Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: SSRİ-nin dağılmasının qarşısında öz acizliyini dərk edən Sovet hakimiyyəti 1991-ci il martın 17-də ümumittifaq referendumu keçirdi. Rəsmi elan olunmuş nəticələrə görə, referendumda əhalinin 80 faizi iştirak etdi və guya onların 76 faizi ittifaqın saxlanmasına səs verdi. Azərbaycanda da bu referendumun nəticələri kobud surətdə saxtalaşdırıldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli strukturlarının zorla keçirdikləri bu referendumda o zaman yalnız Naxçıvan Muxtar Respublikası iştirak etmədi.
(Əvvəli qəzetin ötən sayında)
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin iclasındakı çıxışımda respublikada o dövrdə yaranmış gərgin vəziyyəti, mövcud olan dərin siyasi böhranı şərh edərək təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsindən, o cümlədən Bakıda fövqəladə vəziyyətin ləğv edilməsindən, Dağlıq Qarabağ probleminin tədricən Dağlıq Qarabağ faciəsinə çevrilməsi təhlükəsindən, Azərbaycan Kommunist Partiyasının ləğv edilməsinin zəruriliyindən söz açdım. Tarixə nəzər salarkən qeyd etdim ki, “Azərbaycan xalqı 20-ci ildən indiyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb. Biz 22-ci ildən SSRİ-nin tərkibindəyik.
SSRİ tərkibində olan heç bir müttəfiq respublikanın başına belə bəla gəlməyib. Heç bir müttəfiq respublika başqa müttəfiq respublikanın təcavüzünə məruz qalmayıb. Bu xırda məsələ deyil, bunu geniş müzakirə etmək lazımdır, danışmaq lazımdır, məsləhətləşmək lazımdır, dil tapmaq lazımdır, yol tapmaq lazımdır. Bu məsələyə tələm-tələsik baxmaq olmaz. Mən sizi həmin məsələyə bu cür mövqedən yanaşmağa dəvət edirəm. Buna görə də hesab edirəm ki, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması – məsələnin dar çərçivədə qoyulması deməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması – məsələ belə qoyulmalıdır və biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq. Ona görə də biz gərək təhlil edək: nə cür oldu ki, biz Dağlıq Qarabağı əldən verdik. Üç il bundan qabaq Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi. Pis idi, yaxşı idi – Azərbaycanın tərkibində idi. Düzdür, Dağlıq Qarabağ məsələsi 1920-ci ildən başlanıb. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaranıb. Sonrakı illərdə bu məsələ erməni millətçiləri tərəfindən qaldırılıb. Ancaq gəlin tarixə düzgün qiymət verək. Gəlin etiraf edək ki, o dövrlərdə erməni millətçilərinin qarşısı alınmışdı. Bəs nə cür oldu ki, respublikamız bu qədər böyüdü, yüksəldi, nüfuz qazandı, ölkədə, dünyada tanındı, lakin 1988-ci ildə Azərbaycan torpağının bir hissəsi əlindən getdi?” Bu sualları qaldıraraq mən Ali Soveti, bütün qüvvələri, bütün Azərbaycan vətəndaşlarını hərtərəfli və konstruktiv bir proqram hazırlamağa çağırırdım. O dövrdə tam aydın idi ki, 1988-ci ildən başlayaraq hadisələri Azərbaycan xalqının iradəsi yox, erməni separatçıları idarə edirdilər. Hadisələr gerçəkləşdikdən sonra tədbirlər haqqında fikirləşməyə başlayan daim uduzur. Erməni separatçıları monolit bir qüvvə olaraq, ümummilli bir platforma səviyyəsində düşünülmüş addımlar ataraq, Dağlıq Qarabağı Azərbaycandan təcrid etmək yolunda hər gün yeni uğurlar qazanırdılar. Bunun müqabilində o dövrdə, təəssüf ki, heç bir qüvvə Azərbaycanda adekvat və konstruktiv addımlar atmağa qadir olmadı. Faciənin köklərini məhz burada axtarmaq lazımdır.
