23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.
Hörmətli seçicilər!
Vətəndaşların və siyasi partiyaların qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı təşviqat aparmaq hüququ vardır.
Seçkiqabağı təşviqat vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətdir.
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Seçkiqabağı təşviqat aparmaq hüququna aşağıdakılar malikdirlər:
- bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
- bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar blokları.
Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:
- kütləvi informasiya vasitələri ilə;
- kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və sair) keçirilməsi yolu ilə;
- çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
- qanunla qadağan edilməyən digər üsullarla.
Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.
Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.
Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında Seçki Məcəlləsinin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
- öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;
- seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
* * *
Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
İctimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.
Seçki Məcəlləsinin 77.1 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.
Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.
Qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına müvafiq olaraq pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə yer ayıran teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada ayrılmış efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və bu qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra onların qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat verməlidirlər.
Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.
Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat aparmaq məqsədilə Seçki Məcəlləsinin 77.4-cü maddəsində nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.
Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Televiziya və radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələblər
Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq qadağan edilir.
Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının Seçki Məcəlləsinin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq qadağandır.
Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının təsis etdikləri dövri nəşrlər təsisçilərin rəsmi materiallarının, məlumatlarının, normativ və digər aktlarının rəsmi dərc edilməsi məqsədi daşıyırsa, onların redaksiyaları seçkiqabağı təşviqat materiallarını və digər materialları dərc edə bilməzlər.
Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.
Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.
Seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait hesabına müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar.
Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramında yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.
Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
- təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
- göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
- malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
- əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
- seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası