23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzüblər, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər. Məktəbin akt zalında “Heydər Əliyev və Naxçıvan” mövzusunda keçirilən lektoriyanı giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, hər bir dövləti qüdrətli edən, adını şöhrətləndirən, yüksəklərə qaldıran, nüfuzunu artıran amillərdən ən aparıcısı ona rəhbərlik edən siyasi rəhbərdir. Yalnız ölkə başçısının ölkəni idarəetmə bacarığı, təcrübəsi, eyni zamanda şəxsi nüfuzu ölkənin tanınmasına, beynəlxalq aləmdə dayanıqlı yer tutmasına böyük təsir göstərir. XX əsrin 60-cı illərindən başlayaraq müəyyən fasilələrlə Azərbaycan dövlətinə rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev belə siyasi rəhbərlərin fövqündə dayanan görkəm­li dövlət xadimidir.

Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın qədim və zəngin tarixinin dərindən və hərtərəfli öyrənilməsi, araşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirib. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də ata-baba ocağı olan Naxçıvanın tarixinin öyrənilməsi olub. Naxçıvanın çoxəsrlik tarixini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev bu qədim bölgənin tarixinin hərtərəfli və dərindən öyrənilməsini tövsiyə edərək deyirdi: “Azərbaycanın bir hissəsi olan Naxçıvanın tarixi ilə əlaqədar gərək çox fundamental əsərlər yaradaq, bu əsərlərlə də təkcə iddiaçılara cavab vermək yox, bütün dünyaya Azərbaycanın qədim, zəngin tarixini, mədəniyyətini göstərək”.
Qeyd olunub ki, əbədiyaşar lider Heydər Əliyev siyasi fəaliyyətinin istər birinci, istərsə də ikinci mərhələsində Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atıb, konkret tədbirlər həyata keçirib. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyinin qeyd edilməsi muxtar respublika üçün böyük bir tarixi bayram idi. Yubiley tədbirlərində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib, tarixi nitq söyləyib.
Məruzəçi bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” ulu öndər Heydər Əliyevin 4 fevral 1999-cu il tarixli Fərmanı qədim diyarın tarixinin öyrənilməsi və təbliği istiqamətində böyük tarixi və siyasi əhəmiyyətli hadisə idi. Ümummilli lider Heydər Əliyevin sonrakı dövrlərdə Naxçıvanın zəngin keçmişə malik tarixinin öyrənilməsi yönündə atdığı addımlar, eləcə də sonrakı dövrlərdə bu siyasi irsin uğurla davam etdirilməsi milli dövlətçilik tariximizin yeni səhifələrinin işıqlandırılmasına imkan verib, eyni zamanda bu qədim diyarın Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olduğunu sübuta yetirib.
Vurğulanıb ki, dahi şəxsiyyətin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikamızda nəinki tarix elminin, eləcə də bütün sahələrin inkişaf etdirilməsinə zəmin yaradıb. Bu il yaradılmasının 90 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikası məhz bu möhkəm təməllər əsasında özünün intibah dövrünü yaşayır.
Sonra məruzə ətrafında Heydər Əliyev adına tam orta məktəbin müəllimlərindən Rəfiqə Əhmədovanın və Şəfiqə Əhmədovanın çıxışları olub.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.

*   *  *

Naxçıvan Dövlət Texniki Kollecində də “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə kollecin direktor əvəzi Asəf Ruşanov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin adı müstəqil Azərbaycanın xilaskarı kimi tariximizə qızıl hərflərlə yazılıb. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, Azərbaycançılıq ideyası uğrunda xidmətlərini davam etdirib, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını ittiham edib. Bu kəskin bəyanatdan sonra ulu öndər Heydər Əliyevin Moskvada yaşaması mümkün olmayıb və həmin il iyulun 20-də Bakıya gəlib. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra müdrik rəhbər doğma Naxçıvana qayıdıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı, eləcə də bütün Azərbaycanı bəlalardan qurtarıb. Məhz həmin dövrdə dahi şəxsiyyətin uzaqgörən siyasi fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub. Hansı ki bu tarixi qərarlar sonra Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında əsas amillərdən olub. Eyni zamanda həmin dövrdə Naxçıvanda müstəqil Azərbaycan dövlətinin gələcək ictimai-siyasi həyatında böyük rol oynayacaq Yeni Azərbaycan Partiyası yaradılıb.
Azərbaycanın dövlətçilik ənənələrinin əsasının Naxçıvanda qoyulduğunu qeyd edən məruzəçi vurğulayıb ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin ən yeni tarixində misilsiz bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış müstəqilliyimizin qorunmasına, torpaqlarımızın işğalına son verilməsinə, ölkədə əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunmasına zəmin yaradıb. Tarix üçün çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında layiqli yerini tutub. Məhz 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti ölkəmizi əsl tərəqqi yoluna çıxarıb, muxtar respublikamızı isə bu tərəqqinin önündə gedən regionlardan birinə çevirib.
Sonda “Heydər Əliyev və Naxçıvan” adlı film nümayiş etdirilib.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR