Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Ulu öndər Heydər Əliyеv: Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.
(Əvvəli qəzetin ötən sayında)
2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur.
Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.
Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir.
Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813-1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. Bu gün tam qətiyyətlə demək olar ki, bütün dünyaya səpələnmiş azərbaycanlılar müstəqil Azərbaycan Respublikasını öz Vətəni sayır, onu milli dövlətçiliyin, milli ruhun, milli dəyərlərin, milli mənəviyyatın və mədəniyyətin məbədi kimi yüksək qiymətləndirirlər. Bu, XX əsrdə təşəkkül tapmış Azərbaycançılıq ideyalarının böyük vüsət almasının məntiqi nəticəsidir.
XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcı fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi.
1872-ci ildə çar hökumətinin sərəncamı ilə intizam sistemi ləğv olunduqdan sonra neft sənayesinin inkişafı üçün yollar açıldı. Bundan sonra Bakıya güclü xarici kapital axını başlandı. 1883-cü ildə Zaqafqaziya dəmir yolu çəkildikdən sonra Rusiya və digər Avropa ölkələri ilə əmtəə mübadiləsi gücləndi. Bakı yerli və xarici sərmayə hesabına sürətlə kapitalistləşdirildi. 1896-1906-cı illərdə Bakı-Batumi neft kəmərinin çəkilməsi xüsusilə əlamətdar bir hadisə oldu. Bundan sonra Bakı nefti dəniz və dəmir yolu ilə Rusiya və dünya bazarlarına çıxarıldı. Bakının bir tərəfdən Şimali Qafqaz və Rusiya ilə, o biri tərəfdən Tiflis və Qara dəniz sahilləri ilə kommunikasiya yaratması onun dünya əmtə tədavülünə cəlb olunmasını sürətləndirdi. Məhz Bakı nefti sayəsində Rusiya neft hasilatına görə dünyada birinci yerə çıxdı. XIX əsrin sonu, XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərmişdir. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi etmişdir.
İqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yenitipli şəhər və qəza məktəbləri açıldı. Qori Müəllimlər Seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər. Artıq yeni üsullu təhsil metodunun mütərəqqiliyini başa düşənlər “Üsuli-cədid” məktəblərini açmağa çalışırdılar. Şamaxıda Seyid Əzim Şirvani, Şuşada Mir Möhsün Nəvvab, Lənkəranda Mirzə İsmayıl Qasir, İrəvanda Mirzə Kazım Əsgərzadə ənənəvi təlim və tədrisdən əl çəkərək yeni üsulla dərs verirdilər. Bu məktəblərdə ənənəvi fənlərlə yanaşı, tarix, rus dili, coğrafiya və təbiət dərsləri də tədris edilirdi. 80-ci illərdən başlayaraq “Rus-tatar məktəbi” adı ilə tanınan dördillik ibtidai məktəblər açıldı. Yenitipli məktəblərin şəbəkəsi genişlənirdi. 1896-cı ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə yaradılan qızlar məktəbi Azər-baycan qadınlarının maariflənməsində müstəsna rol oynamışdır.
Maarifçilik hərəkatının genişlənməsi Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin sayının get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıqdan sonra Vətənə qayıdan ziyalılar Azərbaycanda maariflənmə meyillərini dəstəkləyən qüvvələri öz ətrafında birləşdirdilər, milli mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar.
Bakının inkişafı, əhalinin artması, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi milli mətbuatın yaranması ehtiyacını doğururdu. Bunu ilk dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi bu istiqamətdə məqsədyönlü iş aparırdı. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çıxdı və bununla, Azərbaycan mətbuatının bünövrəsi qoyuldu. Cəlil Məmmədquluzadənin təşəbbüsü və başçılığı ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı nəinki Azərbaycanın, hətta bütün Şərqin mətbuat tarixində özünəməxsus məktəbin əsasını qoydu. Bu, Azərbaycanda milli mətbuatın formalaşıb öz təbii inkişaf axarına düşməsindən xəbər verirdi.
Həmin dövrdə mədəniyyətin ən böyük nailiyyətlərindən biri də milli teatrın yaranmasıdır. Məlumdur ki, Mirzə Fətəli Axundovun komediyaları hələ əsrin 50-ci illərində Peterburq və Tiflisdə tamaşaya qoyulmuşdur. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə milli Azərbaycan teatrının əsasını qoydu. Bakıda azərbaycanlı tələbələrdən ibarət aktyor truppasının köməyi ilə Mirzə Fətəli Axundovun komediyaları səhnəyə qoyuldu. İlk tamaşa “Lənkəran xanının vəziri”, sonrakı isə “Hacı Qara” olmuşdur. Bakı tamaşasından sonra 70-ci illərin ikinci yarısında Quba və Şəkidə Azərbaycan dilində teatr tamaşaları təşkil edildi. Diqqətəlayiq cəhətdir ki, teatr tamaşalarının verilməsində Qori Müəllimlər Seminariyasının məzunları fəal rol oynamışlar. 1879-cu ildə Şəkidə Rəşid bəy Əfəndiyev, 1882-ci ildə Şuşada Yusif bəy Məlikhaqnəzərov, 1883-cü ildə Naxçıvanda Məhəmməd Tağı Sidqi teatr həvəskarlarının köməyi ilə Axundovun komediyalarından tamaşalar vermişlər.
XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan teatrının canlanma dövrü oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün Şərqdə opera sənətinin təməli qoyuldu. Müslüm Maqomayevin 1916-cı ildə yaratdığı “Şah İsmayıl” operası da Azərbaycan səhnəsində həmişəlik yer tutdu. Üzeyir Hacıbəyov həm bəstəkar, həm də dramaturq kimi 1909-1913-cü illərdə yazdığı musiqili komediyalarla Azərbaycan teatrına operetta janrını gətirdi.
O dövrdə Uilyam Şekspirin, Fridrix Şillerin, Nikolay Qoqolun, Lev Tolstoyun əsərləri azərbaycanca tamaşaya qoyulurdu ki, bu da Azərbaycan dramaturgiyasının inkişafına təsir göstərirdi. Təməli Mirzə Fətəli Axundovla qoyulan ədəbi məktəb Azərbaycan dramaturqlarının yaradıcılığında əsrin ən qüvvətli və qabaqcıl ədəbi hərəkatına çevrildi, ədəbiyyatda demokratik ideyalar getdikcə daha geniş yayılmağa başladı. Bu hərəkat XX əsr ədəbiyyat, mədəniyyət və siyasətinin nəhəng simalarının yetişməsi üçün zəmin yaratdı.
Yeni dövrün ədəbiyyatının formalaşmasında Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Cəlil Məm-mədquluzadənin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Əlibəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Əhməd Cavadın, Hüseyn Cavidin və başqalarının əvəzsiz xidmətləri var idi.
XX əsrə qədəm qoyan Azərbaycan artıq bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdi. Ən başlıcası isə Azərbaycanda müasir burjuaziya təbəqəsi formalaşıb ölkənin ictimai həyatında mühüm rol oynamağa başlamışdı. Bu dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdə göstərdiyi fəaliyyət milli dirçəliş, milli oyanış, milli ruhun aşılanması proseslərinə xidmət edirdi. Beləliklə, XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı. Bu dövrü XX əsr Azərbaycan tarixinin birinci mərhələsi adlandırmaq olar.
Azərbaycan üçün ikinci mərhələ çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür.
Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.
Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət Himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir.
(Ardı qəzetin növbəti sayında)