O dövrdəki Azərbaycan rəhbərliyi sadə bir həqiqəti nəzərə almırdı ki, dünyanın siyasi mənzərəsi böyük sürətlə dəyişməkdə idi. Yeni coğrafi-siyasi vəziyyət yeni strategiyaların formalaşmasını tələb edirdi və günün bu tələblərinə Azərbaycan, təəssüf ki, cavab verə bilmədi. Yenidənqurmanı dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Azərbaycan xalq cəbhəsi hərəkatı qısa bir müddətdə özünü Azərbaycan ziyalılarının əsas kütləsindən təcrid etdi, dərin elmi təhlil və siyasi proqnozlar əsasında ümummilli platforma yaratmaq əvəzinə, populist çıxışlara və meydan əhval-ruhiyyəsinə üstünlük verdi. Nəticədə, Kommunist Partiyası-xalq cəbhəsi xətti üzrə formalaşmış qarşıdurma hakimiyyət uğrunda mübarizə müstəvisinə yönəldildi. Dağlıq Qarabağda böyük məharətlə hazırlanmış hiyləgər planların gerçəkləşdiyi bir vaxtda özlərini böyük siyasətçi sayan bu şəxslər səriştəsiz hərəkətləri ilə vətəndaşlarımızı bu oyunun qurbanlarına çevirdilər. Əfsuslar olsun ki, xalq adından çıxış edən bu insanlar öz şəxsi maraqlarını, öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini ümummilli mənafelərdən üstün tutdular.
Məhz bu baxımdan bu gün də biz bu ağılsız siyasətin nəticələrini aradan qaldıra bilmirik. Əgər Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durursa, digər qütbündə – nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır – bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur. Məhz onlar bu gün tarixi təhrif edərək, Dağlıq Qarabağ qarşıdurmasını, Azərbaycan xalqının Dağlıq Qarabağ məsələsində Moskvanın tutduğu ədalətsiz mövqeyinə kəskin etiraz aksiyalarını öz şəxsi nailiyyətləri kimi qələmə verməyə başlayırlar. Bu gün həmin şəxslər o dövrdəki səhvlərinə bəraət qazandırmaq istərkən müxtəlif bəhanələr gətirirlər.
Amma yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara, bütün bu təqiblərə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi. Əgər bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi azadlıq meydanına toplayan milli qürur, milli oyanış, milli dirçəliş hislərindən konstruktiv şəkildə istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq. Xalq çox tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hisləri siyasi alverə, siyasi rəqabətə, kiminsə ucuz siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir. Bu ağır mənəvi sarsıntıdan, bu acı həqiqətin yaratdığı psixoloji zərbədən bir çox vətəndaşlarımız bu gün də özlərinə gələ bilmirlər.
Respublikanın Ali Sovetində etdiyim sonrakı çıxışlarımda da bir neçə dəfə təklif etdim ki, gəlin bir daha ictimai-siyasi durumu təhlil edək. Mənə isə cavab verirdilər ki, Dağlıq Qarabağ heç vaxt indiki qədər bizim olmayıbdır. Həqiqət isə ondan ibarət idi ki, vaxtilə Sovet İttifaqının rəhbərlərindən biri olduğuma görə, öz siyasi təcrübəmə əsaslanaraq yaxşı anlayırdım ki, mənim xalqımı uçuruma, fəlakətə aparırlar.
1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycan xalqı tərəfindən elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd kimi qəbul olundu. Lakin sərhədlərimizin toxunulmazlığı müxtəlifsəviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirilirdi.
Hələ 1988-ci ilin martında SSRİ rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək, əslində, Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılmasının təməlini qoydu. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq nazirlik və qurum-larına həvalə edildi. Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il tarixli qərarında isə qeyd olunurdu ki, mərkəzin həmin qərarı ilə həyata keçirilən tədbirlər “Muxtar vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, onun istər erməni və azərbaycanlı əhalisinin, istərsə də başqa millətlərinin iqtisadi və mənəvi tələbatının ödənilməsi üçün əlverişli şərait yaradır”.
Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi.
SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərdə belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. “Mənfi azərbaycanlı obrazı” yaratmaq həmin kampaniyanın əsas məqsədi idi. Bu, 1988-ci ildə Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi hesab edilə bilər. Ermənistanda yaşayan azərbaycanlıların misligörünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilmələri zamanı neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri Dağlıq Qarabağ probleminə olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan xalqının böyük faciəsi tam sükutla müşayiət olundu. Azərbaycan rəhbərliyinin bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsl cinayət idi.
Ermənistan SSR Ali Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən “cəsarətlənərək” 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990-cı il yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qara-bağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında” fərmanı ilə, əslində, azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq ümidlərinə son qoyuldu. Fərmanın başlığından göründüyü kimi, muxtar vilayətin və “bəzi digər rayonların” kimə mənsub olması məsələsi də artıq sual altına qoyulurdu.
Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, bəlkə də, rəhbər mövqelərini qoruyub saxlamaq üçün mərkəzlə sövdələşərək xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirir. Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı.
SSRİ rəhbərliyi də respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən Bakını zəbt etməsi xüsusi qəddarlıq və misligörünməmiş vəhşiliklərlə müşayiət edildi.
Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təca-vüzü və cinayəti idi.
Törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərmişdir. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdir.
20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdir. Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı.
Hələ Azərbaycanda Sovet hakimiyyəti dövründə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlüklə və ya qismən məhv edilmişdi.
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
Yalnız 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmişdir.
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
SSRİ-nin süqutundan bir neçə il əvvəl başlayan və tarixə “Suverenliklər paradı” adı ilə düşmüş prosesin bünövrəsini hələ 1988-ci il noyabr ayında Estoniya qoydu. “Suverenlik haqqında” qəbul edilmiş bəyannamə respublika ərazisində Estoniya qanunlarının ittifaq qanunları üzərində aliliyini elan etdi.
1990-cı il mart ayında Litva Ali Soveti Litva dövlətinin müstəqilliyinin bərpa olunduğunu bəyan etdi. 1990-cı il iyunun 12-də Rusiya Federasiyasının xalq deputatlarının birinci qurultayı “Rusiyanın dövlət suverenliyi haqqında” bəyannaməni təsdiq etdikdən sonra, iyul ayında Moldovanın Ali Soveti “Suverenliyin prinsipləri haqqında” bəyannamə qəbul etdi. Belarusun Ali Soveti 1990-cı ilin iyul ayında dövlət suverenliyi haqqında bəyannamə ilə çıxış etdi. Elə həmin ildə Qazaxıstan, Tacikistan, Qırğızıstan da öz suverenliklərini elan etdi.
Beləliklə, 1990-cı il ərzində bir neçə respublika öz suverenliyi haqqında bəyannamə qəbul etsə də, Azərbaycan hələ də fövqəladə vəziyyət şəraitində yaşayırdı, Bakının küçələrində isə əlitüfəngli sovet əsgərləri öz əməlləri ilə insan hüquqlarının pozulmasını adi bir hadisəyə çevirməkdə idilər.
SSRİ-nin dağılmasının qarşısında öz acizliyini dərk edən Sovet hakimiyyəti 1991-ci il martın 17-də ümumittifaq referendumu keçirdi. Rəsmi elan olunmuş nəticələrə görə, referendumda əhalinin 80 faizi iştirak etdi və guya onların 76 faizi ittifaqın saxlanmasına səs verdi. Azərbaycanda da bu referendumun nəticələri kobud surətdə saxtalaşdırıldı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli strukturlarının zorla keçirdikləri bu referendumda o zaman yalnız Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Bu da, öz növbəsində, muxtar respublika rəhbərliyinə ağır başa gəldi, Ali Məclisin o zamankı sədri işdən azad edildi, onun yerinə isə Vilayət Partiya Komitəsinin yenicə seçilmiş katibi qeyri-qanuni şəkildə təyin olundu.
(Ardı qəzetin növbəti sayında)