23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

Ulu öndər Heydər Əliyеv: SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan təhlil göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi. 


 (Əvvəli qəzetin ötən sayında)

Bütün bunlar nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə əsas vermiş, 70-ci illər ərzində, 80-ci illərin ortalarına qədər respublikanın sənaye istehsalını yüksək artım templəri ilə təmin etmişdi. Bircə faktı qeyd etmək kifayətdir ki, doqquzuncu və onuncu beşilliklər ərzində 1945-ci ildən 1970-ci ilə qədər dövrdəkinə nisbətən daha çox məhsul istehsal olunmuşdu.

On birinci beşillikdə sənaye məhsulunun ümumi həcmi 58,5 milyard rubla çatmışdı, bu isə səkkizinci və doqquzuncu beşilliklərin nəticələrini müvafiq olaraq, təqribən, 3,2 və 2,1 dəfə üstələyirdi. 15 il ərzində sənayenin ümumi məhsul həcmi ümumilikdə götürəndə 1921-ci ildən 1970-ci ilə qədərki bütün dövr ərzində buraxılmış məhsuldan ikiqat çox olmuşdu. Respublika iqtisadiyyatının 70-80-ci illərdə əldə etdiyi uğurların miqyasını əyani surətdə təsəvvür etmək üçün qeyd etməliyik ki, bu göstəricinin hər bir faizi mütləq həcmin artmasına dəlalət edir. Əgər doqquzuncu beşillikdə sənaye məhsulunun bir faiz artmasının qiyməti 45 milyon rubla bərabər tutulurdusa, on birinci beş­illikdə bu rəqəm, təqribən, 100 milyon rubl edirdi ki, bu da səkkizinci beşilliyin müvafiq göstəricisindən 3,3 dəfə artıq idi. 15 ildə sənayenin əsas fondlarının 69 faizi yeniləşdirilmişdi ki, bu da respublikanın milli varidatının çox mühüm hissəsini təşkil edirdi. Sənaye məhsuldar personalın fondlarla təchizatı 1980-ci ildə 1970-ci illə müqayisədə 10 ildə 1,4 dəfə, on birinci beşillikdə isə daha 1,3 dəfə artmışdı.
Azərbaycan sənayesinin inkişafında müəyyənedici amillərdən biri də elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq edilməsi olmuşdur. 1971-1985-ci illər ərzində 581 adda yenitipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı; 1056 adda mühüm sənaye məhsulunun kütləvi buraxılışına başlanılmışdı; istehsalın texnoloji proseslərini idarə etmək üçün 94 avtomatlaşdırılmış sistem işə salınmışdı. 1985-ci ildə sənayedə 2519 mexanikləşdirilmiş axın xətti, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi fəaliyyət göstərirdi.
1982-ci ilin əvvəllərində sənayedə 73 elm-istehsal və istehsal birliyi yaradılmışdı ki, bunların da tərkibində 264 iri müəssisə vardı. Real məhsulun ümumi həcmində bunların payı 1969-cu ildəki 0,29 faizdən artaraq 26 faizə çatmışdı. Sənaye inkişafının, ilk növbədə, elmi-texniki tərəqqini müəyyən edən sahələrdə sürətləndirilməsi sənayenin ümumi məhsulunun xüsusi çəkisinin 1970-ci ildəki 22 faizdən 1980-ci ildə 24 faizə, 1985-ci ildə isə 28 faizə çatmasına səbəb olmuşdur.
Sənayenin texniki səviyyəsinin yüksəlməsi müəssisələrin işinin səmərəliliyini artırmağa, keyfiyyəti yaxşılaşdırmağa, hər məhsul vahidinə düşən maddi və əmək məsrəflərini azaltmağa imkan verirdi. Belə ki, 1985-ci ildə 1970-ci illə müqayisədə, ümumən, sənayedə əmək məhsuldarlığı 2,1 dəfə, mənfəət isə 3,2 dəfə yüksəlmişdi. Sənaye məhsullarının ümumi həcmində ən yüksək keyfiyyətli məhsulun xüsusi çəkisi 1980-ci ildə 13 faiz, 1985-ci ildə 17,2 faiz artmışdı (1970-ci ildəki 1,3 faizə qarşı); attestasiya edilmiş məhsulun ümumi həcmində bu göstərici 1980-ci ildə 30 faizə, 1985-ci ildə isə 46 faizə qədər qalxmışdı. Respublika müəssisələri tərəfindən buraxılan 451 adda məhsula dövlət keyfiyyət nişanı verilmişdi.
1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi, bunların da üçdə ikisi öz əmək fəaliyyətinə doqquzuncu, onuncu beşilliklərdə, həmçinin on birinci beşilliyin ilk iki ilində başlamışdı.
Bu illər ərzində Azərbaycanın paytaxtının görkəmi tamamilə dəyişmişdi. Burada müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, İmadəddin Nəsimiyə, Cəfər Cabbarlıya abidələr ucaldılmışdı. 14 ildə yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı, belə ki, bu dövrdə tikilmiş yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Elə hesab edin ki, respublikada yeni bir Bakı salınmışdı.
Bu rəqəmlərin arxasında Azərbaycan xalqının gərgin əməyi və misligörünməmiş səyləri durur. Tarixi baxımdan qısa bir dövrdə Azərbaycan öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək yüzlərlə iri zavod, fabrik, istehsalat sahələri yaratmışdı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Ölkə­mizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Bu illər ərzində milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Bu 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında məcmu məhsul da 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq, o cümlədən əmək məhsuldarlığı iki dəfədən artıq çoxalmışdı.
