xarici siyasəti konsepsiyasını təxirə salmadan hazırlayıb onun həyata keçirilməsinə başlamaq aktual və taleyüklü vəzifə idi. Təəssüf ki, 1991-1992-ci illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və respublikamızın daxilində qızğın hakimiyyət çəkişməsi gedirdi. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı bu hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurdu.
Azərbaycanda siyasi proseslərin bu cür qorxulu və ziddiyyətli gedişi respublika rəhbərliyinin Azərbaycanın müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il Konstitusiya Aktı qəbul ediləndən sonra da müstəqil xətt yeritmədiyindən, ikiüzlü, qeyri-ardıcıl siyasət apardığından xəbər verirdi. Məhz o zamankı rəhbərliyin respublikanın real müstəqilliyi üçün əməli addımlar atmaması, xalq kütlələrinin artan narazılığını və etiraz səsini qulaqardına vurması və bütün bu etirazları boğmağa çalışması həm Azərbaycanın müstəqil dövlət quruculuğunun sonrakı işlərini çətinləşdirmiş, təhlükəli istiqamətə yönəltmiş, həm də Dağlıq Qarabağ problemini çətin düyünə salaraq, bugünkü nəsil üçün ağır problemlər yaratmışdır.
SSRİ dağıldıqdan və Azərbaycan müstəqil dövlət statusu aldıqdan sonra da Mütəllibov hökuməti xarici və daxili siyasətində daha çox müstəqil Azərbaycan dövlətinin deyil, öz hakimiyyət maraqlarını qoruyur və bu məqsədlə də xarici dövlətlərlə münasibətlərdə birtərəfli siyasət yeridirdi. Bütün bunlar Azərbaycanın iqtisadi, siyasi maraqlarına, onun təhlükəsizliyinə, ərazi bütövlüyünə, suveren dövlət hüquqlarının reallaşmasına cavab vermirdi.
Təəssüflə qeyd etmək lazımdır ki, 1992-ci ilin martından may ayına qədərki dövrdə də Azərbaycanın müstəqil dövlətçilik maraqlarından irəli gələn ardıcıl, düşünülmüş siyasət həyata keçirilmədi. Bu dövrdə Azərbaycanda başlanan hakimiyyət uğrunda silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çox-hakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə və onun sonrakı taleyinə çox ağır zərbələr vurdu. Azərbaycanın bu gün də həllinə nail ola bilmədiyi qlobal problemlər məhz həmin çoxhakimiyyətlilik və ondan sonrakı hakimiyyət çəkişmələri dövründə yaradılmışdır. Həmin dövrü bütövlükdə Azərbaycanın müstəqillik tarixinin ən ziddiyyətli, ziyanlı və təhlükəli dövrü hesab etmək olar. Cəmi bir neçə ayda müstəqil Azərbaycan dövlətinə elə zərbələr vuruldu ki, bunun təsirini həm indiki nəsil hiss edir, həm də gələcək nəsillər onlardan uzun müddət xilas ola bilməyəcəklər.
1991-1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət günü-gündən gərginləşirdi. Xocalı faciəsi baş verdi. 1992-ci il martın 6-da Mütəllibov istefaya getməyə məcbur oldu. Əsl hərc-mərclik dövrü başlandı. Həmin vaxt xəyanət nəticəsində Şuşanın təslim edilməsi, 1992-ci il may ayının 15-də o zamankı müdafiə naziri Rəhim Qazıyevin silahlı qüvvələrin kvotası ilə bağlı Daşkənddə imzaladığı xəyanətkar saziş bütün Azərbaycan xalqının və onun silahlı qüvvələrinin bu gününə və gələcəyinə ömürlük zərbə vurmuşdur. O dövrdə yüzlərlə belə hallar baş vermişdir.
Mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə xalq cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament 4 gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.
1992-ci ilin may-iyun aylarında Cəbhə-Müsavat birliyi hakimiyyəti ələ aldı. Əslində, bu, Azərbaycanda neobolşevizm ab-havasının bərqərar olmasına gətirib çıxartdı. İqtisadiyyatda başlanmış hərc-mərclik davam etdi. Respublikanın maddi ehtiyatları qəddarcasına talanır, malların xaricə satışı nəticəsində əldə olunan vəsait xarici banklarda kiminsə şəxsi hesabında yatıb qalırdı. Əhalinin böyük bir hissəsi yoxsulluq həddində yaşayırdı. Azərbaycandan xaricə güclü, intellektual axın başlandı və bir çox tanınmış alim, yazıçı, şair, incəsənət xadimi Türkiyəyə, İrana, Rusiyaya və başqa ölkələrə üz tuturdu. Azərbaycan dilinin adı dəyişdirildi və bununla dil haqqında Konstitusiya müddəası kobudcasına pozuldu.
(Ardı qəzetin növbəti sayında)