Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
(Əvvəli qəzetin ötən sayında)
Üçüncü mərhələ 1920-ci ilin aprelindən başlanır. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da, o, öz müstəqilliyini saxlamış, aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdı. Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri, o cümlədən Rusiya konsulluğu da fəaliyyət göstərirdi. Azərbaycanın bu dövrdə yürütdüyü uğurlu siyasətin təzahürlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində aparılan işlər, Moskva və Qars müqavilələri, Genuya konfransı sayıla bilər. 1920-ci ildə Bakıda Şərq xalq-larının birinci qurultayı keçirildi.
Bolşeviklər Şərq ölkələrinin yeni inqilabi dəyişikliklərə can atmaq arzusunda olmadıqlarını gördükdən sonra öz siyasi məqsədləri naminə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyasından əl çəkdilər. 1921-ci ildə Zaqafqaziya Federasiyasının yaradılması artıq müstəqilliyin itirilməsi yolunda atılan ilk addım oldu. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, bir sıra dövlətçilik atributlarını, o cümlədən bayraq, gerb, himn və Konstitusiyasını qoruyub saxlama-sına baxmayaraq, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirmişdi.
1922-1991-ci illər Azərbaycanda Sovet hakimiyyətinin qurulması və 70 il ərzində Azərbaycanın Sovet hakimiyyəti, sovet dövləti çərçivəsində yaşaması dövrünü əhatə edir. Bu illərdə Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial yaranmışdır. Bu potensialı xarakterizə etmək üçün bəzi faktlara müraciət edək.
20-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri əmələ gəlmiş, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı dirçəldilmişdi. Azərbaycan ellikcə savadlanmış, orta ümumtəhsil məktəblərinin, xəstəxana və poliklinikaların, ali və orta ixtisas məktəblərinin, elmi-tədqiqat və mədəni-maarif müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi.
1937-ci ildə Azərbaycan SSR özünün Konstitusiyasını qəbul edir və mədəni inqilab adı altında geniş maariflənmə proqramlarını həyata keçirir. Təhsildə islahatlar gerçəkləşdirilir. Artıq İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanın dörd mindən çox ibtidai məktəbi, 16 ali məktəbi var idi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. Azərbaycanda teatr şəbəkəsi formalaşdı. Artıq 1940-cı ildə ölkədə 18 teatr fəaliyyət göstərirdi. 1937-ci ildə Üzeyir Hacıbəyovun yaratdığı “Koroğlu” operası Azərbaycan mədəniyyətində böyük bir hadisəyə çevrildi. Bütün bu uğurlarla yanaşı, 1937-1938-ci illərin repressiyaları Azərbaycan elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Repressiya illərində 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir və Qazaxıstana sürgün edilmişdi. Hüseyn Cavid, Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz kimi böyük şəxsiyyətlər məhv edilmişdi.
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. İtaliyada və Almaniyada meydana çıxmış faşizm hərəkatı təkcə həmin ölkələrin xalqlarının deyil, bütün bəşəriyyətin həyatını böyük təhlükəyə məruz qoydu. Faşizm ideologiyası qısa müddət ərzində bir çox ölkələrin iqtisadi imkanlarından istifadə etməklə real dağıdıcı qüvvəyə çevrildi, dünya “olum, ya ölüm” dilemması qarşısında qaldı. XX əsrin ən mühüm dərslərindən biri də o oldu ki, dünya dövlətləri öz aralarındakı siyasi, ideoloji, iqtisadi fərqlərə baxmayaraq, bu ümumi təhlükə qarşısında kollektiv səylər göstərilməsinin zərurətini dərk edə bildilər. Beləliklə də, dünya xalqlarının güclü antifaşist birliyi yarandı. Yalnız bunun sayəsində, antifaşist qüvvələrin fədakarlığı nəticəsində bəşəriyyəti bu böyük təhlükədən, ağır faciədən xilas etmək mümkün oldu. Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında – faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də “arxa cəbhə”də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Azərbaycandan 130-a qədər adam Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər azərbaycanlı döyüşçü isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görüldü. 170 mindən çox azərbaycanlı əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şanlı tarixinə yeni səhifələr yazdılar.
Respublikada iqtisadiyyatın hərbi qaydada yenidən qurulması sahəsində böyük işlər görüldü. Yüngül toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi. Qısa müddət ərzində Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı, Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlandı. Elə 1941-ci ildə neftçilərimizin fədakar və gərgin səyləri nəticəsində Azərbaycanın bütün tarixində ən böyük həcmdə – 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılmış neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verdilər. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri olmuşdur. Müharibənin ağırlığının böyük bir hissəsini öz üzərinə götürmüş sovet ordusunun dənizdə, quruda və havada düşmən üzərində üstünlük qazanmasında Bakı nefti misilsiz rol oynamışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərindən çıxarılaraq Bakının neft emalı zavodlarında istehsal olunmuş benzinlə işləyirdi.
İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır.
Müharibədən sonrakı illərdə respublikamız iqtisadiyyat və mədəniyyətin yeni yüksəliş mərhələsinə qədəm qoydu. Artıq 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni ötmüş, 1960-cı ildə isə 40-cı ildəki səviyyəni 2,8 dəfə üstələyən məhsul buraxılışına nail olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu bu illərdə 2 dəfə, dəmiryol nəqliyyatının yükdaşımaları 2,9 dəfə, bütün maliyyələşdirmə mənbələri üzrə kapital qoyuluşu 3,8 dəfə artmışdı. Bu illərdə ağır sənayenin neft emalı, kimya və neft kimyası, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi yeni sahələri əmələ gəlmişdi. Energetika və su təsərrüfatı tikintiləri genişlənmiş, kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənmişdi. Azərbaycan əməkçiləri Rusiya Federasiyasının, eləcə də SSRİ-nin digər respublikalarının iqtisadiyyatının bərpa olunması və inkişafı işində fəal iştirak edirdilər. Respublikanın alim və mütəxəssisləri Cənubi Qafqaz, Tatarıstan və Başqırdıstanda, Qərbi Sibirin Tümen vilayətində yeni iri neft yataqlarının kəşf olunmasına və istismarına əvəzsiz töhfələr vermişdilər.
Müharibədən sonrakı beşilliklər ərzində sovet Azərbaycanının keçdiyi tarixi yolun əhəmiyyətini azaltmadan onu da qeyd etmək vacibdir ki, 60-cı illərdə respublika iqtisadiyyatının inkişafında mənfi meyillər də özünü göstərməyə başlamışdı. Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. İqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədə, əməkçilərin maddi rifah halının yaxşılaşmasındakı problemlərin həllinə mənfi təsir göstərirdi.
Bir sıra obyektiv və subyektiv səbəblərdən Azərbaycanın sosial-iqtisadi cəhətdən uzun müddət geridə qalması müşahidə olunurdu.
1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3,6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan Respublikası milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Sənayedə bütün istehsalın ən mühüm səmərəlilik və yekun göstəricisi olan əmək məhsuldarlığı ümumittifaq miqyaslı inkişaf templərindən 1,5 dəfə geri qalırdı.
Əsaslı tikinti sahəsində ciddi çatışmazlıqlara yol verilmişdi. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin istismara verilməsi üzrə tapşırıqlar müntəzəm olaraq pozulurdu. Bütövlükdə, 60-cı illərdə əsas fondlar 1 milyard rubla qədər kəsirdə qalmışdı ki, bu da 1969-cu ilin başlanğıcında respublikanın bütün əsas fondlarının 10 faizini təşkil edirdi. Sənaye sahələrinin və sosial sferanın potensialının gücləndirilməsi işində əldən verilmiş imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəbləri idi.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi fasilələrlə işləyir, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri pisləşirdi.
Nəqliyyat kompleksində dəmiryol vaqonlarının normadan artıq boşdayanmaları, gəmilərin yüklənmə-yükboşaltma işində ləngimə çoxalmış, hərəkət heyətlərinin sürəti azalmış, onların yükdaşıma qabiliyyətindən tam istifadə olunmamışdı. Sərnişin nəqliyyatının işində də boşdayanmalar artmışdı ki, bu, əhalinin, xüsusən Bakı şəhərində haqlı şikayətinə səbəb olurdu.
Kənd təsərrüfatında meliorasiya və dəmyə torpaqların suvarılması işində nöqsanlar var idi, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi aşağı səviyyədə idi. Aqrotexniki qaydaların pozulması üzündən taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi.
İstehsal qüvvələrinin yerləşdirilməsi işində kobud yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti, bir qayda olaraq, Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axışmasına səbəb olur və burada yaşayış evləri və sosial obyektlərlə əlaqədar artıq mövcud olan çətinlikləri daha da ağırlaşdırırdı.
Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi.
1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. SSRİ hökuməti Azərbaycanla əlaqədar respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün, həqiqətən, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi.
Qəbul olunmuş proqramın həlli yolunda böyük iş aparmağa başlayan fəhlə və kolxozçular, respublika ziyalıları iqtisadiyyat və mədəniyyətin bütün sahələrində xalqın maddi və mənəvi baxımdan artan tələbatlarının təmin olunması işində çox yüksək nəticələr əldə etmişlər. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq doq-quzuncu və onuncu beşilliklər üçün xalq təsərrüfatının inkişaf planları vaxtından əvvəl yerinə yetirilmişdi.
Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
Sənaye və kənd təsərrüfatı məhsullarının dinamik artan istehsalı, öhdəliklərin vaxtından qabaq və artıqlaması ilə yerinə yetirilməsi, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəricilərinin yüksəlməsi 70-80-ci illərdə Azərbaycanın inkişafının nə qədər dinamik olduğunu əks etdirirdi. Ümumittifaq əmək bölgüsündə respublikanın payı, həmçinin Sovet İttifaqının xarici iqtisadi əlaqələrində onun iştirakı əhəmiyyətli dərəcədə artmışdı.
1985-ci ildə sənayedə əmək məhsuldarlığı 1970-ci illə müqayisədə 2,1 dəfə, kənd təsərrüfatında 1,8 dəfə artmışdı. Ümumittifaq göstəriciləri müvafiq olaraq, 15 və 27 faiz idi. Xalq təsərrüfatında mənfəət, bütövlükdə, 335 faiz artmışdı. Halbuki orta ümumittifaq göstəricilərinə görə, əhalinin hər nəfərinə düşən gəlir cəmi 164 faiz artmışdı.
Respublikanın ən kəskin problemlərindən biri də əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi idi. Bu sahədə də böyük dəyişikliklər baş vermişdi. Orta və kiçik şəhərlərdə, kənd yerlərində əlavə iş yerləri yaradılması hesabına fəhlə, qulluqçu və kolxozçuların orta illik sayı 813 min nəfər, yaxud 1,5 dəfə artmış və 1985-ci ildə 2360 min nəfərə çatmışdı.
Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlanmışdı. Bu istiqamətlər sənayenin qabaqcıl və mütərəqqi sahələrinin, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma prosesləri ilə eyni vaxtda neft və qaz hasil edən, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişlənməsini nəzərdə tuturdu.
Azərbaycanın təşəbbüsü ilə ümumittifaq səviyyədə qəbul olunmuş qərarlarla elmi-texniki tərəqqi əsasında respublikanın sənaye bazasının inkişaf etdirilməsində, sənayenin strukturunun təkmilləşdirilməsində, iri cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və avtomobil sənayesi müəssisələrinin yaradılmasında, fəaliyyətdə olan zavodların yenidən qurulmasında və genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Göstərilən qərar respublika ərazisində sənaye müəssisələrinin yerləşdirilməsi işinin köklü surətdə yaxşılaşdırılmasında böyük rol oynadı, şəhər və rayonların kompleks inkişafına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, xalqın rifah halının yaxşılaşmasına kömək göstərdi.
Qəbul olunmuş qərarda nəzərdə tutulan irimiqyaslı dəyişikliklərin həyata keçirilməsi bir çox müəssisələrin əmək kollektivlərindən, elmi- tədqiqat institutlarından, layihə-konstruktor və inşaat-quraşdırma təşkilatlarından, sahə nazirliklərindən və baş idarələrindən böyük yaradıcı səylər tələb edirdi. İttifaq büdcəsindən kapital qoyuluşları ilə təmin olunmaq, xaricdən texnoloji avadanlıqlar alınması üçün valyuta vəsaitlərinin ayrılması, obyektlərin maddi-texniki təchizatına nail olmaqdan ötrü onların mühüm ümumittifaq tikintilərinin siyahısına daxil edilməsi, kadr hazırlığı və bir çox digər olduqca mühüm məsələlər öz həllini tapırdı.
(Ardı qəzetin növbəti sayında)