Həmin illər ərzində xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı.
Ancaq bu rəqəmlər, bu cansız göstəricilər nə qədər cəlbedici olsa da, Azərbaycan iqtisadiyyatında baş vermiş struktur, keyfiyyət dəyişiklikləri haqqında tam təəssürat doğura bilməz. Bu illərdə Azərbaycan üçün yeni olan bir neçə xalq təsərrüfatı sahəsinin əsası qoyulmuşdu.
Həmin dövrdə Azərbaycanda hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz çıxarılır, 2200 ton polad tökülür, 69 min metr boru, 4900 avtomobil təkəri, 2700 ton mineral gübrə, 968 məişət kondisioneri, 734 soyuducu istehsal olunur, 546 min metr parça toxunurdu.
Elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların istehsalı kimi yeni mütərəqqi sənaye sahələri Azərbaycana məhz həmin illərdə “ayaq açmışdı”. Bakı Məişət Kondisionerləri Zavodunun fəaliy-yətə başlaması respublikada elektrotexnika kimi perspektivli bir sahənin inkişafına təkan vermiş, qısa müddətdə irəliləyiş əldə olunmuş, istehsalın həcmi bir yarım dəfə artırılmışdı.
Azərbaycanın qədim neft emalı sənayesi tarixində ilk dəfə bu dövrdə Bakı neft emalı müəssisələrinin irimiqyaslı yenidən qurulması həyata keçirilmiş, neftin ikiqat emalı üçün qurğu və avadanlıq quraşdırılmışdı.
Bu illərdə yüksək peşəkar səviyyəli kadrların hazırlığına da ciddi fikir verilirdi. Respublikanın ali məktəblər şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndirilmiş, ildırım sürəti ilə inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun bir tərzdə onların strukturu və maddi-texniki bazası da təkmilləşdirilmişdi.
70-ci illərdə Azərbaycanın elektrik enerjisi ilə təmin olunması üçün çox səylər göstərilmişdi. Bu gün iftixar hissi ilə demək olar ki, bu mühüm sahədə respublikamız heç bir ölkədən asılı olmayan geniş elektrik enerjisi müəssisələri sisteminin yaradılmasına nail olmuşdu. Energetika sahəsində Azərbaycanda görülən işlər sayəsində beş min meqavatt elektrik enerjisi istehsal gücünə malik energetika sistemi yaradılmışdır. Biz o dövrdə ittifaq hökumətindən böyük vəsaitlər alıb Mingəçevirdə hər birinin gücü üç yüz meqavatt olan 8 böyük enerji bloku yaratdıq. Kür Su Elektrik Stansiyası inşa edildi. Yenikənd Su Elektrik Stansiyasının tikilməsi üçün 1979-cu ildə qərar qəbul olundu, lakin məlum səbəblərə görə sonrakı illərdə bu iş yarımçıq qaldı. Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra imkan tapıb yenidən bu məsələyə qayıtdıq və 1994-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankından güzəştli kredit alıb Yeni­kənd Su Elektrik Stansiyasının tikintisini davam etdirdik.
Həyatımızın bütün sahələrində belə əsaslı dönüş yaratmaq üçün, ilk növbədə, yüksək ixtisaslı kadrlara ehtiyac duyulurdu. Azərbaycanın daxilində hazırlanan ali təhsilli mütəxəssislərlə yanaşı, bu ehtiyacı ödəmək üçün Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmişdi. Hər il ali təhsil almaqdan ötrü respublikadan kənara 800-dən artıq tələbə göndərilməsi artıq yaxşı bir ənənə şəklini almışdı. Gənc və yeniyetmə azərbaycanlı oğlanların ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirilirdi. Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün qüdrətli kadr potensialının formalaşmasına böyük təsir göstərmişdir.
SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan təhlil göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi. Bizim bəzi alimlərimiz sübut etməyə çalışırdılar ki, guya SSRİ-siz Azərbaycan bir gün də dolana bilməz. Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı.
1920-1991-ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın yaranmasının bünövrəsi XIX əsrdə qoyulsa da, məhz bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası formalaşmış, qadınların hüquqlarının qorunması və sosial-iqtisadi həyatda fəal iştirakı təmin olunmuş, onlarca teatr açılmış, kino sənəti inkişaf etmiş, minlərlə qəzet və jurnal çap olunmağa başlamışdı.
Təəssüflər olsun ki, həmin dövrdə yaradılmış o böyük potensial hərc-mərclik illərində dağıntılara məruz qaldı. Azərbaycanın düçar olduğu Dağlıq Qarabağ faciəsi vəziyyəti daha da ağırlaşdırdı.

(Ardı qəzetin növbəti sayında)

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR