23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və qanunvericilik bazasının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Kon­s­­titusiyasında ilk dəfə olaraq bələdiyyələrin statusu müəyyənləşdirildi.
Ümummilli lider Heydər Əliyev çıxışlarında bələdiyyələrin yaradılması ilə əlaqədar demişdir: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi var və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Hazırda respublikamızda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşmış, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılmışdır.
Yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, həmin sistem qanun çərçivəsində onlara öz mənafeləri naminə yerli əhəmiyyətli məsələləri həll etmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar, bələdiyyələr və vətəndaşların yığıncaqları həyata keçirirlər.
Azərbaycan Respublikası Kon­stitusiyasının 142-ci maddəsinə görə, Azərbaycan Respublikasında yerli özünüidarəni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur. Bələdiyyələr Konstitusiyaya, Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət orqanlardır.
Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır. Qanuna görə vətəndaşlar yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər vasitəsilə və digər formalarda həyata keçirirlər. Bundan əlavə, vətəndaşlar yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.
Ölkəmizdə bələdiyyələrin fəaliyyətini tənzimləyən zəruri qanunvericilik bazası yaradılmışdır. Bu qanunvericilik aktları içərisində “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli Qanun xüsusi yer tutur. Həmin qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünü­idarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirmişdir. Qanunun 27-ci maddəsi “Bələdiyyələrə seçkilər” adlanır. Bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir. Yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ ilə bağlı “Bələdiyyələrin statusu haqqında” Qanunun müddəası vətəndaşların yerli özünüidarəni həyata keçirmək hüququnu ifadə edir.
Seçkilər vətəndaşların dövlətin idarə edilməsində iştirakının kütləvi formasıdır. Azərbaycan Respublikası vətəndaşlarının seçmək və seçilmək hüququ Konstitusiyanın 56-cı maddəsində öz təsdiqini tapmışdır.
Seçki Məcəlləsi ilə həmçinin bələdiyyə seçkilərinin təşkili və keçirilməsi qaydaları müəyyən edilir. Belə ki, həmin məcəllənin “Bələdiyyə seçkilərinin əsasları” adlanan 210-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir və həmin müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır, yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyəyə üzv seçilə bilərlər. Seçki qanunvericiliyinə görə, bələdiyyələrə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
Bələdiyyələr vətəndaş təşəbbüskarlığının bərqərar edilməsi baxımından mühüm idarəetmə formasıdır. Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin hüquq və azadlıqlarının qorunmasını, yerli problemlərin həllini təmin edən müstəqil idarəetmə qurumudur. Bu qurum əhaliyə xidmət göstərən qurum olub, dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olaraq, xalqın rifahının yaxşılaşdırılması istiqamətində zəruri fəaliyyət həyata keçirir. Bələdiyyələrin əsas funksiyası yerli məsələlərin həllində əhalinin iradəsini, mənafeyini ifadə etməkdən ibarətdir.
Yerli özünüidarənin inkişaf etdirilməsi işinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması bu sahədə yeni-yeni uğurlar əldə olunmasına zəmin yaratmışdır. Yerli əhalinin bələdiyyələrlə sıx əlaqələr qurması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə yerli əhalinin cəlb olunması mühüm əhəmiyyət kəsb edir.
18 mart 2009-cu il tarixdə keçirilən referendumda Konstitusiyamıza edilmiş əlavə və dəyişikliklər yerli özünüidarə orqanlarının müasir cəmiyyətimizdə artan rolundan bir daha xəbər verir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair, eləcə də ayrı-ayrı sahələrlə bağlı qəbul edilmiş bir sıra dövlət pro­qramlarında bələdiyyələr üçün müəyyən tövsiyələr verilmişdir. Bu tövsiyələr bələdiyyələrin daha da səfərbər olmalarına, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində, abadlıq-quruculuq işlərində fəallıq göstərmələrinə səbəb olmuşdur.
Qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikasında da bələdiyyələr hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Muxtar respublikamızda bələdiyyələrin fəaliyyəti ilbəil təkmilləşmiş, inkişafı və cəmiyyətdə özünə layiqli yer tutması istiqamətində işlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti müasir standartlara cavab verən inzibati binalarda müvafiq otaqlarla təmin edilmişdir.
Muxtar respublikamızda bələdiyyələrin işinin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Muxtar respublikanın şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə 9 iyul 2014-cü il tarixdə Naxçıvan şəhərində bələdiyyə sədrlərinin III muxtar respublika toplantısı keçirilmişdir. Toplantıda bələdiyyələrin fəaliyyəti geniş müzakirə edilmiş, görülmüş işlərə dair uğurlar və çatışmazlıqlar qeyd olunmuş, bələdiyyələr qarşısında duran vəzifələr müəyyən edilmişdir.
Bələdiyyələrin səlahiyyət müddəti cari ilin sonlarında başa çatır. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ilə təyin edilmişdir. Qeyd edək ki, yerli özünüidarənin mövcud olduğu 15 il ərzində bələdiyyələr xeyli təcrübə qazanıblar və onların cəmiyyətin həyatındakı rolu ilbəil artır.
Ümummilli liderin tövsiyəsi və xeyir-duası ilə formalaşaraq fəaliyyətə başlayan bələdiyyələr yerli özünüidarəni həyata keçirmək sahəsində fəaliyyətlərini daha səmərəli etmək üçün səylərini artırırlar.
Növbəti bələdiyyə seçkiləri də yerli idarəçiliyin səmərəliliyinə müsbət təsir etməklə yerli özünüidarə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR