23 Dekabr 2024, Bazar ertəsi

Dünən AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 63-cü məşğələsi keçirilib. Tədbiri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açıb.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin ilk dövrü Naxçıvandan başlasa da, onun siyasi fəaliyyəti daha çox Bakı və Moskva ilə bağlı olub. Lakin bu zirvələrə aparan yol Naxçıvandan başlayıb, bu böyük Azərbaycanlı həyatının ilk illərini burada keçirib, ilk təhsilini Naxçıvanda alıb. Ümummilli lider Heydər Əliyev özü bu torpağın qeyri-adiliyindən, əsrarəngiz təbiətindən, dağlarından, insanlarından, kəskin kontinental iqlimindən dəfələrlə bəhs edib və həyatında Naxçıvanın önəmli rol oynadığını xatırlayıb.

Qeyd olunub ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə seçilməsi ölkəmizdə çox mühüm dəyişikliklərə səbəb oldu. Ölkəmizin hərtərəfli inkişafına böyük əhəmiyyət verən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bütün bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına son dərəcə həssaslıqla, diqqət və qayğıyla yanaşır, bütün sahələrdə ciddi, davamlı dirçəlişə, kompleks inkişafa nail olurdu. İndi Naxçıvan Muxtar Respublikasının hər bir bölgəsində, hər bir guşəsində o dövrün nişanələrinə rast gəlmək olar. Həmin illərdə Naxçıvana dönə-dönə səfərlər edən, bir sıra yubiley tədbirlərində iştirak edən ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının, onun rayonlarının, qəsəbə və kəndlərinin abadlaşdırılması, yeni infrastrukturların yaradılması, bir sözlə, Naxçıvanın hərtərəfli inkişafı üçün icra orqanlarına lazımi tapşırıqlar verirdi.
Ulu öndər Heydər Əliyevin Naxçıvanla bağlı fəaliyyətinin ikinci dövrünün ötən əsrin 90-cı illərinə təsadüf etdiyini qeyd edən məruzəçi xatırladıb ki, ən yeni tariximizin həmin çətin dövrlərində böyük şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı, ümumilikdə isə ölkəmizi bəlalardan xilas etdi. 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində muxtar respublikada Azərbaycanın milli dövlətçilik atributları bərpa olundu, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması üçün mühüm tarixi addımlar atıldı. Dövlət strukturlarının möhkəmləndirilməsi, habelə hüquqi dövlət quruculuğu və bazar iqtisadiyyatına keçidlə əlaqədar yeni struktur bölmə və təşkilatların yaradılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik siyasətçinin fəaliyyətinin Naxçıvan dövrü, eləcə də 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Məhz bu siyasi kursun uğurlu davamının nəticəsidir ki, muxtar respublikamız özünün intibah dövrünü yaşayır.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR