Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
Əvvəlcə Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov çıxış edərək Naxçıvan Muxtar Respublikasının tarixi barədə ətraflı məlumat vermişdir.
Bolqarıstanda səfərdə olan Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışmış, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin Sofiya şəhərində qeyd olunmasından məmnunluğunu bildirmişdir. Vüqar Səfərov Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, o cümlədən dünyada ən qədim və gözəl şəhərlərdən biri olan Naxçıvan şəhəri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Rəsmi qəbulda qonaqlara Naxçıvan mətbəxinin nümunələri təqdim edilmiş, muxtar respublika ilə bağlı film nümayiş olunmuşdur.
Sonda qonaqlara Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində nəşr olunmuş broşürlər, o cümlədən muxtar respublikaya aid digər nəşrlər və milli suvenirlər təqdim edilmişdir.
Tədbirdə Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin, özəl qurumların, siyasi partiyaların təmsilçiləri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.