Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda açıq dərs keçilib.
Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirak etdiyi açıq dərsdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Universitetin Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda mühazirə oxuyub.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev bütün fəaliyyəti boyu xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan bütün tədbirləri uzaqgörənliklə həyata keçirib.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub, bütün sahələrdə uğurlu islahatlara başlanılıb. Açıq dərsdə Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada durduğu faktlarla tələbələrin diqqətinə çatdırılıb, milli dövlətçiliyimizin memarı və qurucusu olan xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılmasının, elmi əsaslarla öyrənilməsinin və təbliğinin ən vacib məsələlərdən olduğu bildirilib.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Mina QASIMOVA